Köşə

  • 5 293

İslamofobiyaya şəraiti kimlər yaradır? KÖŞƏ

image

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə martın 15-dən 17-dək Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın keçirilməsi, islamafobiyanın getdikcə artdığı indiki dünyada təqdirəlayiqdir.
Bununla belə, zənnimcə, konfransda mövzunun birtərəfli müzakirəsi keçirildi ki, Yer kürəsinin bir sakini, həm də dini mənsubiyyətə görə müsəlman kimi bunu qüsurlu hesab edirəm. Kimsə mənimlə razılaşmaya bilər. Amma mən hesab edirəm ki, biz təkcə xristian dünyasının islama qarşı anormal yanaşmasından deyil, həm də müsəlman olub, əslində islamı nüfuzdan salan fərdlərdən və cəmiyyətlərdən də danışmalı, müzakirə etməliyik. Bəzi xristian dövlətlərində, xüsusilə özünü dünyanın ən sivil cəmiyyətlərindən biri hesab edən Fransa, Almaniya, İsveç kimi ölkələrdə islamofobiya dövlət siyasəti səviyyəsindədir və bunu görməmək, bundan narahat olmamaq mümkün deyil. Təbii ki, bu da planetin gələcəyi üçün çox ciddi təhlükədir və dünya da bundan narahat olmalıdır. Amma eyni zamanda adını müsəlman qoyub anti-müsəlman həyat tərzi keçirən insanlar, eləcə də özünü islam dövləti adlandırıb islam adına ləkə olan ölkələrdən də danışmaq zamanı yetişib artıq. Müsəlmançılıq təkcə allahın varlığına və Həzrət Məhəmməd(ə.s.)-ın onun rəsulu olduğuna şəhadət verməklə, namaz qılıb, oruc tutmaqla, həcc ziyarətinə getməklə bitirmi? Əslində bu və digər islam ayinləri də, ziyarətlər də, oruc tutmaq da islami dəyərlərə malik olmaq yolunda, sadəcə, bir vasitədir. Dini inanclar bizə müsəlman olmağın üç ali prinsipi olduğunu öyrədir: idrak, iman və əməl! Yəni, islamı olduğu kimi dərk etmək, dərk etdikdən sonra ona daxilən inanmaq və dərk edib, inanıb qəbul etdiyinə əməl etmək! Nə yazıqlar ki, Müaviyyənin və ardınca Abbasilərin xilafətdə olduqları dövrdən başlayaraq, min ildən artıq bir müddətdə bir sıra şərq ölkələrində islam dini insanları istismar vasitəsinə çevrilib. Zaman zaman ayrı-ayrı dövlətlər Qurani-Kərim kimi dünyanın bütün elmlərinin, siyasi idarəetmənin, insanlığın açarı olan fövqəl-kitaba bəşəriyyətin tərəqqisi naminə deyil, hakimiyyət maraqlarının reallaşması naminə sui-istifadə ediblər və təəssüflər ki, bu gün də çoxsaylı islam ölkələrində bu tendensiya davam etməkdədir. Karl Marksı, Corc Vaşinqtonu, Lenini və digər filosofları, dövlət qurucularını diqqətlə öyrənən hər kəs mənimlə razılaşar ki, bu insanlar Qurani-Kərimi diqqətlə öyrəniblər və həm qurduqları, həm də nəzəriyyəsini işləyib hazırladıqları cəmiyyətlərin dəyərləri əksər islam ölkələrindən daha çox islami dəyərlərə əsaslanır. Sadəcə, heç biri bunu rəsmən qeyd etməyib və özlərinin yaradıcılığı kimi təqdim ediblər. Bu baxımdan adlarını çəkdiyimiz və çəkmədiyimiz həmin qeyri-müsəlman dövlət qurucuları daha çox müsəlmandırlar, nəinki, fars-molla rejiminin qurucusu Xomeyni kimi adını islam dövləti qoyub islami dəyərlərdən yalnız hakimiyyətlərini qurmaq və qorumaq üçün istifadə edənlər! İnsanlığın, insani dəyərlərin ən böyük qiymətini allahın kəlamları ilə Qurani-Kərimdə oxuyuruq, lakin insanlığa və insani dəyərlərə əksər xristian ölkələrinin daha çox dəyər vermələri müqabilində İran adlandırılan ölkədə olduğu kimi, insanlığın bütün dəyərlərinin addımbaşı pozulması faktlarını görürüksə, fars-molla rejimini müsəlman, onların əleyhinə olduğu xristian dünyasını allahsız, kafir adlandırmaq nə qədər ədalətli yanaşmadır? Axı islamın ən böyük dəyəri haqq, ədalətdir! Bütün fəaliyyəti haqqın, ədalətin tapdanması ilə müşayiət olunan “müsəlman” ölkələrinin başbilənlərinin haqqı, ədaləti cəmiyyətin ən başlıca norması kimi qəbul edən xristian ölkələrini kafir adlandırıb ittiham etmələri nə qədər islami dəyərlərə uyğundur?
2000-ci illərin əvvəllərində İslam, Xrisianlıq və İudizm dəyərlərinə birgə yanaşma aşılayan bir təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdik. Adı “İXİ-MİM” (hər üç dinin və onları yaradan peyğənbərlərin adlarının baş hərfləri əsasında) adlandırdığımız bu təşkilatın qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət etdik. Lakin təşkilatın məramnaməsini oxuyan nazirlik yetkililəri onu qeydə almaqdan qətiyyətlə imtina etdilər və belə bir təşkilatın fəaliyyətinin təhlükəli(?) olduğunu bildirdilər. Halbuki, təşkilatın əsas məramı hər üç dinin yaradıcıları olan peyğənbərlərin tək olan allaha inancını, hər üçünün bir-birinin allah rəsulu olduqlarını təsdiqləmələri, bu baxımdan hər üç dinin allah qatında bərabər tutulduğu, Quranı-Kərimin isə rəbbin insanlara göndərdiyi sonuncu mükəmməl kitabı olduğuna diqqətləri cəmləmək və dinlərarası ixtilafı dinlərarası barışığa çağırmaqdan ibarət idi. Hesab edirik ki, belə bir məramla beynəlxalq təşkilatın yaranmasına ehtiyac var. Yaranarsa, bu təşkilat təkcə anti-islam təbliğata qarşı deyil, həm də müsəlmanların xristianlara, iudistlərə və ya islam pərdəsi altında maraqlarını həyata keçirmək istəyən və bununla islama ən böyük zərbə vuranlara qarşı yeni ruhlu ideoloji cəbhə açmalıdır.
Sonda, onu da vurğulamağı vacib hesab edirəm ki, nə qədər biz islama qarşı olan hüculardan danışıb, müsəlmanların içində bu müqəddəs dini hörmətdən salan amilləri, xüsusilə din xadimlərimizin yanlış islam təbliğatını görməzdən gələcəyiksə, multikulturalizmlə bağlı düşündüklərimizə nail olmaq da o qədər çətin və mümkünsüz olacaq.

Təhmasib Novruzov

Digər xəbərlər