PDF Oxu

Köşə

  • 3 233

Acgöz

image

Lalə Mehralı

Acgözlük əksər canlılarda var. Heyvanlarda da, insanlarda da. İnsanlarda güc hərisliyi, yemək hərisliyi, pul hərisliyi var, heyvanlarda, sadəcə, yemək acgözlülüyü. Sadəcə, insan şüurlu şəkildə edir, heyvan şüursuz. Heyvanların planı yoxdur, qidanı mühafizə edə bilmirlər, ala bilmirlər, sata bilmirlər, barter və ya bənzər sistemləri yoxdur. Maksimum doyanadəkdir acgözlülükləri, doyduqdan sonrası ilə işləri olmur.

Amma insan...

Qazandıqca qazanmaq, yedikcə yemək, gücləndikcə güclənmək istəyir. Doymur. Qarnı doyur, gözü doymur, gözü doyur nəfsiz doymur. Tamah, mənfəət, gəlir – adını nə qoyursa qoysun. Hərislik donunu, rəngini, cildini dəyişə bilir, amma mahiyyətini dəyişmir. “Acgöz” sözü var dilimizdə, birisi haqqında danışanda onun şəxsiyyətini təsvir etmək üçün mənfi mənada işlətdiyimiz sözdür. Əgər insan fitrətində doyumsuzluq, hərislik, acgözlük varsa, onun şəxsiyyəti heç vaxt bütöv olmur.

Məhşur bir misal var, “ac insan doyar, amma acgöz doymaz” deyə. Gözü doymayan insanı heç nə doyura bilməz, ruhu acdır çünki. Varlandıqca daha çox var istəyir insan. Qazanır, qazanır, amma doymur. Qazandıqları ömrünün sonuna yetəcək qədərdir, nəvə-nəticəsini doyuracaq qədərdir, amma yenə qazanmaq hərisliyi var.

Gözəlləşmək uğrunda da çirkin bir acgözlüyü var insanın. Bu gün dodağını əməliyyat etdirir, sabah burnunu, birisigün yanağını. Gözəllik hərisliyə çevrilir getdikcə. Çirkinliyə çevrilənədək davam edir.

Dünya yaşanılası yer deyil daha. Dünyanın bir tərəfində süd vannasında üzənlər var, digər tərəfində bir damla südə həsrət ac insanlar. Kimi bu gün alacağı son model telefonun, avtomobilin kataloqunu süzür, kimi bir loxma çörək üçün yerdə sürünür.

Varı-dövləti “itə tök” olanlar da dərd çəkir, balasını gecələr ac yatırdan da. Kimisi milyonlarını mühafizə etməyin yollarını arayır, kimisi sabah yavan çörək ala bilməyin. Kiminin böyük evi, bol qidası, yumşaq yatağı var, kiminin quru döşəməsi, qaynar günəşi, ac qarınları. Kimisi daha bir ev almaq uğrunda mübarizə aparır, kimisi sağ qalmaq uğrunda. Kimisi xərcləyib qurtara bilmədiyi milyonların üstünə milyonlar gəlsin istəyir, kimisi, sadəcə, yaşamaq.

Doymur insan. 1 evi olanda 2-cini istəyir, 2 evi olanda 3-cünü. Hər şeyin yaxşısına, yenisinə sahib olmaq istəyir. Ac gözü doymur, acgözlülüyü artdıqca ətrafı boşalır. Acgöz insanın dostu olmur. Onlar üçün tamah ən yaxın dostdur, çünki həmişə hər şeyin yaxşısını özləri üçün istəyirlər.

Təbiətdə heç bir canlı insan qədər acgöz deyil. Yırtıcı ovunu yaxalayıb qarnı doyanadək yeyib uzaqlaşır, yerdə qalanını digər canlılar yeyir. Ağaclar torpaqdan yalnız ehtiyacı olan qədər su içirlər. Quşlar taxıl zəmisindən dənlikləri doyanadək buğda yeyəcəklər, torbaları, kassaları yoxdur yığmağa. Yalnız qarışqalar dar gün üçün tədürük görürlər, o da heç kimə zərər vermədən, kimsənin azuqəsini oğurlamadan, acların payını çırpışdırmadan.

Təbiət səxavətlidir. Hamıya yetəcək qədər qida verir əslində. Problem bu qidanın paylaşdırılma mexanizmindədir. Kimisi mədəsi partlayanadək yeyə bilir, kimisi uşaqlarının aclıqdan ağlaşmasına dözmək məcburiyyətindədir. Dünyanın ədalət tərəzisinə hiylə qurulub, bəzi acgöz satıcıların tərəziyə əməl etdiyi kimi. İnsan da dünyaya oxşayıb. Mal yiyəsinə oxşamasa haram sayılır axı...

Digər xəbərlər