Köşə

  • 6 652

Qida terroru ilə mübarizə üçün effektiv təklif – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Kolbasa, sosiska məhsullarının istehlakı ildən-ilə artır. Ərzaq qiymətlərinin artması bir çoxlarını öz ərzaq səbətinə yenidən baxmağa vadar etsə də, emal olunmuş ət məhsulları öz mövqelərini itirmir. Bu, gündəlik həyatda sürətli qəlyanaltı və əksər bayramların məcburi atributudur.

Mağazaların piştaxtalarda həm yerli, həm də xaricdən gətirilən kolbasalar var. Qiymət diapazonu genişdir, lakin məlum səbəblərdən əksəriyyət ucuz qiymət seqmentinə üstünlük verir, baxmayaraq ki, belə məhsullarda yaxşı heç nə olmadığını və ola da bilməyəcəyini başa düşürlər. Əlbəttə, bahalı kolbasa da faydalı deyil, lakin nisbi götürdükdə tərkibi daha yaxşıdır.

Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi kolbasa məhsullarının keyfiyyətinə dair monitorinqin nəticələrini açıqlayanda məlum oldu ki, bir çox kolbasalarda üzərində qeyd edilmiş mal əti əvəzinə toyuq ətidir, bəzilərində isə ümumiyyətlə ət yox idi.

Ət bazarında periodik olaraq mənşəyi məlum olmayan ətlərə və ölmüş heyvanların ətinə rast gəlinir və çox vaxt ondan kolbasa istehsalı üçün istifadə olunur.

Bundan başqa, kolbasalara yan məhsullar- sümüklər, dəri, GMO soya, nişasta, hər cür ləzzət artırıcılar, boyalar, konservantlar vurulur ki, bunlar leş ətindən daha təhlükəlidir.

Bir kiloqram kolbasa bir kiloqram ətdən ucuz olanda sual doğurmaya bilməz. Burada əsas xammalın- ətin xərcindən başqa, məhsulun maya dəyərinə əlavə olunan istehsal, nəqliyyat, vergilər, işçilərin əmək haqqını, satış dividentini də nəzərə almaq lazımdır. Üstəlik, şirkət qazanc da əldə etməlidir. Bu o deməkdir ki, siz məsələn, 10 manata kolbasa alırsınızsa, demək onun ilkin maya dəyəri 5 manatdır.

Vicdansız istehsalçılara qarşı pul cəzalarını təsirli adlandırmaq olmaz. Çünki onlar cərimənin məbləğindən 10 dəfə çox qazanırlar. Bizə işləyəcək mexanizmlər lazımdır. Maraqlıdır, kolbasa dükanlarının sahiblərinə öz məhsullarını canlı yemək təklif olunursa, bunu edəcəklərmi? Mən təklif edirəm ki, televiziyaların birində bir canlı yayım verilişi təşkil olunsun, kolbasa sexlərinin sahibləri orada öz məhsullarını yesinlər və əhali də baxsın. Amma kolbasa mağazalardan alınmalı, özləri ilə gətirməməlidirlər. Əminəm ki, bunu etməzlər, heç bir kolbasa istehsalçısı öz məhsulunu yeməz.

Bəs belə isə, əhaliyə bu məhsulları necə yedirdirlər? Çox rahat. Bazar iqtisadiyyatı yalnız gəlir əldə etməyə hesablanıb. Necə deyərlər, biznesin vicdanı olmur. İstehsalçını, sahibkarı yalnız bir məsələ maraqlandırır- daha çox qazanc əldə etmək. Əhalinin sağlamlığı, filanı lazımsız məsələlərdir. Vicdan anlayışı isə biznesdə yoxdur.

Burada yeganə təsirli üsul belə müəssisələr üzərinə şəffaf və daimi nəzarət mexanizminin qurulması, medianın və ictimai təşkilatların nəzarətinin təmin edilməsidir. Bunun üçün ölkədə müstəqil laboratoriyalar olmalıdır. İstənilən istehlakçı məhsulu laboratoriyada yoxlada bilməli və zərərli olduğunu görərsə istehsalçını məhkəməyə verib ağır təzminat ödətdirməlidir. Əksər ölkələrdə belədir. Məhz bu səbəbdən, başqa ölkələrdə saxta və keyfiyyətsiz məhsul istehsal etmək sadəcə olaraq sərf etmir, çünki təzminat qazancdan dəfələrlə artıq olur.

Nə qədər ki bizdə belə sistem qurulmayıb, istehsalçılar əhaliyə hər cür təhlükəli zir-zibili qida adına yedirəcəklər. Nəticədə genefondumuz sıradan çıxacaq, ölkə ağır xəstələrlə dolacaq. Bu isə artıq milli təhlükəsizlik məsələsidir. Qida terroru hazırda ən amansız terror vasitəsidir və buna qarşı dövlət və cəmiyyət birgə döyüşməlidir.

Digər xəbərlər