PDF Oxu

Köşə

  • 5 334

Dərman bazarı: Hippokrat andı üstündür, yoxsa maddi maraqlar? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Bir neçə il öncə Beynəlxalq Səhiyyə Təşkilatı bütün dünyada satılan dərmanların təxminən 30 faizinin saxta və keyfiyyətsiz olduğu haqda məlumat açıqladı. Beynəlxalq ekspertlərin qənaətinə görə, keyfiyyətli dərman preparatları baha olduğundan əsasən inkişaf etmiş ölkələrdə satılır, saxta dərmanlar isə, ucuz qiymətə kasıb ölkələrin bazarına yol tapır. Azərbaycan əhalisinin əhəmiyyətli hissəsinin maddi cəhətdən aşağı imkan sahib olmasını olmasını nəzərə alsaq, onda saxta dərman biznesi üçün ölkəmizdə münbit şəraitin yarandığı aydın olar.

Keyfiyyətsiz və ya saxta tərkibli dərmanlara bu gün istənilən aptekdə rast gəlmək olar. Bir sıra apteklərdə dərmanların saxlanma şəraitinin normal olmadığı da başqa bir problemdir. Pis şəraitdə yerləşən apteklərdə rütubətin və tempraturun düzgün tənzimlənməməsi keyfiyyətli dərmanları da qısa müddətə yararsız hala salır.

Bu sahədə başqa bir problem isə, bəzi dərman preparatlarının və digər tibbi ləvazimatların üzərindəki məlumatların Azərbaycan dilində olmamasıdır. Bu halda xarici dil bilməyən alıcılar dərmanların təyinatından və əks reaksiyasından məlumatlı ola bilmirlər.

Əczaçıların dediyinə görə, son illər dərman preparatlarının çeşidi o qədər sürətlə artır ki, hətta həkimlər belə hamısını tanımaqda və yadda saxlamaqda çətinlik çəkirlər. Son illərdə yerli dərman istehsalının həcmi 6-7 dəfə artsa da, hələlik Azərbaycanda dərman istehsalı tələbatın yalnız 1 faizini ödəyir.

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da istehlakçılar dərman bazarı və dərman vasitələri barədə yetərli informasiyaya malik deyil. Bundan istifadə edən “marketinq firmaları” öz aralarında rəqabət artdıqca, qiymətləri aşağı salmaq əvəzinə, qiymətləri qaldırır və vətəndaşın hesabına “tanıtma xərcləri”ni artıraraq rəqibləri ilə eyni tərkibdə (homogen) olan dərman vasitəsini heterogen, yəni “fərqli dərman” kimi başqa adda satışa çıxarırlar. “Tanıtma xərcləri”nin son həddi olmadığından dərmanların qiyməti dəfələrlə şişirdilmiş olur. Dolayısı ilə, rəqabət artdıqca paradoksal olaraq qiymətlər də artır.

Belə dərman firmaları həkimləri bahalı aparatura, qızıl əşyalar, turistik səyahət və digər hədiyyələrlə şirnikləndirməkdə davam edir. Bir çox həkimlər bu fırıldaqçı firmalarla işbirliyi qurur, onların dərmanlarını onlara öz xəstələrinə sırıyaraq bu əməliyyatdan əməlli-başlı faiz alırlar.

Hippokrat andı içmiş həkimlər və beş-on manat haram pul naminə hər cür əməldən çıxan firma rəhbərləri xaqımızın genefonduna ağır zərbə vurmaqla insanların sağlamlığı üzərində özlərinə maddi rifah halı yaratdıqlarının fərqindədirlərmi?

Maraqlı bir nüansı da nəzərinizə çatdırmaq istəyirəm ki, dünya farmasevtik reytinq cədvəlində irəlidə gədən firmaların dərmanlarına Azərbaycanda çox az rast gəlinir. Üstəlik, eyni dərman preparatlarının qiyməti bizdə başqa ölkələrə nisbətən dəfələrlə yüksək olur. Bu haqda mediada və sosial şəbəkələrdə vətəndaşlar kifayət qədər müqayisəli faktlar ortaya qoyublar.

Beləliklə, həyata keçirilən bəzi qabaqlayıcı tədbirlərə baxmayaraq, bu sahədə problemlər hələ də qalır. Ekspertlərin rəyinə görə, saxta və keyfiyyətsiz dərmanlardan istifadə çox ağır nəticələrə gətirib çıxara bilər. Bu preparatlar qanın toksinlər, radioloji və kimyəvi elementlərlə həddən artıq çirklənməsinə və nəticədə yeni nəsillərin fiziki və psixi vəziyyətində əsaslı mənfi dəyişikliklərə gətirə bilər. Qanın tərkibindən uzun illər (bir çoxu heç vaxt) xaric olmayan bu təhlükəli maddələr genetik kodlarda və irsi xusisiyyətlərdə pis nəticələr verməyə qadirdir. Hazırda doğulan körpələrin bir çoxunda müşahidə olunan fiziki və psixoloji çatışmazlıqlar bizi bu haqda düşünməyə vadar edir.

PS: Beynəlxalq Əczaçılar Günü münasibətilə bütün vicdanlı əczaçıları təbrik edirəm.

Digər xəbərlər