Köşə

  • 4 358

Yalançı dost - PAMFLET

image

(Real həyat hekayəsi)

90-cı illərin ortaları. Ağır sosial-iqtisadi vəziyyət. Tələbəliyi yeni başa vurmuşam, amma iş tapmaqdan söhbət belə gedə bilməz. Belə bir möcüzə nadir rast gəlinən şeydir. Balaca bir daxmada kirayə qalıram. Maddi vəziyyətim ağırdır. Bəzi vaxtlar müvəqqəti işlər tapıb işləyirəm, amma bəzən iş tapmaq olmurdu.

Bir köhnə dostum var, tikintidə fəhlə işləyirdi. Hərdən şirniyyat zad alıb gəlirdi yanıma, bir kısmat çay içib söhbətləşirdik, çıxıb gedirdi. O gedəndən sonra müxtəlif günlərdə evin müxtəlif yerlərindən pul çıxırdı. Döşəyin altından, şkafın içindən, süfrənin altından və s. Heç cür boynuna qoymaq olmurdu, deyirdi “tova mənim xəbərim yoxdur, məndə pul nəzer, özümü güclə girləyirəm”. Yəni, yaman yalançı adam idi. Etdiyi cinayəti boynuna qoymaq da olmurdu, elə peşəkar işləyirdi ki, sübut da etmək olmurdu.

Dəfələrlə bu gələndə bundan gözümü ayırmırdım ki, görüm cəmi 1 otaqdan ibarət evdə pulu hara və necə soxuşduracaq, cinayət başında yaxalayım rəzil eləyim, yenə də xeyri olmurdu, elə bil fokusnikdi, necə edirdisə, sonra yenə ordan burdan pul çıxırdı. Bir neçə aylar belə davam elədi. Axırda bunu aldatdım, dedim ki, qaqa, kirayəni təhvil verdim, bir müddət xalagildə qalacam. Görüşmək istəyəndə bazar günləri axşam Nərimanov parkının sonundakı çayxanada olacam, gəlsən bir çay içərik.

Bir gün bir uşaq qapını döydü, açdım, əlində bir miqdar pul uzadıb dedi ki, bunu bir əmi sizə göndərdi. Necə əmi idi- soruşdum, başladı təsvir etməyə. Elə təsvir elədi ki, bu adamın tam əksinə. Deməli, bu yalançı dostum, usağı öyrədibmiş ki, “deyərsən, arıq, uzun oğlan idi”. Pəncərədən uşağı güddüm, getdi dükana özünə marojna aldı. Bu yalançı dostum, indiki psixoloqların qulağından iraq, uşağın mükafatını, yəni, rüşvətini də veribmiş ayrıca.

Sonra bir möcüzə baş verdi. Uzun axtarışlardan sonra bir fəhləlik işi tapdım. İlk maaşımı alanda pay-püş alıb getdim bunlara. Gördü başımı girləyə bilirəm, rahat oldu.

Günlər dolandı, aylar keçdi. Bir şirkətdə işə düzəlmişdim, yaxşı qazancım var idi. Bir gün eşitdim ki, bu 2 aydı işdən çıxıb. Bir az pay-puş alıb getdim bunlara. Elə tülkü idi ki, o saat bildi niyə gəlmişəm. 3 saat onlarda oldum, bir saniyə yanımı buraxmadı ki, harasa bir az pul dürtəm. Nərdi bağlayanda istədim özüm aparıb yerinə qoyam və yolda xəlvətcə arasına bir az pul dürtəm. O saat nərdi əlimdən aldı ki, ala sən otur, çayını iç ey, özüm qoyaram yerinə. Tülkü ki, tülkü… Gördüm variant yoxdur, çıxanda bir az pulu cibinə basmaq istədim ki, qaqa xərclik edərsən. Dava saldı ki, yox ey mümkün deyil, pulum zadım var. Nə başınızı ağrıdım, cəhdlərim nəticə vermədi, kor-peşman qayıtdım evə.

Arada bir görüşüb çay içirdik, dənizə çimməyə gedirdik. İmkan vermirdi ki, bir-iki manat da mən xərcləyim. Bir dəfə dedim, a kişi, bura bax, mənim maaşım səndən çoxdur, nə özünə əl qatmısan. Dedi, qaqa, mən yaşda səndən böyüyəm, böyük olan yerdə kiçik kimdi ki, lotuluq eləyib pul xərcləyə. Yəni, buna heç bir variant keçmirdi ey. Məntiqli oldu-olmadı, bir bəhanə gətirib öz bildiyini edirdi.

Bir dəfə Elmlər Akademiyasının qarşısında skamyada oturub hava alırdıq, oynayan uşaqlara baxırdıq. O vaxt hələ smartfonlar yox idi deyə insanlar zombiləşməmişdi, söhbət zad edə bilirdik. Bunun təsadüfən ordan keçən bir dostu bizi gördü, əl çəkmədi ki, gedək bir kısmat çörək yeyək. Getdik kafedə oturduq, hərəyə 2 şiş kabab, salat filan, bir butulka da araq. Yedik-içdik. Duranda dostumun dostu ofisiantı hesab üçün çağırdı, o da dedi ki, sizin hesab çatıb də. Necə çatıb? Dostumu göstərib dedi ki, bu qardaş verib. Bu adam yerindən tərpənməmişdi, iki daşın bir arasında necə hesabı verib biləmmədik. Fokusnikdi ey əməlli baslı...

O dostu gedəndən sonra mənə dedi ki, bu adamın böyük ailəsi var, özü də quru maaşa baxır, məni çox istəyir deyə bir qonaqlıq vermək istəyirdi, amma o hesabı o versə, neçə gün çətinlik çəkəcəkdi. Dedim, bəs sənin də ailən var, sənə çətinlik olmurmu? Dedi ki, mən kavadrata işləyirəm, əlavə pul lazım olanda, bir neçə saat da artıq işləyib o pulu qazana bilirəm. Bu isə standart maaş alır.

Beləcə günlər dolanır, aylar keçirdi. Günlərin bir günü, eşitdim ki, bu xəstələnib, “Respublikanski” xəstəxanasındadır. Getdim, həkimlə görüşdüm, dedi ki, bu adamın mədə-bağırsaq sistemi pozulub, mədədə yara var, vaxtında yemək yeməyib, özünə baxmayıb qətiyyən. Həkimin yanından çıxanda, yoldaşı məni gördü, soruşdum bu nə işdi belə, dedi ki, neçə vaxtdı ağrıyırdı, neçə dəfə dedim həkimə gedək, dedi ki, pul yoxdur, sonra baxarıq. İndi həkim uzun bir resept yazıb, pul yoxdu almağa. Gedirəm atama zəng etməyə, bir az pul göndərsin bizə. Dedim, bunu bilsə, sənin qanın getdi, mən alacam resepti, amma xahiş edirəm, özü bilməsin. Dedi ki, yox, sonra bilsə, məni öldürər. Dedim nə biləcək ki, dərmanlar neçəyə alınıb, deyərsən beş-on manat elədi, öz pulumuzla aldım, həkimə də başa sal, desin ki, ucuz dərmanlardır. Birtəhər razı saldım. Üstümdə o qədər pul yox idi, tez taksi tapıb evə qaçdım, pul götürdüm və bütün dərmanları alıb gətirdim yoldaşına verdim, “mən burda olmamışam, xəbərim yoxdur ha”, deyib özü ilə görüşməmiş əkildim.

Elə də çox pul deyildi, yarım aylıq maaşım qədər idi. Axır ki, borcumun 100-də 1-ni qaytara bilmişdim deyə sevinirdim. Hardasa 20 gün sonra eşitdim ki, 1 kurs müalicə olunub, artıq işə çıxır. Axşam getdim iş yerinə, çıxanda getdik çay içməyə. Xeyli söhbətləşdik. Dedim, qaqa, xəbərim olmayıb, xəstələnmişsən, nə olmuşdu ki? Dedi ki, əşşi boş şeydi, soyuqlamışdım bir az. Əmin oldum ki, məsələdən şübhələnməyib, yəni, bu dəfə bu fokusnikə variant keçirə bilmişəm.

Bir neçə ay keçdi. Bir gün gəldi ki, “qaqa, bir nəfərə borcum var, adı Farizdir, indi Qusarda iş götürüb işləyir , 1 həftəyə kimi Bakıya qayıdacaq. Bu pulu saxla, adresini vermişəm, özü gəlib səndən götürəcək. Mən ailəmi də götürüb gedirəm Moskvaya, qaynımın orda suvenir mağazası var, onu işlədəcəm, yaxşı qazanclı işdi”.

Pulu götürüb qoydum evə. İndiki pulla götürsək, 1000 manat civarında pul idi. Getdik “Çinar” restoranına, son dəfə yeyib-içməyə. Axıra yaxın tualet bəhanəsi ilə çıxıb ofisianta hesabı artıqlaması ilə ödədim ki, sonda deyərsən ki, bir nəfər yekəqarın kişi sizin hesabı bağlayıb getdi. Duranda ofisiant əzbərlədiyi sözləri buna dedi. Bu da özü yalançılıq üzrə peşəkar adam, inanarmı bu nağıla, bildi ki, bayaq mən, əslində, tualetə getməmişəmmiş. Amma sübut edə bimədi, dedim mənlik deyil, beynimi xarab eləmə. Nə isə bunu birtəhər yola verdim getdi. Düşünürdüm ki, buna artıq 2-ci qolu vururam, mıqq eləyə bilmir. Amma deyir, sən saydığını say, gör bu fokusnik nə sayır…

Nə isə, birisigün bu yalançını dəmiryol vağzalından Bakı-Moskva qatarı ilə yola saldım. Neçə gün keçdi, neçə həftə keçdi, bu Fariz gəlib çıxmadı. Fikirləşirdim ki, pulu itirib eləyəcəm zibilə düşəcəm, bu bivec adam niyə gəlib pulunu götürmür ki? O vaxt mobil telefon, internet filan yox, bununla da əlaqə saxlaya bilmirəm ki, görüm nə məsələdi. Yarım ilə yaxın keçdi. Bir gün oturub fikirləşirdim ki, bu pulu neyləyim, birdən mənə çatdı ki, ey dili qafil, sən bunu tanımırsanmı, heç kim də gəlib eləməyəcək, “kakoy ni bud” fariz-mariz yoxdur, bu yalançı fokusnik pulu sənə bu adla sırıyıb gedib.

Keçən 27 ildə görüşməmişik. Bu müddətdə cəmi 1 dəfə- 2002-ci ilin yayında Bakıya gəlibmiş bir neçə günlük, həmin günlərdə də tərs kimi mən rayonda olmuşam. Ortaq dostlardan salam göndərib. Bir dənə də “Vostok” saatı hədiyyə qoyub. Çox mükəmməl və bahalı saat idi. Cəmi 1 il istifadə elədim. Bir də ayıldım ki, yoxdur, evə gələn qonaqlardan kimsə kəmali-ədəblə çırpışdırıb. O dostumdan son yadigar idi.

Eşitdiyimə görə, hazırda planetin o başında- Xabarovskidə yaşayır. Bəlkə də, bu yazını nə vaxtsa oxudu. Qoy bilsin ki, mən hər şeyi bilirəm. Bilsin ki, yalançılıq yaxşı xüsusiyyət deyil. Fokusnik olmursan, kim olursan ol. Dost dostu aldatmaz. Ayıb olsun…

Köhnə dostluğumuzun xatirinə adını çəkib biabır eləmirəm. Adını yalançı kimi tarixə yazıram…

Elçin Bayramlı

Bakı / 2023

Digər xəbərlər