Bu gün bütün dünyanın baxmağa deyil, görməyə ehtiyacı var. Elə bu səbəbdən də avqustun 8-nin dünyada Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunması təqdirəlayiqdir. Çünki görmək gözlə bağlıdır. Görməmizin keyfiyyəti isə məhz oftalmoloqlardan asılıdır. Elə bu əlamətdar gün də oftalmologiyanın problemlərinə, əhali arasında görmə problemlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir ki, insanlar yaxşı görsünlər.
Bizim yaxşı görməyə çox ehtiyacımız var. Ona görə ki, yaxşı görəriksə, sadəcə baxmarıq, həm də görərik. Məsələn, görərik ki, biz insanlar ekologiyanın qənimləriyik. Bax bu isti yay günlərində xilaskarımız olan dənizin, çimərliklərin, təbiətin düşmənləriyik. Lakin bunu görə bilmirik, yaxşı görsək, görə bilərik. Görərik ki, ayağımızı haraya qoyuruqsa, orada əvvəlki vəziyyətdən əsər-əlamət qalmır. Biz gedirik, bizdən sonra yerdə izlərimiz qalır. O izlər ki, nə siz soruşun, nə mən deyim...
Bizim yaxşı göz həkimlərinə ehtiyacımız var ki, həqiqətən də ölkəmizdə çox gözəl oftalmoloqlar var. Hansısa bir göz xəstəliyi üçün müraciət etdikdə, problemimizi köklü həll edən həkimlərimiz var. Biz nə etməliyik, hər hansı xəstəliklə qarşılaşdığımız an onlara müraciət etməliyik. Çünki göz elə bir həssas orqandır ki, onunla zarafat olmaz. Həm də bizim sağlam gözə ehtiyacımız var ki, yaxşı görə bilək. Görək ki, dünən dünəndə qalmaqdadır. Dünəndən bu günə ta artıq heç nə daşımamaqdayıq. Adət-ənənələrimizi, ailə dəyərlərimizi, geyim, danışıq, küçə mədəniyyətini göz görə-görə dünəndə qoyub bu günlərə gəlməkdəyik. Allah eləməsin, kor deyilik, baxırıq, lakin acı həqiqətləri necə, görə bilirikmi? Görürükmü ki, biz ta biz deyilik, başqalaşırıq...
Bizim yaxşı görməyə ehtiyacımız var, tək bizim deyil, bütün dünyada insanların. Ona görə ki, yaxşı görəriksə, ətrafa da göz gəzdirə bilərik. Heç uzağa getməyək, özümüzdən danışaq. Məsələn, dünyanın gözləri yaxşı görərsə, bizim qonşuluqdan kənar qonşumuzun nə olduğunu çoxdan görmüş olardı. Onların müdafiəsinə qalxmazdı. Haqsızlığın ayaq tutub yeridiyi dünyada bu ayaqları qırardı. Fransa, İran, nə bilim, hara, erməni ədalətsizliyinə kor-koranə yanaşmazdı. Biri dünyanın o başından, biri bu başından ətrafa gözləri duran yerdə əlləri ilə təmas etməkdən çəkinərdilər.
Bizim görməyə ehtiyacımız var ki, hər şeyi görə bilək. Görə bilək ki, bu dünya əzəlki dünya deyil. Ətrafa xəstəliklər səpən dünyadır. “Burada mən, cənnətdə kor xəlifə” iddiasında olan dünyadır. Bu səbəbdən də zalım dünyadır. Acımadan yox edən, özünə dartan, “mənimdir”,- deyən dünyadır. Görsək, görə bilərik ki, bu dünya yaman fani dünyadır. Bu faniliyi insanlara da yansıdan dünyadır. Bax bizim müxalifətdə olanlar kimi... Görsələr, görə bilərlər ki, öz vətəndaşlarının xoşbəxtliyinə müxalifdirlər. Ölkələrinə, torpaqlarının bütövlüyünə müxalifdirlər. 30 ildən artıqdır ki, özlərini görə bilmədikləri üçün arzular qanadında göylərdədirlər. Qulağımızın dibindəcə erməninin tərəfindədirlər. Onlara gün ağlamaqdadırlar. Soydaşlarımıza onların bəxş etdiyi qara günləri unutmaqdadırlar. Elə bu səbəbdən də bir qərinə yolumuzu kəsənə yol istəyirlər. Bir qərinə ocağımızı söndürənə gün istəyirlər.
Görmək... Nə böyük xoşbəxtlikdir, İlahi. Bu əlamətdar gündə gözlərimizə işıq bəxş edən oftalmoloqlara, gününüz mübarəkdir, deyək. Onlara cansağlığı, fəaliyyətlərində uğur arzulayaq ki, görmə problemlərimizin aradan qalxmasında müstəsna xidmətləri davam etsin. Çünki bizə görmək vacibdir. Görməliyik ki, görə bilək. Görə bilməsək, nə dostu, nə düşməni tanıyarıq...
Mətanət Məmmədova