PDF Oxu

Araşdırma

  • 9 372

Cənab Makron, siyasət heç də makaron deyil... TƏRS BAXIŞ+ÖZƏL

image

Parisin rəsmi Bakıya qarşı təzyiq cəhdləri alınmayacaq!
İstər 44 günlük İkinci Qarabağ müharibəsinə qədər, istərsə də müharibədən sonra Azərbaycanın dövlətinin və xalqının qalib çıxdığı haqq və ədalət mübarizəsinə qarşı xarici təsirlər kifayət qədər oldu və bu gün də qalmaqdadır. Müxtəlif vaxtlarda bəzi region ölkələri də daxil olmaqla regiondan kənar siyasi mərkəzlər bu və ya digər şəkildə ikili standartlardan çıxış etməklə daha çox Ermənistanın mövqeyinə gah gizli, gah da açıq dəstəklərini nümayiş etdiriblər. Halbuki, rəsmi Bakının danışıqlar apardığı müddətdə vasitəçilik edən əsas cinahlar artıq ortaq məxrəcə gəlməyin və sülh müqaviləsinin imzalanması istiqamətindəki növbəti addımların necə atılacağını müəyyən ediblər. Məhz bu müstəvidə Aİ-nin səylərini xüsusi vurğulamaq olar. Belə ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Ermənistanın müxtəlif yolverilməz bəhanələrinin aradan qaldırılması yönündəki uğurlu vasitəçiliyi, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli iradəsi sayəsində sülh müqaviləsinin yekun mətninin hazırlanması imzalanması və imzalanması, həmçinin 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatdakı bəndlərin rəsmi İrəvan tərəfindən realizə edilməsi prosesi artıq işlək vəziyyətə gətirilib.
Fransa Ermənistana böyük bacılıq prizmasından yanaşmağa davam etmək məqsədini bir daha və açıq şəkildə ortaya qoyub
Belə bir məqamda yuxarıda da qeyd edildiyi kimi bəlli və qərəzli siyasi dairələrin “tərəf” olaraq özlərini sözün əsl mənasında yuyulmamış qaşıq kimi ortalığa atmaları, üstəlik sülh prosesinə mane olaraq onu ləngitmək cəhdləri hiddət doğurmaya bilməz. Bu dairələrdən biri də Fransa və bu ölkənin prezidenti Emmanuel Makrondur. Məlum olduğu kimi, Fransa 30 il artıq fəaliyyətinə heç bir ehtiyac qalmamış ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq nəinki BMT-nin qəbul etdiyi məlum dörd qətnamənin Ermənistan tərəfindən icra olunması istiqamətində fəaliyyət aparıb, əksinə, rəsmi İrəvanın işğalçılıq siyasətinə aşkar dəstəyini ifadə edib. Görünür, bu gün Fransa kimi ölkəyə rəhbərlik edən Emmanuel Makron hələ də regionda baş vermiş dəyişikliklər faktını ya həzm edə bilmir, ya da bu reallığı qəbul etmək iqtidarında deyil. Qısası, Fransa Ermənistana böyük bacılıq prizmasından yanaşmağa davam etmək məqsədini bir daha və açıq şəkildə ortaya qoyub. Bəs məsələ bu dəfə nədədir?Məsələ ondadır ki, bugünlərdə France 2 telekanalında çıxış edən fransız prezident bu dəfə sülh müqaviləsinin imzalanmasına doğru gedən prosesdə əsas vasitəçilərdən və region ölkələrindən biri olan Rusiyanı, dolayısı ilə Azərbaycanı hədəfə almaqla guya Moskvanın bilərəkdən (???!!!-R.R.) Bakını İrəvana qarşı təxribata çəkdiyini, gərginliyi artırdığını iddia edib. Onun sözügedən fikirlərindən sadəcə bir sitatı diqqətə çatdırırıq: “Son iki ildə sərhəddə baş verənlər... 5000 rus əsgəri guya orada sərhədin təhlükəsizliyini təmin edirlər, ruslar bir neçə yüzillərdir davam edən bu münaqişədən istifadə ediblər və türklərin iştirakı ilə Azərbaycanla oyun oynayaraq Ermənistanı zəiflətmək üçün geri dönüblər, hansı ki, bu ölkə ilə onlar da biz də nə vaxtsa yaxın olmuşuq... Görürsünüz nə baş verir? Bu, Rusiyanın situasiyanı destabilizə etmək cəhdidir. O, Qafqazda özbaşınalıq yaratmağa çalışır ki, sonradan hamımızı destabilizə etsin”.
Fransanın Emmanuel Makrona qədər olan prezidentləri – Fransua Mitteran, Jak Şirak, Nikolya Sarkozi hansı səbəblərə görə Azərbaycan dövlətinin və xalqının uğradıqları haqsızlıqlara, ədalətsizliklərə görə ömürlərində bircə dəfə də olsun səslərini çıxarmadılar?
Maraqlı və düşündürücüdür, bəs Fransa 30 il ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olmaqla Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı təcavüzkarçılıq və terrorçuluq siyasətinə qarşı niyə susqun davrandı? Yaxud, Fransanın Emmanuel Makrona qədər olan prezidentləri – Fransua Mitteran, Jak Şirak, Nikolya Sarkozi hansı səbəblərə görə Azərbaycan dövlətinin və xalqının uğradıqları haqsızlıqlara, ədalətsizliklərə görə ömürlərində bircə dəfə də olsun səslərini çıxarmadılar? Əksinə, torpaqlarımız işğala məruz qalarkən, talan edilərkən - istər Birinci Qarabağ müharibəsi dövründə, istərsə də sözdə 28 illik “atəşkəs” dövründə mülki vətəndaşlarımızın, uşaqlarımızın, qadınlarımızın, bütövlükdə isə dinc əhalimizin qətlə yetirilmələrinə, şəhər və kəndlərimizin yerlə-yeksan olunmalarına sadəcə kor oldular!!!Məgər bütün bu kimi danılmaz faktlar Makronun öz dili ilə ifadə etsək – regionun qeyri-sabitliyinə və gərginliyin artmasına səbəb olmurdumu? İndi nə tez yadlarına regionun “təhlükəli vəziyyətə” düşməsi düşdü???
Makronun “vasitəçi” kimi zorla prosesə daxil olmaq cəhdləri kənardan çox idbar və ürəkbulandırıcı görünür
Təbii ki, bir məsələni bir daha isbatlayır: Fransanın prezidenti Emmanuel Makron bilavasitə (!) erməni tərəfinin mövqeyini ifadə etməsi ilə kimin yanında olduğunu və eyni zamanda tərəfsiz olmadığını (!) göstərir. Belə olan halda onun guya “vasitəçi” kimi zorla prosesə daxil olmaq cəhdləri kənardan çox idbar və ürəkbulandırıcı görünür. Halbuki Fransa Ermənistan və Azərbaycan münasibətləri üzrə danışıqlarda neytral tərəf deyil və Azərbaycan əsla Makronun bu kimi oyunbazlıq vasitəçiliyini qəbul etmir.O da əbəs deyil ki, Makronun Rusiyaya qarşı demarşı Azərbaycanı da “nişangaha” çevirmək cəhdi ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı daha ürəkli çıxış etməsinə, hətta rəsmi Bakı qarşısında yenidən dil uzatmasına şərait yaradır. Lakin ortada daha bir reallıq da var...Belə ki, Fransa Paşinyanın tez-tez cinahdəyişmə siyasətinə elə də bel bağlamır. Amma yenə də öz məqsədlərinə çatması üçün hər cür addımlara gedir. Hətta əsas vasitəçilərdən olan Rusiyaya qarşı çıxışlar etməsi ilə Azərbaycan qarşısında öz etibarlıq (etibarlıq isə heç vaxt olmayıb-R.R.) səviyyəsini sıfıra endirir. Artıq danılmayacaq gerçəklik budur - Fransa Emmanuel Makronun timsalında bu kimi həssas dönəm baxımından yararsızdır, hətta təhlükəlidir. Ona görə də Fransanın regionda aktivlik cəhdləri aradan qaldırılmalıdır, əsasən də Ermənistan çərçivəsində. Çünki bunun başqa tərəfləri də var...
Ermənistan Aİ-KTMT-nin qarşıdurması poliqonuna çevrilə bilər!
Misal üçün, Ermənistan hökuməti elə addımlar atır ki, bu ölkə qarşıdurmalar poliqonuna çevrilir. Təkcə Aİ və KTMT missiyalarının paralel iş aparmaları Ermənistan və onun rəhbərliyi üçün geriyə qaytarıla bilinməyəcək vəziyyət yaşada bilər. Belə davam edərsə regionda sülhün bərqərar olması dalana dirənə bilər. Üstəlik, Ermənistanın daxilində kəskin savaşların başlaması an məsələsinə çevrilər.Təbii ki, bütün bunları elə Makronun özü də yaxşı bilir və onun məlum siyasətinin sürüşkən makaron kimi görünməsi vəziyyəti gərginləşdirməyə hesablanıb. Hələlik isə Azərbaycan özünün uğurlu strategiyası ilə səbr, təmkin nümayiş etdirir, eləcə də müxtəlif siyasi meydançalarda iştirakı ilə paralel olaraq dəyişilməz mövqeyini ortaya qoyur. Bəli, Makron ölkəsinin prezidenti olaraq nə isə bəyan edə bilər, hətta onun bəyanatı diqqətə də alına bilər, amma ciddi, yekun qərarların alınmasında əsla rol ala bilməz!
Bütün təzyiq və şantajlara baxmayaraq rəsmi Bakı ATƏT-in Minsk qrupu formatını qəbul etmir və etməyəcək!
Yeri gəlmişkən, hələ 44 günlük müharibə vaxtı Fransa Senatı qətnamə qəbul edərək hökuməti qondarma “dqr”i tanımağa səsləmişdi. Həmin vaxt açıq-aydın məlum olmuşdu ki, həmin addım rəsmi Bakıya qarşı şantaj siyasəti idi. Yəni məqsəd Azərbaycanın ATƏT-in Minsk qrupundan imtina etməsinin qarşısını məhz belə bir siyasi fahişəlik yolu ilə almaq idi. Amma alınmadı və alınmayacaq da. Ola bilsin ki, bu lazımsız qrup formal, qanuni olaraq qala bilər, ancaq faktiki olaraq o yoxdur. Azərbaycan rəsmi şəkildə bu formatdan imtina edir. Əbəs deyil ki, həmin reallığı elə ATƏT-in Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da çıxışı zamanı bildirib.Görünür, Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı qətnamə çıxarmaq cəhdi və həmin fonda Emmanuel Makronun məlum fikirlərini ifadə etməsi səyləri də eyni məsələni əks etdirir ki, rəsmi Bakıya qarşı təzyiqlərdən istifadə edilsin. Ancaq bu cəhdlər də boş və əbəsdir. Fransızların makaron siyasəti bu dəfə də kənarda qalacaq və heç bir uğur qazana bilməyəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər