PDF Oxu

Köşə

  • 5 606

Avtoterrorun 7 səbəbi – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

2020-ci ildə avtoqəzalarda 696, 2021-ci ildə 706, 2022-ci ildə isə 757 nəfər həlak olub. Göründüyü kimi, ildən ilə avtoqəzalarda ölənlərin sayı artır. Bir sözlə, yollarda sanki elan olunmamış vətəndaş müharibəsi gedir. Bu, əsl müharibədir- sürücülərin öz arasında və sürücülərlə piyadalar arasında. Bu müharibədə indiyədək ermənilər apardığımız müharibədən daha çox qurban vermişik. Və bu müharibə dayanmır. Minlərlə insan məsuliyyətsiz sürücülərin ucbatından həyatını itirir, şikəst olur, ailələr bədbəxtliyə düçar olur.

Bəs səbəblər nədədir? Dövlət Yol Polisi rəsmiləri bunun səbəbini avtomobillərin sayının artması və sürət həddinin açılması kimi səbəblərlə izah etməyə çalışsa da, fikrimizcə, burada başqa səbəblər də var.

Avtomobillərin sayına gəldikdə, Azərbaycan əhaliyə nisbətdə avtomobil sayının az olduğu ölkələrdəndir. Yəni, qəzalarda bu arqument keçərsizdir. Sürət həddi isə əsaslı arqumentdir. Bəli, ağır qəzaların səbəbləri arasında ən əsası sürət həddinin aşılmasıdır. Xüsusən də, şəhərlərarası yollarda buna daha çox rast gəlinir. Hətta avtobusların çoxu yolverilən sürət həddini xeyli dərəcədə keçir. Məqsəd məsafəni daha tez qət etmək və qısa vaxtda daha çox gəlir əldə etməkdir. Nəinki mikroavtobusda, hətta iri avtobusların da 110-la getdiyim yolda saatda 150 ilə yanımdan şütüyüb keçməsinin şahidi olmuşam. Halbuki, avtobusların bu yolda 90 km/saat-dan artıq sürətlə getməsi qadağandır.

Ən dəhşətlisi orasıdır ki, 50 nəfər daşıyan avtobusun sürücüsünə sərnişinlərdən heç kim irad bildirmir, normal sürətlə sürməsini tələb etmir. Çünki onlar da mənzilbaşına mümkün qədər daha tez çatmağa çalışırlar. Burada sürücü və sərnişinlər arasında yazılmamış qanun, gizli razılaşma var sanki. Bax, bu sürətli həyat tərzi əksər faciələrin səbəbkarıdır.

Mikroavtobuslarda isə vəziyyət daha təhlükəlidir. Bu maşınlar magistrallarda 150 km/saat-dan yuxarı sürətlə gedirlər. Bəzən isə 180-200 km/saat sürətlə. Halbuki, bu yolların infrastrukturu 120 km/saatdan yuxarı sürət üçün uyğun deyil və bu, aşkar qəza deməkdir.

Problemlərdən biri yük maşınlarının sürücüləri ilə bağlıdır. Onlar da əksər yol hərəkəti qaydalarına riayət etmir, təhlükəli sürürlər. Çünki işlədikləri şirkət qarşılarına daha tez və daha çox işləmək tapşırığı qoyur, bəzən sutkada 15-16 saat sükan arxasında olurlar. Üstəlik, bu maşınlar əksər hallarda icazəverilən normadan 2-3 dəfə artıq yüklənir ki, bu da potensial ölüm maşını deməkdir. Onsuz da bu avtomaşınların əksəriyyətinin texniki vəziyyəti ideal deyil.

Sürücülərin yorğunluğu da qəzaların səbəbləri arasındadır. Ekspertlərin rəyinə görə, uzun yola çıxanda göz və beyin yorulur və sürücünü yuxu tutduğuna, ən azı beyin reaksiyaların ciddi şəkildə azalmasına görə, hər iki saatdan bir dayanıb istirahət etməlidir. Sürücülərin çoxu buna fikir vermir. 6-7 saatlıq yolda maksimum bir dəfə dayanırlar- o da, məcburən- yemək üçün.

Daha bir səbəb isə yol infrastukturunun, yol nişanlamalarının qaydasında olmamasıdır. Xüsusən də, təmir işi aparılan yollarda nişanlamaların düzgün qoyulmaması gecə vaxtlarında maşınların qazılmış çalalara düşməsi, işqlandırılmayan yollarda qəzaya düşməsi ilə nəticələnir. Düzdür, son dövrlərdə ölkəmizin əksər avtomobil yolları yenidən qurulub və standartlara cavab verir, lakin hələ də təhlükəli yollar var.

Vacib faktorlardan biri də yol hərəkəti qaydalarını bilməyən bəzi sürücülərin sürücülük vəsiqəsini hansı üsullasa almasıdır. Müşahidələrdən görünür ki, ölkəmizdəki sürücülərin çoxu təzədən imtahan versə, heç cür keçə bilməzlər.

Səbəblərdən biri də bəzi yol polislərinin “qarşılıqlı hörmət” prinsipi ilə işləməsidir. Qaydanı pozan sürücüdən, ya da avtoşlardan “5-10 manat” alıb yola davam işarəsi vermək qarşıdakı dəqiqələrdə daha bir neçə nəfərin cəsədlərinin yola səpələnməsinə bilərəkdən şərait yaratmaqdır. Bəzi sürücülər isə yuxarı yerlərdəndir, məsələn, vəzifəli şəxsin qohumudur, onu saxlayan polis o saat “buyurun, yola davam edin, bağışlayın, bilməmişik ki, “Həsən ağa”nın qohumusunuz” deməyə məcbur olur.

Daha bir səbəb piyadalarla bağlıdır. Əksər piyadaların hərəkəti xaotik və məsuliyyətsizcəsinədir. Bəzən avtobanlarda özlərini yolun ortasına atır, bəzən yeraltı piyada keçidlərinin düz üstündə sürətli yola çıxır. Məhz bu səbəbdən, piyada vurulması ilə nəticələnən qəzaların yarıya yaxını piyadaların günahı ucbatından baş verir.

Bu səbəblərdən, ölkəmiz avtoqəzaların, qəzalarda ölümlərin sayına görə dünyada öncül yerlərdədir. Bütün bu səbəblər aradan qalxmayınca, belə faciələrin də ardı-arası kəsilməyəcək.

Problemin nəticələri ilə yox, səbəblərinin aradan qaldırılması ilə uğraşmaq lazımdır.

Digər xəbərlər