PDF Oxu

Köşə

  • 5 392

Uşaqları mediada qorumalı, ya mediadan qorumalı? - KÖŞƏ

image

Lalə Mehralı

Uşaq hüquqlarının və təhlükəsizliyinin təminatı, uşaqların mediada qorunması, habelə uşaqların mediadan qorunması anlayışı, əslində, çox geniş mövzudur. Hər dövrün öz uşaqlığı, öz uşaq problemləri və həll yolları olub, media bu istiqamətdə həlledici rol da oynayıb. Əslində, uşaq haqlarının müzakirəsi, mediada qorunması, sadəcə, onların təhlükəsizliyi yox, ümumilikdə dünyanın gələcəyinin təhlükəsizliyi deməkdir.

Mediada uşaq hüquqlarının müdafiəsi uşaq haqları mövzusu kimi çeşidli və mərhələli prosesdir. Media dünyanı səsli, görüntülü və yazılı tora salmış böyük bir hörümçəkdir. Media anlayışı yekdil fikir ifadə etsə də, dinə, irqə, coğrafiyaya, dilə görə fərqli problemləri ola bilir. İnkişaf etmiş yeni dünya qaydalarına görə ortaq media anlayışı çox məhduddur və qaydalar hər ölkəyə görə dəyişə bilir.

Uşaq haqları və media mövzusunun da, əslində, ucu-bucağı yoxdur. Uşağın mediada necə, nə cür təmsil olunması, müzakirə edilməsi, yer alması uşaq haqları ilə uyğunlaşmalı, biri digərini tapdamamalıdır. Uşaqların ən çox təmasa məruz qaldığı media növü olan televiziyaların üzərinə bu işdə çox böyük məsuliyyət düşür. Günlərinin müəyyən hissəsini televizor qarşısında keçirən uşaqlar efirdə tərbiyələrinə, sağlamlıqlarına, psixoloji inkişaflarına zərər verəcək material görməməlidir. Amma...

Dəfələrlə şahidi olmuşuq, sosial proqram adı verilən efir bazarından kadrlar paylaşılır sosial şəbəkələrdə. Azyaşlı uşaqları çıxarırlar efirə, ata-anası qınaq atəşinə tutulur. Guya yardım məqsədi ilə çıxarılıb efirə, amma siz də, mən də bilirik ki, buradakı əsl məqsəd reklamdır, reytinqdir. Uşaqlara yardım etmək istəyən peşəkar jurnalist, aparıcı o yardımı uşaqları efirə çıxarmadan, üzlərini göstərmədən, aləmə car çəkmədən də edə bilər. Amma bu halda reytinq qazana bilmir, reklam edə bilmir deyə azyaşlını efirdə istismar edir, ağlatmağa, göz yaşları üzərindən pul qazanmağa çalışır.

Məşhur bir hüquqşünas qonaqları da olur bu tip proqramların. Hüquqdan zərrə anlamayan hüquqşünas! Hansısa bir kənddə fermada işləyən, orada yaşayan, öz yağı ilə qovrulan ailəyə sanki küçədə zibil eşən siçovula baxar kimi baxan, insanlıqdan zərrə qədər pay almayan insan. Qınağın biri 3 qəpik, təhqir havayı. Bir dəfə bir verilişdə hətta fağır, heç kimlə işi olmayan atanı narkoman, uşaqlarını ağıldankəm, gerizəkalı elan etdilər. Ata ömründə siqaret belə çəkmədiyini deyir, mikrafonu söndürürlər.

Ailəni çoxuşaqlı olduğuna görə az qalırlar edam etsinlər. Axı sizdən kimsə xahiş etməyib bu ailəni efirə çıxarın, yardım toplayın. O ailə heç sizin varlığınızdan belə xəbərdar deyil. Öz şounuza rəng qatmaq, düşmüş reytinqinizi qaldırmaq istəyəndə yada çoxuşaqlı, kasıb ailə düşür. Siz yaxşılıq edirsiniz? Sizin yaxşılığınız başınıza dəysin! Yaxşılığı belə etmirlər.

Bu jurnalistika deyil, bu media deyil. Peşəkarlıq belə olmur. İndi biz necə edək? Peşəkar jurnalist olaraq uşaqları mediada qoruyaq, ya valideyn kimi uşaqlarımızı mediadan qoruyaq? Uşaqları mediadan qorumaq ehtiyacı duymaqdansa, uşaqları etibar edə biləcəyimiz bir media sistemi formalaşdırmaq daha əlverişli olmazdı? Biz övladımız efirdə kimə, nəyə baxır deyə narahat olmamalıyıq, efirdə peşəkarlar var deyə övladımızın izləyəcəyi proqramlardan arxayınlıq hiss etməliyik. Amma çox təəssüf ki, bu gün dünya mediası təcavüzə məruz qalan körpələrin üzünü açıq nümayiş etdirəcək, adını aydın yazacaq vəziyyətə gəlib çıxıb.

Digər xəbərlər