Siyasi partiyalar haqqında yeni qanun layihəsi - vəd edilənlər nələrdir?
Məlum olduğu kimi, Azərbaycan Milli Məclisi "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini müzakirəyə çıxarıb və həmin layihədə bir sıra təkliflər, ideyalar, eləcə də digər təşəbbüslər aktual olaraq siyasi gündəmi əhatə etməkdədir.Xatırladaq ki, siyasi partiyalar haqqında mövcud qanun 1992-ci ilin iyununda Azərbaycan Respublikası Ali Sovetinin sədri olduğu vaxtda qəbul edilib, sonrakı illərdə bu qanuna müəyyən dəyişikliklər edilib, əlavələr, yaxud ixtisarlar aparılıb. Eyni zamanda, yeni qanun layihəsi qəbul edilkdikdən, yaxud qüvvəyə mindikdən sonra köhnə qanun qüvvədən düşəcək.Beləliklə, bu faktor həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycanda qanunvericilik bazası daim təkmilləşdirilir. Bu, həm də göstərir ki, qanunvericilik hərəkətliliyi müasir siyasi-ictimai dövrün tələblərinin aparıcı tərkib hissələrindən biridir. Ötən dövr ərzində qanunvericilik prosesinə nəzər salsaq, bunu aydın şəkildə görərik. Hazırkı dövrdə müzakirəyə təqdim olunan növbəti layihə - “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi də həmin amilləri ehtiva etməkdədir.
Ölkə ictimaiyyətində siyasiləşmə mühitinin də artacağını ehtimal etmək olar
Qeyd edək ki, hazırkı qanun dörd fəsil və 22 maddədən ibarətdir. Yeni qanun layihəsində isə siyasi partiyalarla bağlı məsələlərin 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülüb. Bəs yeni qanun layihəsində hansı təkliflər və ideyalar irəli sürülb?Belə ki, qanun layihəsində, əsasən siyasi partiyaların yaradılması, qeydiyyata alınması və ləğvi qaydalarında dəyişikliklər, siyasi partiyanın fəaliyyətinə nəzarət təklif olunur. O cümlədən, layihədə siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması təklif olunur. Hazırda isə həmin tələb min nəfəri təşkil edir. Qeyd edək ki, həmin rəqəm 10 minə çatdırılarsa və partiyaların sayı çox olarsa ölkə ictimaiyyətində siyasiləşmə mühitinin də artacağını ehtimal etmək olar.Eyni zamanda, 2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatı ləğv ediləcək. Yəni yeni qanun layihəsində bu təklif də göstərilib. Mövcud qanunda isə partiyalar qarşısında belə bir öhdəlik mövcud deyildir. Həmçinin, layihədə partiyaların seçkini, yaxud seçkiləri davamlı halda boykot etmə hüquqları barədə hər hansı müddəa göstərilməyib.
Siyasi partiyalar necə və hansı üsullarla təsis ediləcək?
Hazırda mövcud olan qanuna görə, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq hüququna malikdir və təklif edilən yeni layihədə də bu müddəa saxlanır, amma bəzi düzəlişlərlə. Belə ki, siyasi partiya yaratmaq, təşkilat təsis etmək istəyən şəxs son 20 ildə Azərbaycanda daimi yaşamalı, bunu təsdiq edən sənədlərə sahib olmalıdır. Əlavə olaraq, siyasi partiya yaradılarkən ən azı 200 təsisçisi olmalı və həmin şəxslər tam fəaliyyət qabiliyyətli olmalıdırlar. Layihədə göstərilir ki, siyasi partiya təsisçiləri təsis yığıncağı keçirərək partiyanın nizamnamə və proqramını qəbul etdikdən sonra öz aralarından təmsilçi seçirlər. Yığıncaq zamanı əldə olunan nəticələr protokolla rəsmiləşdirildikdən sonra səlahiyyətli şəxs ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək həmin sənədləri 30 gün müddətinə təqdim edir. Dövlət qurumu da 30 gün müddətinə həmin partiyanın tələblərə uyğunluğunu yoxlayır. Nəzərdə tutulmuş məlumat müvafiq dövlət qurumuna daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi üzvlərin sayının təmin edilməsi üçün tədbirlər görür və onların reyestrini tərtib edir.
Reyestrə hansı məlumatlar yerləşdiriləcək?
Yeni layihədə göstərilir ki, siyasi partiya üzvlərinin reyestrini adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə aparır. Təklif edilən dəyişikliyə əsasən, dövlət qurumu elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatlarını ildə azı iki dəfə nəzərdən keçirəcək. Siyasi partiya da üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə iki dəfə (yanvar ayının 15-dək və iyul ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim etməlidir.
Partiyalar qarşısında qoyulacaq tələblər nədən ibarət olacaq?
İlkin tələb: qanun qəbul edilənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində üzvlərinin sayının 10 minə çatdırılması üçün tədbirlər görməlidir. Paralel olaraq onların reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim etməlidir. Əgər hansısa çatışmazlıqlar aşkar edilərsə və siyasi partiya qanunda göstərilən müddətdə bunu aradan qaldırmazsa, onda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq. Yəni bu kimi məsələlər də layihədə göstərilib.
Siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmi: necə olacaq?
Söz yox ki, müzakirəyə çıxarılmış yeni qanun layihəsi siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmlərini də ehtiva edir. Belə ki, siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək. Sözügedən qurum siyasi partiyanın fəaliyyətinin Azərbaycanın normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunu öyrənəcək, partiyanın yaradılması zamanı yol verilən hüquq pozuntularını araşdıracaq və hətta siyasi partiyanın fəaliyyətinin dayandırılması və onun ləğvi barədə məhkəmədə iddia qaldıracaq. Eyni zamanda, nəzarətedici qurum partiyanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxacaq və mediada yayılan məlumatları nəzərdən keçirəcək.
Hansı kateqoriyalı şəxslər partiyaya üzv seçilə bilməzlər?
Yeni qanun layihəsində göstərilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər. Habelə, hazırkı qanunda bu kateqoriyadan olanlardan ianə almaq qadağan edilsə də, üzvlüklə bağlı məhdudlaşdırıcı müddəa mövcud deyil.
Siyasi partiyaların rəmzlərinin müəyyənləşdirilməsi...
Layihəyə əsasən, siyasi partiyanın adı olmalı və onun adında "partiya" sözü mütləq şəkildə göstərilməlidir. Bundan əlavə, siyasi partiyanın adının qısaldılmış forması, həmçinin siyasi partiyanın rəmzləri (bayraq, emblem və s.) ola bilər. Layihədə o da göstərilir ki, siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir.Azərbaycan Respublikasının Dövlət Bayrağı siyasi partiyanın bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, siyasi partiyanın bayrağının ölçüsü Azərbaycan Respublikası Dövlət Bayrağının ölçüsündən böyük ola bilməz!
Partiyaların maliyyələşməsi...
Yeni qanun layihəsi siyasi partiyalara Azərbaycandan kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmağı qadağan edəcək. O cümlədən, siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edə biləcək. İanələr isə pul vəsaiti, əmlak və ya xidmət şəklində qəbul edilə bilər.
Hazırda bir sual da ictimai rəyi maraqlandırmaqdadır ki, bəs qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətləri necə olacaq? Artıq yeni qanun layihəsinə görə bu kimi siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilməyəcək. O cümlədən, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi, partiya orqanlarının və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirakı qadağan edilir.Layihədə daha bir məqam da göstərilir ki, siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanlarının partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlər, o cümlədən qərarlar qəbul etməsi və ya sənədlərin imzalanması qadağandır.
Qanun layihəsinin hazırlanmasında 39 siyasi partiyanın təklif və rəyləri dinlənilib
Əsas diqqət çəkilən məqamlardan biri də budur ki, yeni qanun layihəsi demokratik dəyərlər üzərində işlənilib. Belə ki, ölkəmizdə fəaliyyət göstərən 39 siyasi partiya bu layihəyə öz təkliflərini verib, eyni zamanda, qanun layihəsi ilə bağlı ictimai dinləmələr təşkil olunub. Parlamentin saytında da ictimai dinləmələrlə bağlı məlumat yerləşdirilib. Bu addımın özü ali qanunverici orqanın prosesə demokratik yanaşmasının və bütün maraqlı tərəflərin layihənin müzakirəsinə cəlb olunması istəyinin göstəricisidir. Eyni zamanda, digər sahələrdə olduğu kimi, Siyasi Partiyalar haqqında Qanunda da əlavə və dəyişikliklərə ehtiyac var və mövcud demokratik mühit, eyni zamanda qlobal inkişaf reallığı da həmin faktoru ictimai gündəmə və müzakirələrə çıxarıb.
Rövşən RƏSULOV