Dmitri Peskovun “Rusiya ilə Türkiyə arasındakı əməkdaşlıq böyük potensiala malikdir” bəyanatı daha hansı reallıqları üzə çıxarır?
Son vaxtlar Rusiya və Türkiyə arasındakı münasibətlərin kifayət qədər etibarlılıq prinsiplərinə söykənməsi, eləcə də beynəlxalq siyasi baxış bucaqlarındakı müəyyən fikirlərininbir-birini tamamalaması daha çox müşahidə olunmaqdadır. Söz yox ki, belə bir mühitin mövcudluğu regiona da öz müsbət təsirlərini göstərir və həmin amil Rusiyada da yüksək qiymətləndirilməkdədir.
“Rusiya ilə Türkiyə arasındakı əməkdaşlıq böyük potensiala malikdir”. SİA xəbər verir ki, Rusiyanın nüfuzlu “İzvestiya” qəzeti Kreml rəsmisi Dmitri Peskovun fikirlərindən sitat gətirib. “Türkiyə bizim üçün dost ölkədir və o bizim üçün çox əhəmiyyətli partnyordur, özü də beynəlxalq siyasətdəki nöqteyi-nəzərdə olduğu kimi həm də ticari-iqtisadi əməkdaşlıq planında da belədir”, deyə Peskov bildirib.
Onun sözlərinə görə, Ankara anti-Rusiya sanksiyalarına qoşulmayıb və bununla suveren, müstəqil xarici siyasət apardığını nümayiş etdirib.Peskov əlavə edib ki, Rusiya və Türkiyə qarşılıqlı hörmət prinsiplərinə sadiq qalaraq əməkdaşlıqlarını davam etdirirlər.
Kiril Semyonov: “Bu, ilk növbədə iqtisadi-maliyyə əməkdaşlığı ilə bağlıdır ki, həmin amil bəzi Qərb ölkələrinin Moskvaya münasibətdə birtərəfli sanksiyalar tətbiq etməsindən sonra özünü göstərdi”
Mövzu ilə bağlı Rusiyanın beynəlxalq məsələlər şurasının eksperti Kiril Semyonov da diqqət çəkən fikirlərini önə sürüb. “Vestnik Kavkaza” portalına danışan Semyonova görə, həm Rusiya, həm də Türkiyə birgə əməkdaşlıqdan özlərinə səmərələr qazana bilirlər. SİTAT: “Bu, ilk növbədə iqtisadi-maliyyə əməkdaşlığı ilə bağlıdır ki, həmin amil bəzi Qərb ölkələrinin Moskvaya münasibətdə birtərəfli sanksiyalar tətbiq etməsindən sonra özünü göstərdi. Təbii ki, Türkiyə həmin sanksiyalardan yan keçməsi üçün öz resurslarını istifadə etməkdə maraqlıdır və onu da istisna etmir ki, buna görə əhəmiyyətli dərəcədə iqtisadi dividentlər əldə edir”.“Həmçinin, İtaliyadan və s. Avropa ölkələrindən çıxan və Türkiyə üzərindən Rusiyaya gedən ikinci ixracı da xatırlatmaq olar. Türkiyədən Rusiyaya ixrac da artıb ki, Ankara hər iki halda heç də az olmayan maliyyə gəlirləri qazanır. Rusiya öz növbəsində maraqlıdır ki, Türkiyə ticari hab (nəhəng) kimi qalmaqda davam etsin və Rusiyaya qarşı yönəlmiş Qərb sanksiyaları bu vasitə ilə kompensasiya olunsun...” Semyonov deyib.
Rusiyalı politoloq: “Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, dünya beşdən ibarət deyil və daha çoxdur, Rusiya da çoxqütblü dünya tərəfindən çıxış edir”
Rusiyalı politoloqun sözlərinə görə, Rusiya ilə Türkiyənin bir-birinə qarşı hörmət maraqları dünya düzənində Rusiya-Türkiyə baxışlarını reallaşdırır və eyni zamanda, birqütblü sistemi arxa plana keçirir. “Burada Moskva və Ankaranın dünya düzəninə özəl yanaşmaları önəm kəsb edir. Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, dünya beşdən (BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü) ibarət deyil və daha çoxdur, Rusiya da çoxqütblü dünya tərəfindən çıxış edir. Bu fonda əlbəttə ki, həm Rusiyanın, həm də Türkiyənin çoxqütblü yeni dünyadakı maraqları üst-üstə düşür və onların bir-birinə olan etibarları daha da artır”, deyə Rusiyanın beynəlxalq məsələlər şurasının eksperti hesab edir.
Rövşən RƏSULOV