Lalə Mehralı
Ana südünün dadını bilirsinizmi? Kəmşirindir, ananın yediyi qidalara görə bəzən dadını və rəngini dəyişə bilir, amma normalda azacıq şirindir. Körpənin oğlan və ya qız olmasından asılı olaraq ana südünün tərkibi dəyişə bilir. Yaradanın qüdrətinə bax ki, eyni anda bir süd vəzisindən oğlan uşağı, bir süd vəzisindən qız uşağı əmərsə hər uşağa görə ayrı tərkibdə süd istehsal edir orqanizm.
Ana südü körpənin inkişafına görə özü-özünü tənzimləyir, yəni süd şüurlu şəkildə tərkibini dəyişə bilir. İnsan ömrünün heç bir dövründə heç bir qida tək qida mənbəyi ola bilməz, yalnız ana südündən başqa. Gündüz və gecə ana südü öz tərkibini dəyişdirir, gecələr körpənin daha rahat həzm edə bilməsi üçün daha yüngül tərkibdə süd ifraz edilir, gündüzlər isə daha zəngin olur. Ana südünün yağlılığı ən çox səhərlər yüksək olur.
Yarımçıq doğulan körpələrin anasının südü vaxtında doğulan körpələrin anasının südündən 20 faiz daha qüvvətli olur. Möcüzəyə baxın, körpənin normadan zəif olduğunu ana orqanizmi anlayır və daha qüvvətli süd istehsal edir. Ana südünün tərkibi hər həftə dəyişir, körpənin böyüdükcə hər həftə fərqli mineral və vitaminə ehtiyacı olur çünki. Sizcə də heyrətamiz deyilmi?
Amma, bütün bu qüdrətə sahib olan və südünü sağıb tualetə tökən qadınlar var...
Bütün dünyada ana südü ilə qidalanma nisbətini artırmaq üçün müxtəlif tədbirlər görürlər, mexanizmlər işləyirlər, təşviqedici proqramlar tətbiq edirlər. Anlarla hamiləlik boyunca maarifləndirmə işi aparırlar, həkimlər, əmzirmə mütəxəsisləri məsləhətlərini verir. Bu tədbirlərin sayəsində analar ada südünün əhəmiyyətini anlayır, əmzirmənin faydasını bilir.
Ana südü ilə qidalandırma faizinin ölkəmizdə 50 ətrafında olduğu iddia edilir, lakin müşahidə və təcrübələr göstərir ki, real rəqəm daha azdır, amma 10 il əvvəlki 23-25 faizlik göstəricilərə nisbətdə "buna da şükür" deyə bilərik. Əgər bu problem sizə çox xırda görünürsə, demək ki, süni uşaq qidalarının təhlükəsi barədə hələ çox məlumatlı deyilsiniz.
Dünyada hər il 1 milyondan çox uşaq ana südü ilə qidalanmadığı üçün vəfat edir. Onların ölümünə səbəb olan ishal, nəfəs yolu xəstəlikləri, bir çox infeksiya ana südü əmən uşaqlarda rastlanmır. Həmçinin, ana südü əmən uşaqlarda “miningit”, qulaq infeksiyaları, revmatizm, əsəb problemi, immun çatışmazlığı da olmur, orta qulaın iltihabını belə ana südü sağalda bilir. Bundan əlavə döş əmən uşaqlar çox az xərçəng xəstəliyinə tutulma riski daşıyırlar, onlar yaşıdlarına nisbətdə daha az diabetə yoluxurlar.
Ana südü hər körpənin haqqıdır, onu bu nemətdən məhrum etməyə heç bir ananın haqqı yoxdur. “Südüm yoxdur”, “süd vəzim korlanır”, “işləyirəm” kimi iddialara, bəhanələrə sığınmayın. Hamiləlikdə sağlam qidalanın ki, övladınızın təməl qidası bol olsun, onu yalnız biznes maraqları güdən işbazlardan, süni qidalarla gefondumuzu dağıtmağı qarşısına məqsəd qoyan böyük güclərin təsirindən qoruyasınız. Hər yeri zəbt etmiş süni qidalarının reklamlarındakı “biz sizin övladınızı düşünərək ən yaxşı qidanı hazırladıq” kimi cümlələrə aldanmayın. Unutmayın ki, heç kim sizin övladınızı sizin qədər düşünə bilməz.
İnsanın ən vacib və təməl qidası ana südü üzərində həyasızcasına alver quran, yenidoğulmuşları ana südünə həsrət qoyub “smes” bazarını çiçəkləndirən, "südündə mikrob var" deyib qadının həyatının ən həssas dönəmini kabusa çevirən "həkimlər", sizin bəlanızı isə bizi yaradan verəcək. Mütləq verəcək!