PDF Oxu

Köşə

  • 3 044

22 sentyabr xətrinə... KÖŞƏ

image

İstəyir iki dünya bir olsun, bu, mümkün olan deyil, lakin arzularımızdan danışmaq istədik. Bunu ki heç kim mümkünsüz edə bilməz. Arzumuz isə bundan ibarətdir ki, dünyada “Avtomobilsiz bir gün” kimi qeyd olunan 22 sentyabr kaş ki, bizdə də həmin tarixdə olmasa da, ilin bicə günü qeyd olunardı.

Bilirsiniz nəyə görə? Elə istərdik ki, bircə gün bu gözəl şəhərimizi gurultusuz, səs-küysüz gəzək. Elə istərdik ki, bu gözəl şəhərin gözəlliklərini sakit bir aləmdə seyr edək. Elə istərdik ki, şəhərimizdə bircə gün yolları boş görək. Yolların nə rəngdə olduğunu, sökülənini-dağılanını görək. İstərdik ki, ayağı yerə dəyməyənlərin ayağını yerdə görək. Piyada gəzməyin ləzzətini onların dadmasını, yeri gələndə maşında gəzməkdən aldıqları kiloları yerdə əritmələrini istərdik.

İstərdik ki, yanlarından ötüb metroya, marşrut avtobuslara tələsəndə avtomobillərin içərisindən bizə baxan rişxənd dolu nəzərləri bircə gün görməyək. İstərdik ki, maşınların içərisindəkilər bayırdakıları bircə gün anlamağa çalışsınlar.

Bircə gün tələsməmələrini, maşını üzərimizə sürdüklərini görməmək üçün bircə gün istərdik. İşıqforun son saniyəsini öz xeyrinə istifadə edən avtomobilləri heç olmasa, bircə gün görməzdik kaş...

İstərdik ki, ilin bir günü hər gün çörək almağa belə maşınla gedənlər bircə gün piyada getsinlər. Bircə gün işə ictimai nəqliyyatla getsinlər. Onu görmək istərdik ki, belə olsa, onlar həmin gün işə gedəcəklər, yoxsa həmin gün üçün ərizə yazıb icazə alaraq evdə qalacaqlar?..

Axı avtomobilsiz bir gündə hamının diqqəti alternativ nəqliyyata yönəlir. Velosipedin, diyircəkli konkilərin, ictimai nəqliyyatın rolu artır, avtomobillərin istifadəsi məhdudlaşır. Sağlam həyat tərzi tərəfdarları hamını ümumiyyətlə, nəqliyyatdan istifadə etməməyə, piyada gəzməyə çağırır. Buna necə riayət olunacağını görmək istərdik o bircə gündə.

Bircə gün bu şəhəri tıxacsız görmək istərdik. Bilmək istərdik ki, Sahidən 28 Maya, Əhmədlidən Nefçilərə, İçərişəhərdən Azadlığa məsafə əslində nə qədərdir? Yolu işıqforsuz keçəndə işdən evə məsafə nə qədərdir? Bunları bilmək maraqlı olmazdımı?

Bircə gün avtomobilsiz şəhər istərdik ki, o biri günlərlə müqayisə edib havanın çirkliliyini, təmizliyini müşahidə edək. Axı buna bizim haqqımız var. Nə olar ki, bu haqqımızı avtomobillər əlimizdən alanda. Heç olmasa, bilək də...

Kaş ki, dünyada qeyd və riayət olunan bu günə bircə gün də biz sahib ola bilərdik. Bilirsiniz, ən vacibini deyim. Həmin bircə gün ərzində pəncrələrimizi sındırıb içəriyə, içəriyə sığmayıb qulaqlarımıza, qulaqlarımızdan isə beynimizə sıçrayan siqnal səslərindən qurtulmuş olardıq. Hələ siqnal səsini qoyaq bir kənara. Avtomobillərdən çıxan, yeri-göyü lərzəyə gətirən, qulaqlarımıza tıxadığımız panbığı dələn, bağlı pəncərələrin şüşəsini sanki qırıb içəriyə soxulan guppultulu musiqi səsindən kənar ola bilərdik. Bizə aidiyyatı olmayan, zövqümüzü oxşamayan həmin musiqi səslərindən bircə gün, İlahi, uzaq ola bilərdik.

Bircə gün avtomobilsiz gün olardı bu şəhərdə kaş ki... Əksər avtomobil sürücüləri müayinəyə cəlb olunardı. Onların sağlamlıq dərəcəsi yoxlanardı. Müəyyən edilərdi ki, görən, hansı xəstəliyin göstəricisidir, onları siqnal vermək mərəzinə yoluxdurub? Hansı xəstəliyin göstəricisidir ki, səsi göydələnləri yaran musiqi, mahnı səsləri maşınların içərisində olan sürücülərə təsir etmir? Bəlkə bu, elə bir xəstəlik göstəricisidir ki, yaxın günlərdə belələrini o dünyaya yollayacaq. Bəlkə bunun qarşısını vaxtında almaq lazımdır?

Bax, bütün bu səbəblərdən şəhərimizdə bircə günün avtomobilsiz olmasını candan və ürəkdən arzulayırıq. Bilə-bilə ki, iki dünya bir ola, bu, mümkün deyil, lakin arzulayırıq. Arzumuzun reallaşması isə bəlkə də minlərlə avtomobil sürücüsünün də, biz səs-küyə, siqnala, guppultuya məhkum olanların da xilası ola bilər...

Mətanət Məmmədova

Digər xəbərlər