Köşə

  • 4 507

“LİKE” jurnalistikası

image

Vaxt var idi ki, jurnalistika adlı bir ixtisas vardı. Hamı bu ixtisas sahiblərinə dərin hörmət hissi ilə yanaşırdı. Çünki onlar Zərdabidənqalma güzgüdə əyrini əyri, düzü düz görüb yazırdılar. Cəmiyyət nümayəndələri də bunları oxuyarkən düzdən ləzzət alır, əyri üçün ürəyindən tikan çıxırdı.

Bu jurnalistika o zaman vardı ki, mətbuatda peşəkar jurnalistlər vardı. Bu jurnalistlərin arasında uşaq-muşağın sözü keçmirdi.

Zaman dəyişdi. Jurnalistika səmum küləklərinin qurbanı oldu. Peşəkarların çoxu dünyasını dəyişdi, qalanlar isə yeni yaranan “jurnalist ordusunun” qarşısında azlığa çevrildi. Belə olan yerdə yenilər özləri üçün yeni bir jurnalistika yaradıb, onun jurnalistlərinə çevrildilər. Bilmək mümkün deyil heç onları bu ixtisasla, yazı-pozu, mətbuatla əlaqəsi var, yoxsa yox, nə edəsən ki, adlarını qoyub jurnalist yiyələniblər bəzi agentlik və saytları, məşğuldurlar nə ilə? “Like” jurnalistikası ilə.

Nədir “like” jurnalistikası? Deməli, müasir dövrümüzdə artıq yalnız xəbərdən ibarət olan mətbuatımıza bu jurnalistika “janrı” yenilik gətirib. Velə ki, hazırda özünü jurnalist zənn edib onun mahiyyətinin nədən ibarət olduğunu bilməyənlər “like” jurnalistikası ilə məşğuldur. Onların yeganə məqsədi var: nə edək ki, yazdığımız heç bir məqsədi olmayan, məna daşımayan, həqiqətə sığmayan xəbərciklərə saysız oxucu baxsın, bizim agentlik və ya sayt oxucu baxışına görə ilk sıralarda dayanan media orqanı olsun.

Son dövrlər bu “like” jurnalistikasının elə bir inkişaf dövrüdür ki, gələcəkdə bu illər xüsusi araşdırma mövzusu olacaq. Çünki hazırda ölkədə “like” ilə məşğul olan jurnalist ordusu yaranıb. Xəbərcikləri ələkdən un ələnən kimi ələyirlər. Səhlövhəni oxuyursan, cəlb edir, keçirsən mətnə ki, nə, sərlövhə ilə əsla əlaqəsi yoxdur. Və yaxud da bu xəbərciklər elə bir sərlövhə ilə verilir ki, nə milli kökümüzlə, nə milli ruhumuzla, nə əxlaqi, nə də insani dəyərlərimizlə əsla uzlaşmır. Yalan, saxtakarlıq bu yeni jurnalistika sahəsində aparıcı qoldur.

Bu jurnalistlər, fərqinə varan olursa, saysız siyasi səhvə yol verir, milli-mənəvi dəyərləri boğur, əxlaq kodeksinin ziddinə gedirlər...

Vaxtilə (elə indi də tək-tük belə jurnalistləri qalıb) jurnalistlər hansısa araşdırma edirdisə, mükəmməl bir məsələni tapıb ortaya qoyurdusa, tarixin o üzünə boylanıb maraqlı faktlarla zəngin yazı ortaya çıxarırdısa, müsahibələr, öçerklər, felyetonlarla insanların ruhunu oxşayırdısa, hazırda “like” jurnalistikası bütün bu ənənələrin əksini edir. Bu sahənin jurnalistlərinin gündəlik axtarışı yalnız qara niyyətlərdən ibarətdir: nə edək ki, “like” yığaq. Nə edək ki, insanların fikrini yerli-yersiz məsələlərə cəlb edək. Beləliklə, siyasətdən tutmuş təhsil, səhiyyə, mədəniyyət məsələlərinədək, sənət adamlarından tutmuş gündəlik həyatımızadək əllərini uzadır, “like” mətbuatını inkişaf etdirməyə çalışırlar. İntaharlarla, narkomaniya ilə, məktəbdə baş verən adi bir hadisə, xəstəxanada olan bir məsələ ilə bağlı yalnız sərlövhə xətrinə jurnalist olanların yazılarına nəzər salmaq dediklərimizi təsdiq etmək üçün yetərlidir.

Bu günlərdə hörmətli aktyor Səməndər Rzayevlə bağlı bu “like”lərin verdiyi şəkil və yazdığı cümlələr daha dözülməzdir. Aktyorun məzarının guya baxımsızlığı ilə “like” axtarışına çıxanların məqsədi aydınca görünür. Bu, Səməndər Rzayev kimi sənətkara qarşı uyğun olmayan hərəkətdir. Digər tərəfdən isə İslamda buyurulur ki, məzar itməlidir. Nə üçün belə jurnalistlər məzarlar üzərində ucaldılan imarətlərdən deyil, məzarın baxımsızlığından söhbət açır. Yəqin gücləri buna çatır...

Çox təəssüf... Təəssüf ki, zaman-zaman sözə işləyən jurnalistikanı pula işləyən jurnalistika əvəz edir... Təəssüf ki, araşdırmaların yerini qalmaqallar əvəzləyir... Təəssüf ki, jurnalist adını haqq edənlərlə haqq etməyənlər eyni ixtisas sahibidirlər. Təəssüf ki, itirdiyimiz qazandığımızdan daha çoxdur...

Mətanət Məmmədova

Digər xəbərlər