PDF Oxu

Araşdırma

  • 5 013

Uşaq və yeniyetmələr sabahın qurucusu, yaradıcısıdır - TƏHLİL

image

Bu günün yeniyetməsi, körpəsi sabahın qurucusu, yaradıcısıdır. Hər bir ölkənin gələcək inkişafı məhz onlardan asılıdır. Odur ki, onların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün dövlətimiz tərəfindən tədbirlər görülür. Bu qayğı sağlam düşüncəli, sağlam ruhlu, sağlam vücudlu insanların yetişməsi ilə yanaşı, onların vətənə bağlı, vətən sevgili vətəndaş kimi böyüməsinə xidmət edir. Təbii ki, yetişən nəslin xalqa bağlı şəkildə böyümələri və formalaşmaları hər bir dövlət üçün prioritet məsələdir.Paytaxt Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının istifadəyə verilməsi məhz dövlətimiz tərəfindən uşaqlara olan qayğının nümunəsidir. Cari ilin sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Vurğulayaq ki, sanatoriyanın yeni binası Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən inşa olunub.1914-cü ildən fəaliyyət göstərən professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası sağlamlığına qovuşmaq istəyən şəxslərin istifadəsi üçün tam hazır vəziyyətə gətirilib. 300 çarpayılıq beşmərtəbəli sağlamlıq müəssisəsi müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, şüa-diaqnostika, poliklinika, fizioterapiya şöbələri fəaliyyət göstərir. Sanatoriyaya uşaqlar 6 yaşa qədər və 7-17 yaş qrupları üzrə qəbul edilir. Sanatoriyada stasionar şəraitdə müalicə alan uşaqların 11 illik təhsili təşkil olunacaq və beləliklə, onların təhsillərində fasilələr yaranmayacaq.

AZƏRBAYCAN VƏRƏMLƏ MÜBARİZƏ TƏDBİRLƏRİNİ YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL EDİLƏN ÖLKƏLƏRDƏNDİR
Bildiyimiz kimi, vərəm ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. Buna baxmayaraq, vərəm sağalan xəstəlik olduğundan onun aşkarlanması, müalicəsi və sağalması üçün əhalinin məlumatlılığının artırılması, qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səylər birləşdirilməlidir. Son illər vərəmin diaqnostika və müalicəsində səmərəliliyin artırılması statistikaya da müsbət təsirini göstərib, həm yoluxma, həm də ölüm hallarında azalma müşahidə edilməkdədir.
Azərbaycan vərəmlə mübarizə tədbirlərini ən yaxşı təşkil edilən ölkələrdən biridir. Ölkəmizdə də ictimai sağlamlığın əsas məsələlərindən olan vərəmlə mübarizədə dövlət proqramı və Milli Strategiya qəbul edilib, ixtisaslaşmış tibb müəssisələri tikilib, müasir yanaşma tətbiq olunub. Respublikamızda rəsmi qeydiyyata düşən vərəm xəstələrinin müayinəsi və müalicəsi tam dövlət hesabına həyata keçirilir.
GƏNC NƏSLİN SAĞLAMLIĞININ QORUNMASI MƏQSƏDİ İLƏ TİBBİ XİDMƏTİN KEYFİYYƏTİ YÜKSƏLDİLİR
Cəmiyyətimizin zərif və kövrək nümayəndələri olan uşaqların sağlamlığı üçün də bu gün ölkəmizdə hər cür şərait yaradılıb. Uşaqların qidalanmasının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi, uşaqların qidalanması ilə bağlı məqsədli dövlət proqramları hazırlanaraq həyata keçirilib. 2006-2010-cu illəri əhatə edən "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqrammı" çərçivəsində əhəmiyyətli islahatlar aparılıb. 2014-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Sərəncam da gənc nəslin sağlamlığının yüksək səviyyədə qorunmasına xidmət edir. Proqram çərçivəsində respublikamızda ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin kadr hazırlığının gücləndirilməsi, regionallaşdırma prinsipi əsasında perinatal yardım islahatlarının davam etdirilməsi, doğuşayardım tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, uşaqlara, o cümlədən yenidoğulmuşlara, körpələrə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəliliyi yaxşılaşdırılıb. Zəruri vəzifələrin həyata keçirilməsi davam etdirilir.
SAĞLAM VƏ LAYİQLİ VƏTƏNDAŞ YETİŞDİRİLİR
Əlbəttə ki, uşaqların sağlam, eləcə də layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləmək və bu sahədə dövlət orqanlarının, müəssisələrin və təşkilatların hüquq və vəzifələrini müəyyən etmək məqsədilə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Prezidentinin 2006-cı il martın 29-da təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" xüsusi əhəmiyyət kəsb edir. Proqramın məqsədi uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etmək və onların həmin müəssisələrə verilməsinə şərait yaradan amilləri aradan qaldırmaqdır.
İstedadlı uşaqların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 2006-cı ilin aprelində "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" təsdiq olunub.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən isə "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)" təsdiqlənib.
Həmin tədbirlərin davamlılığının təmin edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 10 dekabr Sərəncamı ilə təsdiq olunmuş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın da əhəmiyyətli rolu var. Bu Dövlət Proqramı uşaqlar arasında xəstələnmənin, habelə sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasında əhəmiyyətli rol oynayıb.Görülən işlərin davamı olaraq "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Qanununun tətbiqi haqqında Respublikası Prezidenti Fərmanını da qeyd etməliyik. Qanuna əsasən, uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların istehsalı, qablaşdırılması, etiketləşdirilməsi, saxlanması, daşınması və satış şərtləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan qaydalarına cavab verməlidir.
Qeyd edək ki, bu günə qədər ki, rəsmi dövlət sənədləri əsasında körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliği və müdafiəsinin başlıca istiqamətləri, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarətin təşkilati-hüquqi əsasları müəyyən edilib, bu sahədə yaranan münasibətlər tənzimlənib. Süni qida məhsullarına dövlət nəzarəti təşkil olunub, uşaqların ana südü ilə qidalanmasının müdafiəsi məqsədi ilə analara maddi, hüquqi, tibbi-sosial təminat verilib.Uşaqların sağlam həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının möhkəmləndirilməsi istiqamətində də ciddi addımlar atılır. Sevindirici haldır ki, ölkəmizdə son illər görülən genişmiqyası işlər sırasında ana və uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər mühüm yer tutur. Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışı da məhz uşaqların sağlamlığının müdafiəsində mühüm rol oynayır. Bu və ya digər tədbirlər uşaq və yeniyetmələrə olan dövlət qayğısının təzahürüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər