Sentyabrın 20-dən başlayaraq dünyanın gözü bir daha Azərbaycana və onun ayrılmaz suveren ərazisi olan Qarabağa dikildi. Bu dəfə yeni reallığa - ildırım sürətli lokal antiterror tədbirlərinin keçirilməsinə. Belə ki, 2020-ci ilin noyabrından sonra əldə edilən bütün razılaşmalara zidd olaraq Azərbaycan öz hüququndan istifadə etməklə ərazisində qalan qanunsuz erməni hərbi qruplaşmalarının (separatçı və cinayətkar xunta və Ermənistan silahlı qüvvələri) Qarabağdakı tör-töküntülərini məhv edib. Yeri gəlmişkən, Marqo Simonyanın isterik statusunda olduğu kimi: “Qarabağ bitdi!”
Azərbaycanın qəhrəman əsgəri Qarabağı azad edərkən, isti evlərində oturub çay, kofe içə-içə...
Lakin diqqətçəkən daha bir məqam: erməni tərəfi sarsıdıcı məğlubiyyətlərdən sonra dünya miqyasında "genosid", "məzlum və əzabkeş erməni xalqı yenidən soyqırımı yaşayır" və s. tipli hay-küy qaldırarkən, Azərbaycanın qəhrəman əsgəri Qarabağı azad edərkən, isti evlərində oturub çay, kofe içə-içə “divan strateqliyi”ilə məşğul olan bəzi mız-mızlar xor şəklində “bu hələ qələbə deyil”, “biz niyə Xankəndinə girmədik” və s. xarakterli sərsəm düşüncələri ilə xalqa pessimist ruh calamağa cəhdi edirlər (?!).
Halbuki 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyini geri alanda həmin “kreslo mütəxəssisləri” eyni şəkildə mızıldayırdılar ki, “axı niyə belə sevinirsiniz? Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qubadlı, Cəbrayıl qaytarıldı?"
Hələ bu harasıdır? Şuşa və digər ərazilərimiz qaytarılanda bənzər hay-şivənlərin növbəti dəfə trayektoriyası dəyişdi: “axı niyə irəliləməyə davam etmədik?”
Yeni mızıldama silsiləsi...
İndi isə yeni bir mızıldama silsiləsinə qədəm qoyulub: “Axı nəyə görə Yevlaxdakı ilk görüşdən sonra Xankəndi üzərində bayraq qaldırılmadı?”. Söz yox ki, həmin "divan-kreslo analitiklərinin" mızıldama, sızıldama proseslərinə çox yaxın vaxtlarda son qoyulacaq! Görəsən, onda hansı "motiv" üzə çıxacaq?
Bəli, çox yaxın vaxtlarda Azərbaycanın bayrağı Xankəndidə dalğalanacaq!
Lakin yeni "mövzular" bu dəfə istiqamətini dəyişəcək...
"Niyə İrəvana girmədik?" (?!)
Məsələn, mızmızlar dərhal başlayacaqlar: “Bu hələ tam qələbə deyil, Qafan və Meğrini almalıydıq, Zəngəzur dəhlizi niyə açılmır, axı niyə İrəvana girmədik? Yox, bu, tam qələbə deyil" (?!).
Bütün bunlardan sonra bir daha məlum olur ki, belələri bilavasitə düşmən maraqlarına işləyir, əldə edilən möhtəşəm qələbələrimizə qəsdən qara yaxırlar!
Bu gün vaxtilə binoklla baxdığımız strateji yollarda və mühüm yüksəkliklərdə Azərbaycanın qəhrəman əsgərləri dayanıb. Və bununla da bitmir - cinayətkar xunta rejimi özü də məğlubiyyətini etiraf edir! Onun nümayəndələri isə Yevlaxdakı danışıqlara qatılırlar.
Belələri qələbənin dəyərini azaltmağa çalışsa da, biz Prezident İlham Əliyevin “Mən nəyi, nə vaxt və necə edəcəyimi bilirəm” ifadəsini daim diqqətimizdə saxlayırıq!
Sual verilə bilər - kim bir ay əvvəl Xankəndidə “reinteqrasiya” sözünü belə eşitmək istəməyən Qarabağ ermənilərinin nümayəndə heyətinin itaətkarlıqla (!!!) Yevlaxa gələcəyini təsəvvür edə bilərdi? Ümumiyyətlə, 2025-ci ilə qədər, daha dəqiq desək, Rusiyanın sülhməramlılarının Qarabağı tərk edəcəkləri vaxta qədər Qarabağda ciddi və genişmiqyaslı irəliləyişin olacağını kim gözləyə bilərdi?
Ona görə də həmin mızmızlar sussalar və hadisələri açıq gözlə izləsələr, daha yaxşı olardı. Əks halda, vaxt gələcək öz lüzumsuz "düşüncələrinə" görə cavab verməli olacaqlar....
Afət TAHİRQIZI