PDF Oxu

Köşə

  • 6 904

Ağ günlü, ağ əppəkli olmaq

image

Lalə Mehralı

Mən məsəllərə, atalar sözlərinə, qarğışa-alqışa inanan adamam. Hər uğurumda kimdənsə alqış aldığımı, hər problemimdə kimin qarğışına tuş gəldiyimi düşünürəm. Sözün hikmətinə inanıram, o sözün həyatımızdakı roluna, taleyimizə təsirinə də həmçinin. Sözlə yuvanın qurulub, sözlə yuva dağılacağını hamımız görürük. İnsan övladı bir sözlə həyatını məhv edir, bir sözlə özünü təsdiq edir, bir sözlə taleyini dəyişir, bir sözlə vəzir olur, bir sözlə rəzil.

Təsadüfü deyil ki, bütün inanclarda Tanrının bütün yaradılışı “OL” sözü ilə yaratdığına dair məlumatlar var. Sözdə qüdrət var, hikmət var, emosiya var, çılğınlıq var, sakitlik var, qəzəb var, kin-küdurət, sevinc, həsrət, hicran, həsrət var. Var, var...

Sözlər qədər insanı dərindən yaralayan silah yoxdur, söz yarası qədər gec sağalan yara da yoxdur. Sözün verdiyi acı bütün dünyanın dərdlərinin birlikdə verdiyi acıdan ağırdır, sözün verdiyi enerji bəşəriyyətə hakim olmaqdan belə şirindir. Sözün verdiyi sevgi sevgilərin ən şirinidir, sözün verdiyi kədər yüzlərlə maşının çəkə bilməyəcəyi qədər ağırdır.

“Səni görüm min budaq ol”, “hər iki cahanda üzün ağ olsun”, “”heç vaxt neylim, necə edim deməyəsən”, “ağ günlü, ağ əppəkli olasan” kimi tez-trez alqış eşitdiyim nənələrimin hər ikisi dünyasını dəyişəndən sonra qulağım bu sözlərə həsrətdir. Daha alqış eşitmək mümkün deyil, indi heç kim bir hərfi də boşuna istifadə etmək istəmir, ən yaxşı halda “sağ ol”, “təşəkkür edirəm” kimi sözlər eşidirik.

Alqışlar bizim milli dualarımızdır. Alqışın hər kəlməsində böyük enerji var, insanda olan müsbət enerji də bu sözlə çarpazlaşdıqda yaranan enerji olduqca böyük təsir qüvvəsinə malikdir. Bu eynilə qarğışla mənfi enerjiin birləşməsinə də aiddir. İndiki elmin ağ və ya qara magiya adlandırdığı elm də əsasən sözün qüdrəti ilə var olur.

Bizim folklorda qarğış az qala alqışdan çoxdur. Bəzən deyirlər ki, bizim millət xeyirxah millətdir, heç vaxt heç kimin pisliyini istəməz, o zaman düşünürəm, görəsən bu qədər qarğış nümunələri hardan yaranıb? “Boyuna ip ölçüm”, “üzünü mürdəşir yusun”, “yolun gedər-gəlməzə düşsün”, “ətin tökülsün”, “allah sənə qotur versin, dırnaq verməsin”, “adın daşlara yazılsın”, “südüm sənə qənim olsun”, “qanın daşlara dağılsın” kimi qəribə qarğışları eşitmək bir yana, hansısa bir kitabda oxuyada belə ətim ürpərir.

Böyüklər deyir ki, ananın qarğışı övladını tutmur, çünki nəhs sözlərinin qarşısını ana ilə balanın arasında olan görünməz bağ tutur. O bağ nədir, bilirsinizmi? Ana südü! Övladını qarğayan ananın südü nə qədər müqəddəs ola bilər, otrasını izah etməkdə çətinlik çəkirəm...

Yenə böyüklərin dediyinə görə, ən təhlükəli və tez tutan qarğış ata qarğışıdır. Hətta belə qarğışlar ölümlə də nəticələnə bilir. Bəşəriyyətin ilk müqəddəs kitabı olan “Avesta”da da bu barədə yazılıb. Kitabda tez-tez “Ulu Tanrı, Sən bizi ata qarğışına tuş eləmə!” söylənilir.

Bir dəfə tanınmış astroloq Səbuhi Rəhimli ilə söhbətimiz əsnasında bu məsələdən bəhs etdi. Dediyinə görə bir çox qədim mənbələrdə qeyd olunur ki, hər insanın ruhu ataya, fiziki bədəni isə anaya tabedir, əgər ana qarğış edirsə, zərbə yalnız bədənə dəyir. Bu baxımdan yol qəzası, sınıq-çıxıq, yanmaq və digər xəsarətlər baş verə bilər. Ata qarğışı isə birbaşa ruha zərər yetirir. Bunun da nəticəsi çox vaxt iki sonluqla bitir: qarğışa tuş gələn adam ya ölür, ya da havalanır (dəli olur). Yəqin elə bu səbəbdəndir ki, övlad xəsarət alanda, dara düşəndə ananın, öləndə isə atanın ürəyinə damır...

Tanrı qarşınıza dili qarğışa yox, alqışa öyrəşmiş insanları çıxarsın.

Qulaqlarınız müsbət enerjili sözlər eşitsin, həyatınız o enerji ilə dolsun.

“Söz var dağa qaldırır, söz var dağdan endirir” deməyibmi atalar?

Sizi dağa qaldıracaq sözlər eşitsin qulaqlarınız...

Digər xəbərlər