Əvvəllərə ağlınız getməsin ki... Məni qınamayın, sizin o əvvəllərinizdə səssiz-küysüz bir həyat vardı. Sanki hamı susub danışmırdı, dinmirdi. Hər yerdə sakitlik hökm sürürdü. Küçə-baca sakitlik, nə maşınlardan səs çıxardı, nə insanlardan.
Heyif deyil indi... Bir günlük yol təəssüratlarımdan danışım, qulaq asın, görün necə maraqlı dövrdə yaşayırıq. Onu da bəri başdan deyim ki, deyəcəklərim tam bir günün deyil ha... Sadəcə işdən çıxıb evə qədər olan məsafədə gördüklərimdir...
Deməli, işdən çıxmışam. Beş-altı addım atmışdım irəliyə ki, qarşıdakı məktəbin qabağında mərkəzi yola doğru sıx tıxacın olduğunu gördüm. Qarşıda qıpqırmızı bir maşın dayanmışdı. İçəridən ətrafa ildırım sürəti ilə “ Bu dünya çox qəribədi” sözləri oxunan mahnı səsi yayılırdı. Halal olsun içəridəki “kepkalı” oğlana, o qədər səs vermişdi ki, hamı çönüb o səmtə baxırdı. Oğlan da hırıldayırdı.
Vallah, necə gözəl mənzərə idi, deyə bilmərəm. Amma hamı gülümsəyirdi. Mən də belə anladım ki, hamının xoşuna gəlir, çünki xoşbəxt görünürdülər.
Bir az irəlilədim, orada Kapitalbank var, qarşısında dayandım ki, maşınlar keçsin, mən də keçim. Gördüm ki, qarşıdan bir maşın gəlir, bu maşını bir yox, iki nəfər sürür. Onlar yaxınlaşana kimi eynəyimi çıxarıb silib yenidən gözümə qoydum ki, görüm düz görürəm, yoxsa əyri. Baxdım ki, yox, düz görürmüşəm, gənc oğlandır, gənc bir qız da oturub düz qucağında, sürürlər.
Başladım gülümsəməyə. Yanımdakılar nə isə pıçıldaşırdılar, amma onlara qulaq vermədim. Niyə? Çünki ovqatımı təlx edən nə isə bir söz eşidərdim birdən. Bilirsiniz də, hərə bir fikirdə olur.
Nə isə... Üz tutdum metroya tərəf. Metro qapısının düz ağzındaca bir maşın dayanmışdı. İçəridən ətrafa elə bir yayılırdı ki, inanmayacaqsınız mənə, guppultusu yeri titrədirdi. Bunu titrəyən ayaqlarımla açıqca hiss edirdim. Dedim, maşallah, heç gör əvvəlki illərdə bircə səs çıxardı maşınlardan. Budur ey, nəinki musiqi dinləyirik, hətta silkələnirik də... Hələ istəsən, oynamaq da olardı.
Keçdim metroya-içəriyə. Eskalatorda iki gənc-qız-oğlan enirdilər. Qucaqlaşmışdılar. Dedim, bərəkallah, necə də mehribandırlar. Allah bu gəncləri həmişə belə mehriban etsin. Gör nə qədər səmimidilərsə, bunu hamının görməsini istəyirlər. Həm də nümunədirlər ki, baxın, belə mehriban olmaq lazımdır.
Hamı da onlara baxırdı, necə deyərlər, ağızlarının suyunu axıda-axıda...
Qatarda bir oğlan vardı, gənc idi. “Buratinonun” şəkli olan corab geyinmişdi. Oturmuşdu düz qarşımda. Ayağını da qaldırıb o biri ayağının üstünə elə qoymuşdu ki, ta bir nəfər oradan keçə bilməzdi. Əlində də telefon. Heç xəbəri yox idi ki, metrodadır, yoxsa evində divanın üstündə. Uşaq, gör, insanları necə çox istəyirsə, onların arasında çox sərbəstdir, elə bil evdəki kimi. Camaat da onun ayağına dəyməsin deyə bir təhər sürüşüb qabağından keçir, o biri oturacaqlarda oturmağa çalışırdılar. Onu əsla narahat etmirdilər. Deyəsən onlar da onu anlayırdılar.
Dedim, maşallah, nə gözəl, müasir gənclərimiz var. Oturuşu-filanı da əsl fransızsayağıdır. Corabları da fərqli idi axı...
Qatardan düşdüm, evə yollanıram. Qarşıdan iki nəfər gəlir, ər-arvaddırlar, sevgilidirlər, dostdular, bilmirəm. Qadın telefonu qoyub qulağının dibinə, kimləsə ucadan danışır. Deyir ki, o cındır mənim evimin aboylarını yaman günə salıb. Gedib baxmışam, başım xarab olub. Ona deginən ki, ay şərəfsiz niyə belə etmisən? Gəl, canın çıxsın aboyu dəyiş, yoxsa... Ardını ta demirəm. Çünki qadın yəqin bir qədər əsəbi idi, yoxsa küçədə ağzından o sözü çıxarardı niyə?
Gərək insanı anlaya biləsən ey. Qırmızı maşınlı oğlanın maşınından guppuldayan mahnıda deyildiyi kimi, dünya qəribə dünyadı. Hər şey olar bilər. Amma bizim dünyamız qəribəlikdən daha çox, maraqlıdır.
Bütün bu bir-birindən gözəl hadisələri izləyə-izləyə evə necə çatdım, xəbərim olmadı. Dedim, halal olsun sizə, ay insanlar. Nə yaxşı ki, varsınız. Gör nə gözəl səslər eşitdik, mənzərələr gördük. Qulağımızın pərdəsi, gözlərimizin bəbəyi sevindi. Maşallah, belə olsun həmişə.
Mətanət Məmmədova