Köşə

  • 6 479

Gömrük biabırçılığı: Şəxsi mala görə niyə vergi tutulur? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Gömrüklə bağlı son dövrlərdə əhali arasında narazılığın artması vətəndaşların xaricdən qayıdarkən və ya internet vasitəsilə xarici mağazalardan sifariş verməklə öz şəxsi istifadələri üçün aldıqları məhsulların gömrükdə kommersiya məhsulu kimi vergiyə və rüsumlara cəlb edilməsi ilə bağlıdır. Belə ki, xaricdən qayıdan vətəndaşların gətirdikləri mallara 800 dollarlıq, ölkə daxilində xaricdən internetlə sifariş edilmiş məhsullara isə ayda 300 dollarlıq limit tətbiq olunur. Əvvəllər bu rəqəmlər xeyli yüksək idi, sonra azaldıldı. Son illərdə bütün məhsullarda ciddi bahalaşmanın qeydə alınması şəraitində artıq bu məbləğə şəxsi istifadə üçün normal bir mal almaq mümkün deyil.

Misal üçün, Əhməd özünə şəxsi istifadə üçün bir kompüter almaq istəyir. Orta səviyyəli bir kompüter bizim texnika mağazalarında 1500 manat civarındadır. Lakin xaricdən bunu 500 dollara sifariş etmək olur. Əhməd sifariş verir, kompüter gələndə isə gömrük deyir ki, bu 300 dollarlıq limitdən yuxarıdır, biz bunu kommersiya məqsədli mal kimi qiymətləndirib, vergi və gömrük rüsumları tutacağıq. Bu isə nə az-nə çox, qiymətin 40 faizi qədər tutur. Beləliklə, anormal bir qərar nəticəsində Əhmədin hüquqları pozulur, o şəxsi istifadə üçün aldığı mala görə kommersiya məqsədli mal kimi vergi və gömrük rüsumları ödəməli olur.

Yaxud Kamran xaricdən ölkəyə qayıdarkən xarab olmuş telefonunun yerinə oradan özünə 1000 dollarlıq bir telefon alıb. Gömrükdə yenə eyni proses baş verir. Bu günlərdə mediada və sosial şəbəkədə yayılan bir xəbər vətəndaşlarda ciddi qınaq doğurdu. Belə ki, gömrükdə vətəndaşın ölkəyə qayıdarkən özünə aldığı bir neçə pal-paltarı və adi xırda şəxsi əşyanı stolun üstünə düzüb, şəklini çəkərək onu cinayətkar kimi qələmə vermişdilər ki, bəs limitdən yuxarı qiymətdə məhsullar gətirib və bunu bəyan etməyib. Halbuki, dünyanın bütün ölkələrində vətəndaş xaricdən qayıdarkən özü üçün bəzi məhsullar ala bilər və bunun üçün kommersiya məqsədli mal kimi rüsumlar ödəmir. Üstəlik, brend məhsulların qiyməti baha olur və 800 dollar normal bir kostyumun qiymətidir. Bu halda hansı məntiqlə, hansı əsasla 800 dollarlıq limit qoyulur?

Ölkədə əksər məhsulların qiyməti xarici ölkələrdən bahadır. Bu halda xaricə gedib gələn vətəndaşların oradan özləri üçün bəzi məhsullar alması normal və məntiqlidir. Bunun qarşısını almaq əladətli deyil və belə təcrübə dünyada yoxdur.

Vergiyə cəlb etmə yalnız kommersiya fəaliyyəti ilə bağlı ola bilər. Yəni, gəlir əldə edən vətəndaş vergi ödəməlidir. Lakin özünə paltar alan insan hansı gəlir əldə edir ki, vergi ödəsin? Demək, bu, məntiqsizlikdir və aradan qaldırılmalıdır. Bu səbəbdən qoyulmuş 300 və 800 dollarlıq limitlər azı 3 dəfə artırılmalıdır.

Maraqlıdır ki, Azərbaycana istənilən ölkədən qayıdan vətəndaşlar mütləq o ölkədən məhsullar gətirməyə çalışır. Lakin ölkəmizdən qayıdan əcnəbilər, turistlər əliboş gedirlər. Çünki bizdə məhsullar bütün ölkələrdən bahadır.

Problem təkcə vətəndaşların şəxsi istehlak üçün gətirdiyi məhsullarla bağlı deyil, ümumiyyətlə gömrük rüsumları yüksəkdir. Hətta bəzən bir avtomobilin gömrük rüsumları onun qiymətindən 2 dəfə çox olur ki, belə hala da dünyanın heç yerində rast gəlinməyib.

Gömrükdə malın dəyərindən artıq rüsum tətbiq edərək istehsalçıdan daha çox qazanmağa cəhd etməkdənsə, o malı ölkədə istehsal etməyə çalışmaq lazımdır. Bu halda idxaldan asılılıq azalacaq, yerli istehsal artacaq, ixrac artacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq, əhalinin sosial vəziyyəti yaxşılaşacaq, dövlətin sosial xərcləri azalacaq. Ölkədə bolluq və ucuzluq olacaq.

Bu səbəbdən də gömrük rüsumları azaldılmalıdır. Yalnız ölkədə istehsalı yerli tələbatı ödəyən məhsulların idxalına yüksək rüsum qoymaq olar. Protektionist siyasət yerli istehsalı qorumaq üçündür. Bizdə istehsalı olmayan məhsullara rüsum minimuma endirilməlidir.

Digər xəbərlər