Elçin Bayramlı
150 balla ali məktəbə qəbul başdan-ayağa rəzalətdir, dövlət təhsilə biznes marağından baxmamalıdır
Ali məktəblərə ixtisas seçimi başlayır. Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə deyib ki, 150 bal və daha yüksək nəticə göstərən abituriyentlər blok imtahanında 50 baldan yüksək nəticə göstərirlərsə, onlar da müsabiqəyə buraxılırlar.
Hər il qəbul imtahanları, ixtisas seçimi ilə bağlı yeni bir eksperiment aparırlar və hər biri də effektsiz olur təhsilin inkişafı kompleks yanaşma tələb edir. Problem odur ki, Azərbaycanda orta məktəb təhsili sıradan çıxıb. Orta məktəblərdə oxuyan şagirdlərin repetitorsuz, hazırlıq kursuna getmədən ali məktəbə qəbul olması mümkün deyil. Beləliklə, valideynlər həm uşaqların məktəb xərclərini çəkir, həm də ayda 300-500 manat əlavə xərc çəkib uşağını əlavə müəllim yanına, kurslara göndərir. Buna görə də, əvvəl orta məktəblərdə təhsil sistemi qaydaya salınmalıdır. Qəbul imtahanları, plan yerləri hamısı sonranın işidir. Orta təhsil proqramını orta səviyyədə mənimsəyən uşaqlar üçün ali məktəbə qəbul problem deyil. Hər biri normal bal toplayacaq, universitetdə də öz üzərində işləyib seçdiyi ixtisas üzrə biliklərini təkmilləşdirəcək.
Təhsil sistemi üzərində eksperimentlərə son qoyulmalıdır. Əgər uğurlu bir sistem yarada bilmirlərsə, Finlandiya, Yaponiya kimi mükəmməl təhsil sisteminə sahib ölkələrin təcrübəsini götürüb olduğu kimi tətbiq etsinlər. Hər il bir qayda çıxarırlar. Hər ölkədən bir şey götürürlər və o da mövcud sistemə uyğunlaşmır deyə “kaşa” olur”.
Keçid balının ildən-ilə aşağı salınması, 150-200 bal toplayan uşaqların universitetə qəbul olması isə başdan-ayağa rəzalətdir. 5 ballıq sistem üzrə 150 bal “1” qiymətinə bərabərdir. Yəni sıfır səviyyəsində biliyi olan insanları ali məktəblərə qəbul etmək gülüncdür. Pul qazanmaq məqsədilə savadsız abituriyentlərə ali təhsil vermək heç bir halda dövlətin, cəmiyyətin xeyrinə deyil.
Mən şəxsən plan yerlərinin artırılmasının tərəfdarıyam. Lakin plan yerləri əmək bazarında ixtisaslara tələbat səviyyəsinə görə tənzimlənməlidir. Bir çox kapitalist ölkələrində olduğu kimi, Azərbaycanda da dövlət ali məktəbləri ödənişli təhsili ləğv etməlidir. Keçid balı isə 350 balın üstündə olsun. Onsuz da orta təhsil bazası olmayan, imtahanda 150-200 toplayan abituriyentlər ali məktəbdə də oxumur, semestr qiymətlərini də pulla yazdırıb, kursdan-kursa keçir. Burada yeganə qazanan universitetlərin biznes marağıdır. Valideynlərin pulu, tələbələrin isə vaxtı boşa gedir. Əgər ali təhsil səviyyəsini beynəlxalq standartlara uyğunlaşdırmaq istəyiriksə, savadlı uşaqları qəbul edib, onları tələbə təqaüdü və yataqxana ilə təmin etmək, üstəlik, lazım olan kitabları da pulsuz vermək lazımdır. Təhsilə biznes sahəsi kimi baxdığımız müddətdə vəziyyət daha da arzuolunmaz hal alacaq.
Biz orta məktəblərdə elə bir sistem yaratmalıyıq ki, repetitorlara ehtiyac qalmasın. Bir sinifdə 30-35 şagird varsa, orada təhsildən söhbət gedə bilməz. Təhsil Nazirliyinin tətbiq etdiyi eksperimentlər, kurikulum sistemi məktəblərdə tamamilə anarxiya və özbaşınalıq yaradıb. İxtisas seçimi zamanı da gənclər az bala yox, bələd olduğu, sevdiyi ixtisaslara meyil etməlidir. Ali məktəb oxumaq adı ilə bəlkə də heç vaxt işləmək istəmədiyi bir ixtisasa qəbul olmaq yersizdir. 55 min tələbəni məzun edib əlinə diplom verməklə iş bitmir. Elə sahə var ki, o istiqamətdə təhsil alan gənclərin sayı tələb olunan kadr potensialından qat-qat artıqdır. Elə sahə də var, çox ciddi kadr çatışmazlığı yaşanmasına rəğmən ixtisaslı mütəxəssis tapmaq olmur. İxtisaslar və plan yerləri əmək bazarına uyğunlaşdırılmalıdır.
.