PDF Oxu

Köşə

  • 6 081

Qazdan ayıq olaq… - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Qış mövsümünə keçid zamanı aktuallaşan məsələlərdən biri də qaz partlayışları və dəm qazından zəhərlənmələrlə bağlıdır. Son illərdə baş vermiş qaz partlayışlarında onlarla vətəndaşımız dünyasını dəyişib, neçə evlər, binalar dağılıb. Araşdırmalar göstərir ki, bunun səbəbi qaz sistemlərində baş verən sızmalar, qeyri-standart qaz cihazlarından istifadə və qaz qurğuları ilə davranış qaydalarının kobud pozulmasıdır. Bir çox hallar da var ki, partlayışlara, sızmalara səbəb olur- məsələn, uzun illər istifadə olunan boruların, krantların çürüməsi, sıradan çıxması və buna fikir verilməməsi.

Bundan başqa, dəm qazından zəhərlənmələr də hər il onlarla vətəndaşımızın həyatına son qoyur. Bunun da səbəbi hamam otaqlarında, mətbəxdə və qaz cihazlarının qoyulduğu digər otaqlarda hava çıxışlarının olmaması və ya tutulması, qaz detektorlarının qoyulmamasıdır. Əksər abonentlər hava çıxışlarını və qaz borularını yoxlatmadığından, qaz sistemi ilə təlimata uyğun davranmadığından faciələr baş verir. Məsələn, bir çox mənzillərdə, evlərdə su qızdırıcı qaz cihazları hamamda quraşdırılır, amma hamamın hava çıxışı yoxdur, varsa belə, tutulub, üstəlik qapıda kiçik yarıqlar qoyulmayıb. Nəticədə, heç iyi-qoxusu olmayan dəm qazından zəhərlənmələr və ölümlər baş verir.

Qeyd etməliyik ki, son illərdə qazdan başqa verən prtlayışlar və dəm qazı zəhərlənmələri hallarının böyük ölçüdə azalması Azəriqaz və medianin bu istiqamətdə birgə və davamlı apardığı maarifləndirmə nəticəsində mümkün olub. Buna baxmayaraq hələ də belə hallar baş verir və buna tamamilə son qoymaq üçün bu ildən etibarən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Prezident Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azəriqaz İB tərəfindən evlərdə və obyektlərdə texniki müayinələrin aparılmasına başlanıb.

Texniki müayinə zamanı sayğacdan başlayaraq bütün qaz sistemi yoxlanır. Sayğacın normal işlədiyi, qaz xətlərində sızmaların olmadığı, qaz cihazlarının standartlara uyğun olduğu, hamam və mətbəxdə hava çıxışlarının təmiz olduğu aşkar olunarsa, akt tərtib olunur və abonentə xidmət davam etdirilir. Əgər hər hansı bir nöqsan aşkarlanarsa, bunun aradan qaldırılması üçün abonentə 1 ay vaxt verilir. Nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar yoxlama üçün qaz istismar idarəsinə müraciət edilməlidir. Əgər yoxlama zamanı təhlükəli vəziyyət aşkar olunarsa, bu halda qaz təchizatı dayandırılacaq və problem aradan qaldırıldıqdan sonra bərpa olunacaq.

Yeni şərtlərə görə, mənzillərdə və ya obyektlərdə 2 detektor olmalıdır- biri mətbəxdə qaz sızmasını aşkarlayan metanahəssas cihaz, digəri isə vanna otağında dəm qazını aşkarlayan cihaz. Bu cihazlar işlək vəziyyətdə olmalı və təhlükə zamanı səs və işıq siqnalları verməklə dərhal ümumi qaz klapanını bağlamalıdır.

Texniki müayinə ödənişsiz həyata keçirilir, lakin aşkar olunan nöqsanların aradan qaldırılması, qaz detektorlarının quraşdırılması xərcləri abonent tərəfindən ödənilməlidir.

Azəriqaz-ın rəhbər şəxsləri mütamadi olaraq televiziya və radio proqramlarında, sosial şəbəkələrdəki səhifələri üzərindən canlı yayımlarda və hər həftə keçirilən “Açıq qapı” aksiyalarında bütün sualları cavablandırır, abonentlərin şikayətlərinin həlli üçün çalışırlar.

Qaz təchizatı kommunal sistemlər arasında ən təhlükəlisidir, burada adi diqqətsizlik, məsuliyyətsizlik çox ağır faciələrə gətirib çıxara bilir. Ona görə də, qazdan ayıq olmalıyıq. Evimizdə, obyektimizdə qaz təhlükəsizliyini təmin etməli, qaz cihazları ilə təlimata uyğun davranmalıyıq. Hər hansı bir problem aşkar olunduqda qaynar xətlərə (104, 185) və ya qaz istismar idarələrinə müraciət etmək lazımdır.

Qazdan ayıq olmasaq, bu təkcə özümüzün deyil, başqalarının da həyatı bahasına başa gələ bilər. Ona görə də, bu məsələdə məsuliyyətli və diqqətli olmalıyıq.

Digər xəbərlər