Köşə

  • 4 045

1991- KÖÇ-2023: oxşar və fərqli cəhətlər KÖŞƏ

image

Görünüşcə hər iki tarixdəki köçdür, istər 90-cı illər olsun, istərsə də 2023-cü il. Birincidə azərbaycanlılar əzəli ata-baba torpaqlarından qovulur, silah gücü ilə çıxarılır. İkincidə ermənilər Azərbaycan torpaqlarından öz xoşları ilə, verdikləri qərarla çıxırlar. Buna ermənipərəst mənbələrin geyindirdiyi donun rəngindən, ölçüsündən asılı olmayaraq, bu, bir həqiqətdir ki, ermənilərə “get” deyən olmayıb. Əksinə, “qal” deyildi, həm də dəfələrlə. Qanun çərçivəsində “qal” deyildi. Lakin onlar getməyi seçdilərsə, biz onların seçiminə təbii ki, sayğı ilə yanaşırıq.

1991-1992-ci illərdəki köçlə 2023-cü ildəki köçün oxşar cəhəti tək ondadır ki, onların hər ikisi köçməkdir. Lakin fərqli cəhətlərinə bir daha nəzər salaq:

1991-1992-ci illər, Qarabağ: İnsanlar böyük bir təşviş içərisindədir. Əllərində heç bir bağlama, çanta yoxdur. Yanlarında heç bir yük maşını görünmür. Əksəriyyəti yaralıdır. Ya başlarından, ya üzlərindən qan süzür, ya da əl-ayaqlarından. Ayaqlarında ayaqqabı yoxdur. Corabları cırıq-cırıqdır. Görünür ki, uzun yollar bu corabları deşik-deşik edib. Üzlərdən zülmün, əziyyətin ifadəsi açıqca oxunur. Onlar piyada üz tutublar irəliyə doğru. Hara gedirlər? Heç özləri də bilmir... Qarşıda onları nə gözləyir, onu da bilmirlər. Hansısa kol-kosun, dağ-daşın arxasından erməni quldurları çıxıb onları “biçib” yerə tökəcəkmi, yoxsa xilas ola biləcəklərmi, bunu bilən yox idi. Soydaşlarımız qışın kəsici şaxtasında qalın buzla örtülmüş dağ, meşə yolları ilə gedirlər. Aralarında donub ölən uşaq, qoca, xəstələr də var.

Özləri ilə bir isti geyim belə götürə bilməyiblər. Bunu o dövrlərə aid fotolar o qədər açıq ifadə edir ki...

2023-cü il, Qarabağ: Ermənilər köçürlər. Öz istəkləri, arzuları ilə. Əyinlərində paltarları, ayaqlarında ayaqqabıları. Sağ-salamatdırlar. Sanki harasa toya-ziyafətə gedirlər. Əllərində çamadanları, bağlamaları... Ətrafda xeyli avtomobil var. Yük dolu avtomobillərdir. Onlar ev əşyalarını da özləri ilə birlikdə aparırlar. Piyada deyillər, maşınlardadırlar. Onlardan müsahibə alınır. Sual verilir ki, nə üçün Xankəndidə qalmaq istəmirsiniz? Cavab verirlər ki, hamı gedirdi, dedim mən də gedim. Cavab verirlər ki, qalan ömrümü İrəvanda övladlarımla keçirmək istəyirəm. Cavab verirlər ki, qohumlar gedirdi, mən də getmək istədim. Cavab verirlər ki, hamı gedir, mən də onlarla getmək istədim.

Bəs sizə kimsə buradan, get, deyib?- sualına hər biri yox, özümüz gedirik, deyirlər. Hələ çoxları Azərbaycandan dostları olduğunu, əvvəlki illərdə onlarla birlikdə fabrik və zavodlarda işlədiklərini də bildirir.

Gedirlər... Könüllü şəkildə gedirlər. Bəlkə də getmək istəmirlər, onlar sadə xalqın nümayəndələridir. Lakin 30 il əvvəlki və 30 il sonrakı separatçıların əməllərinin acısını onlar çəkir. Baxmayaraq ki, bizi çox gözəl tanıyırlar, lakin bizə edilənləri də yaxşı xatırlayırlar. Bu isə onlara qorxu, vahimə bəxş edir. Bəlkə də bu, qorxu, vahimə də deyil, bizimlə üz-üzə gəlməkdən utanırlar...

Hansı səbəbdən gedirlər, bunu özləri bilir. Bizim bildiyimiz isə odur ki, dövlətimiz onlara Azərbaycan vətəndaşı olduqlarını, burada tam təhlükəsiz şəraitdə yaşayacaqlarını dəfələrlə bildirdi. Lakin ermənilər bizim qanunlara tabe olmaq istəmədilər. Bu səbəbdən də getməyi seçdilər.

Bütün dünya bunu görür. Görür ki, bu gün Qarabağda onlar üçün heç bir problem, təzyiq yoxdur. Bəs belə isə bütün bunların əksini danışanları kim susdurmalıdır?..

Mətanət Məmmədova

Digər xəbərlər