PDF Oxu

Araşdırma

  • 9 423

Ermənistanın düşünməsi üçün belə VAXT QALMAYIB – TƏHLİL

image

Praqada keçirilən görüş təsdiq etdi ki, Ermənistanın sülh müqaviləsindən nəinki yayınmaq, bu müqavilənin imzalanmasını uzatmaq şansı, eləcə də düşünməsi üçün belə vaxtı qalmayıb. Ola bilsin ki, hələ də erməni cəmiyyəti vəziyyəti öz xeyrinə dəyişmək üçün son nəğməsini oxumaq niyyətindədir, amma Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması perspektivi getdikcə reallaşır və buna mane olmaq cəhdləri tamamilə mənasızdır. Bu reallığı rəsmi İrəvan, yaxud Ermənistan ictimaiyyəti anlasa da, anlamasa da, bütün dünya ictimaiyyəti bunu həm başa düşür, həm də qəbul edir.Təbii ki, Ermənistan hakimiyyəti yenə də daxili auditoriya üçün hansısa yalan vədlər hazırlaya bilər və belə bir hazırlığın əvvəldən görüldüyü də müşahidə edilir. İşğalçı ölkənin daxilində müxalifət qüvvələrinin təzyiqindən qorxan Nikol Paşinyan yenə də populist çıxışlar edə bilər və hamı başa düşür ki, bu onun qorxusundan irəli gəlir. İndi erməni baş nazir öz ölkəsində hansısa fikir formalaşdırmağa çalışsa da, erməni politoloqları açıq şəkildə etiraf edirlər ki, Nikol Paşinyan, ümumilikdə Ermənistan artıq diplomatik müstəvidə də uduzub və razılaşmanın şərtlərinə əməl etmək məcburiyyəti qarşısındadır. Belə bir vəziyyətdə Ermənistan hakimiyyətinin daxili auditoriyaya hesablanan çıxışı da, erməni müxalifətinin dirəniş göstərmək niyyəti ilə səsləndirdiyi ifadələr də boş söz yığınından başqa bir şey deyil.Həqiqətən də Ermənistan hakimiyyəti ölkə ictimaiyyətinin qəzəbindən çox qorxur və bu dəfə sülh sazişini bağlayacağına ölkəsində növbəti kapitulasiya kimi baxılmasından çox ehtiyatlanır. Ona görə ki, 44 günlük müharibənin sonunda Ermənistan tərəfi məğlubiyyətini məcburi şəkildə etiraf etdiyi kimi, indi də bunu asan şəkildə etiraf etmək, əvəzində də erməni cəmiyyətinin təzyiqləri ilə qarşılaşmaq xofundan yaxa qurtara bilmir. Əslində, Nikol Paşinyanın, eləcə də onun ətrafının, ümumilikdə Ermənistan hakimiyyətinin məsələləri, ələlxüsus, delimitasiya, demarkasiya və nəhayət, sülh sazişi kimi məsələləri uzatması da bu qorxunun, bu xofun təzahürüdür. İrəvanın küçələrində populist çıxışlarla, pafosla danışan, erməni xalqına qızıl dağlar, qələbələr vəd edən Nikolun hakimiyyəti ələ keçirdikdən sonra öz vədlərini yadına belə salmaması, ermənilərin o zaman işğalı altında olan Azərbaycan törparlaqında atılıb-düşməsi, sərxoş olub ağlına gələni danışması, ölkəsini müharibəyə, nəticədə məğlubiyyətə sürükləməsi təsdiq etdi ki, o ümumiyyətlə, xalqını düşünməyib və yalnız hakimiyyəti ələ keçirmək üçün dəridən-qabıqdan çıxıb. Elə həmin o küçə nümayişləri, 2018-ci ildə İrəvan küçələrindəki mitinqlər, narazılıqlar fonunda əlinin yaralanması da göstərir ki, həqiqətən də nəinki dərisini, hakimiyyət üçün əlini, qolunu belə qurban verməyə hazır imiş və həmin o cürbəcür avantürist hərəkətləri erməni xarakterinə müvafiq şəkildə nümayiş etdirməsi hakimiyyət hərisliyini təsdiqləyirdi. İndi təsəvvür etmək çətin deyil ki, əlindən-qolundan belə hakimiyyət naminə keçməyə hazır olan birisi üçün bu dəfə nəinki qolu, canını belə vermək niyyəti özünü açıq şəkildə biruzə verir.Doğrudur, Nikol, eləcə də onun komandası hələ çabalayır və müxtəlif hiylələrlə məsələni uzatmağa çalışır. Məqsəd də bəllidir. Bəlli olan odur ki, küçə nümayişlərindən hakimiyyət kürsüsünə oturan bu səriştəsiz, idarəetmə təcrübəsi tamamilə olmayan bir adam, öz hakimiyyətini, yuxusunda belə görə bilmədiyi hakimiyyətinin müddətini ən azından uzatmaq niyyətindədir. Qeyd etdiyimiz kimi, erməni cəmiyyətinin qəzəbinə tuş gəlib hakimiyyətdən tamamilə uzaqlaşmamaq üçün vaxt qazanmağa çalışan Paşinyan dərk etməlidir ki, artıq proseslərin qarşısını ala, Avropada vəd edərək imzaladığı sülh prosesini uzada bilməz. Dərk etməlidir ki, Qərb artıq bunu nəinki istəyir, bunu Nikoldan da, Ermənistandan da tələb edir.İstər Azərbaycan və Ermənistan dövlət başçıları ilə telefon danışığı aparan ABŞ dövlət katibi, Entoni Blinkenin Azərbaycan Prezidenti, cənab İlham Əliyevlə söhbəti zamanı hər iki tərəf arasında son görüşləri davamlı sülh sazişi istiqamətində müsbət addımlar kimi qiymətləndiribsə, Rusiya və KTMT hərbi-siyasi blokunun sülh sazişinin imzalanmasında maraqlı olması barədə mövqeyi ortadadırsa, deməli, Ermənistan tərəfinin məsələni uzatmaq kimi belə bir şansı, eləcə də vaxtı belə qalmayıb.Etiraf etmək lazımdır ki, uzun illər, hətta onilliklər boyu erməni cəmiyyətinin, erməni xalqının arxalandığı qüvvələr belə bu gün Azərbaycanın ədalətli mövqeyini qəbul etmək məcburiyyətində qalıblar. Ona görə ki, Azərbacan haqlı tərəfdir və ölkəmizin tələb etdiyi haqqın, ədalətin bərpası, bölgədə təhlükəsizliyin təminatıdır. Ermənistanın vaxtilə arxalandığı qüvvələr özləri də geosiyasi reallıqları dəyişə bilməzlər. Ermənistan nə istəyirsə, yaxud da nə arzulayırsa arzulasın, bunu nəzərə almaq imkanı, məhz işğalçı ölkənin işğalçılıq istəklərini müdafiə etmək şansı da heç bir ermənipərəst dövlətdə belə yoxdur. Çünki Azərbaycan artıq yeni reallıqlar yaradıb və bölgədə, Cənubi Qafqazda maraqlı qüvvələr belə bununla hesablaşmaq məcburiyyətindədirlər. Təkcə biz yox, bütün dünya bunun Praqada keçirilən görüş zamanı bir daha əyani şahidi oldu. Şahidi oldu ki, Fransa kimi bir ermənipərəst dövlət işğalçını müdafiə edə bilmədi, daha doğrusu buna gücü çatmadı, çünki güc də, qüdrət də, haqq-ədalət də Azərbaycana məxsusdur. Belə olan halda, Ermənistanın vaxt qazanmağa belə cəhd etməsi tamamilə mənasızdır.“Münaqişə başa çatıb, Dağlıq Qarabağ anlayışı yoxdur”, tezisinin bütün dünya ictimaiyyəti tərəfindən istər siyasi, istərsə də hüquqi müstəvidə qəbul edilməsi fonunda, özü də bütün platformalarda, hər bir səviyyəli görüşdə etiraf edilməsi fonunda Ermənistanın nəyə isə ümid etməsi “dəryada balıq sevdası” kimidir. Bunu ermənilər başa düşdükləri zaman iddialarından dərhal əl çəkməlidirlər və əgər hələ əl çəkməyiblərsə, deməli ya anlamayıblar, ya da anlamaq istəmirlər. Anlamadıqları, anlamaq istəmədikləri halda isə, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınmaq, öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq, bu müqavilənin imzalanmasının vaxtını uzatmaq niyyəti ilə hansısa təxribata ümid etmələri sadəcə, növbəti eskalasiyaya ilə nəticələnə bilər ki, bu da Ermənistan üçün arzuolunan deyil. Əvvəla ona görə ki, diplomatik danışıqlara üstünlük verən Azərbaycanın erməni təxribatları fonunda səbr kəsası dolduğu halda, Ermənistan bunun acı nəticələrini görməli olacaq və rəsmi Bakının istənilən halda öz ədalətli, haqlı mövqeyini hər zaman qətiyyətlə müdafiə edəcəyi bəllidir. Bu zaman lazım gəldikdə hərbi yolla məqsədlərimizə nail olacağımıza bütün dünyanın belə şübhəsi yoxdur, çünki müharibənin bitməsinə baxmayaraq, Azərbaycan müasir çağırışlara uyğun ordu qurmaq və gücləndirmək prosesini davam etdirir, hər mənada dəfələrlə üstünlüyünü qoruyub saxlayır. Bir sözlə, Ermənistanın istənilən halda məğlubiyyəti, razılaşmalara əməl edəcəyi qaçılmazdır, nə qədər məsələni uzatsa belə. “Ermənistanla sərhəddə mövqelərimiz daha da gücləndiriləcək. Əgər Ermənistan sərhədlərin müəyyənləşdirilməsində yenidən köhnə taktikasını tətbiq etsə, vaxtı uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərini diqqətlə izləyirik. Onlara da bu barədə məlumat verin. O dağın zirvəsində sözüm yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kəs unutmasın”, deyə bəyan edən Azərbaycan Prezidentinin sözlərinə Ermənistan tərəfi şübhə edə bilməz, çünki “Dəmir yumruq” nə olduğunu ermənilər yaxşı bilirlər. Digər tərəfdən isə, artıq dünya dövlətləri, ələlxüsus Avropa ölkələri, Avropa İttifaqı indi Ermənistandan öz öhdəliklərinə əməl edəcəyini nəinki gözləyir, bunu tələb edir və Praqada keçirilən görüş zamanı buna hər kəs əmin oldu. Deməli, vaxt Ermənistanın əleyhinə işləyir və bu baxımdan da indi ermənilərin düşünmələri üçün belə zamanları qalmayıb, dərhal öhdəliklərinə əməl etməlidirlər, əks halda dünya dövlətlərinin belə təpkisi ilə qarşılaşmalı olacaqlar.Ölkə rəhbərimiz əmin olduğun bildirib ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirsə, o zaman bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər. Bir sözlə, sülh müqaviləsinin ilin sonuna qədər imzalanması birbaşa Ermənistan tərəfinin öz öhdəliklərini yerinə yetirməsindən asılıdır. Deməli, rəsmi İrəvan siyasi iradə nümayiş etdirməlidir. İndi təkcə Azərbaycan deyil, bütün dünya Ermənistandan öz öhdəliklərini yerinə yetirməsini, özü də vaxt itirmədən yerinə yetirməsini gözləyir. Ermənistanın düşünməsi üçün belə vaxtı, zamanı qalmayib, çünki zaman itgisi bu ölkə üçün daha böyük zərərə, daha acı nəticələrə səbəb ola bilər.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər