PDF Oxu

Köşə

  • 3 938

Gəlin, imtina edək! KÖŞƏ

image

15 noyabr Beynəlxalq Tütünçəkmədən İmtina Günüdür. 1977-ci ildə Amerikanın Onkoloji Cəmiyyəti tərəfindən təsis edilən bu gün hər il noyabrın üçüncü çərşənbə axşamı qeyd olunur.

Həmçinin 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə “31 may – Ümumdünya Tütünsüz Günü” elan edilib. Dünyanın 50-dən artıq ölkəsinin imzaladığı ÜST-nin 21 may 2003-cü il tarixli Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına Azərbaycan 2005-ci il noyabrın 1-də qoşulub. Tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən bəşəriyyətin ilk beynəlxalq razılaşması olan bu Konvensiya ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının hər hansı formada reklamını qadağan edir.

Tütün çəkənlərin sayının artım dinamikası narahatlıq doğurur. Bununla yanaşı, ictimai yerlərdə siqaret çəkildikdə ətrafdakılar özgəsinin siqaret tüstüsünü udmaqla passiv siqaret çəkməyə məruz qalırlar.

Çox təəssüf ki, siqaret çəkməyənlər siqaret çəkənlərin qurbanı olurlar. Onların tüstüsündə boğulub zəhərlənirlər. Belə ki, Azərbaycanda siqaret çəkməyənlərin 29% evdə, 41% isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır:

Böyüklər arasında passiv tütünçəkmə göstəriciləri son illər azaldığına baxmayaraq, hələ də yüksək olaraq qalır. Araşdırmalara görə kişilərin 28% iş yerlərində, qadınların 23% evdə tütün tüstünün təsirinə məruz qalır.

Bəzən siqareti tərgitmək istəyən insanlara da rast gəlirik. Onlar elektron siqaretə keçməklə siqareti tərgidəcəklərini zənn edirlər. Lakin mütəxəssis həkimlər deyir ki, elektron siqaretdən istifadə etmək ən azı adi siqaret qədər təhlükəlidir. Siqaretin insan orqanizmi üçün ən təhlükəli tərəfi onun tərkibindəki qətrandır. Həkimlər də ən əsas buna görə insanlara siqaretdən imtina etməni məsləhət görür. Nikotin aludəçiləri isə çıxış yolunu elektron siqaretdə görürlər. Amma yanılırlar, siqaretin tərkibində olanlar demək olar ki, elektron siqaretdə də mövcuddur və bu, insan sağlamlığı üçün birbaşa təhlükədir.

Bu məsələlərin ciddiliyi nəzərə alınaraq ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun da qüvvəyə minib. Qanunu pozanların 30 manatdan 1000 manata qədər cərimə olunması müəyyənləşdirilib. Qanuna əsasən, tütün məmulatlarından (siqaret), sulu qəlyan və elektron siqaretdən istifadə müəyyən yerlərdə qadağan olunub.

Hələ də aramızda bu qanuna zidd gedən insanlar var ki, onlarla hər kəs qarşılaşıb. Belələri haqqında tədbirlərin görülməsi sözsüzdür. Lakin onlar gözdən uzaq yerlərdə məqam düşən kimi ətrafa tüstülərini yaymaqla məşğuldurlar. Çox təəssüf, onlar arasında sürücülər də var ki, bəzən taksidə utanmazcasına səndən “siqaret çəkə bilərəmmi?”,- deyə soruşurlar...

Nə qədər ki, hələ də qanundan xəbərsiz insanlar var, onlar cəmiyyət arasında özlərini lazımi səviyyədə apara bilməyəcək və bizlər də passiv siqaret çəkən olaraq qalacağıq.

Lakin hər kəs tək özünü deyil, ailəsini, iş, yol yoldaşını, qonşusunu, qohumunu, dostunu, xüsusilə də övladını düşünməlidir. O zaman papirosunu yandıranda onları da yandırdığını bəlkə dərk edər.

Beləliklə, ən yaxşısı odur ki, gəlin tütündən imtina edək!

Mətanət Məmmədova

Digər xəbərlər