Köşə

  • 7 462

Görünməz düşmənlə mübarizə: necə xilas olmalı? – KÜNCDƏN BAXIŞ

image

Bu qış mövsümü də dəm qazından zəhərlənmə və ölüm halları ilə bağlı xəbərləri oxuyası olduq. Statistikaya görə, son illərdə bu halların saynda xeyli azalma var. Belə görünür ki, aparılmış maarifləndirmə tədbirləri, habelə, Azəriqaz və abonentlərin özü tərəfindən görülən təhlükəsizlik tədbirləri öz effektini verir. Lakin hələ də problem aradan qalxmayıb, yaxşı olar ki bu cür zəhərlənməyə məruz qalanlar ümumiyyətlə olmasın.

Evlərdə, obyektlərdə qaz sisteminin düzgün qurulmadığı, qaz avadanlıqlarından düzgün istifadə olunmadığı, təhlükəsizlik tələblərinə riayət olunmadığı müddətcə bu vəziyyət davam edəcək. Qaz avadanlıqların quraşdırılması mütəxəssislər tərəfindən deyil, həvəskar ustalar və ya ev sahibi tərəfindən həyata keçirilirsə, təhlükə ikiqat artır. Normal işləməyən, standartlara cavab verməyən qaz cihazları təhlükə mənbəyidir.

Dəm qazı, yəni karbon-monoksid rəngsiz, dadsız, qoxusuz, tez alışan zəhərli qazdır. Karbon monoksid qazı karbon tərkibli materialların yanması və ya natamam yanması nəticəsində yaranır. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur, əlbəttə əgər bu bacalar tutulmayıbsa. Əgər yanmış qazlar bacalardan rahat xaric ola bilmirsə, içəridə toplanır, tənəffüs yolu ilə bədənə daxil olur və birbaşa qana keçir, oksigenin udulmasının qarşısını alır, zəhərlənmə və ölümə səbəb olur. Karbon monoksid zəhərlənməsinə səbəb ola biləcək vasitələr qapalı mühitlərdə yandırılan sobalar, bacaların tutulması, qazla işləyən su qızdırıcısıdır.

Yeri gəlmişkən, son illərdə yeni istifadəyə verilmiş evlərdə, mənzillərdə qaz avadanlıqlarının quraşdırılması zamanı qaz dedektorlarının qoyulması da tələb olunur. Qaz sızması və zəhərlənmə təhlükəsi olduğu barədə xəbərdarlıq siqnalı verən bu dedektorlar təhlükə anında işə düşür. Dəm qazından qorunmaq üçün ən etibarlı yol dəm qazı aşkarlayan detektora sahib olmaqdır.

Qazla bağlı təhlükəsizliyinin təmin olunması, qəza və ölüm hallarının baş verməməsi üçün hər şey başdan düzgün edilməlidir. Əvvəla, evə, mənzilə, obyektə qazın çəkilişi ixtisaslaşmış lisenziyalı şirkətlər tərəfindən aparılmalıdır və Azəriqaz tərəfindən yoxlanılıb rəy verildikdən sonra qaz sistemində özbaşına heç bir dəyişiklik edilməməlidir. İkincisi, qaz cihazları və avadanlıqlarından istifadə edərkən mütləq standartlara cavab verən, müvafiq sertifikatı olan avadanlıqlar seçilməlidir. Üçüncüsü, qazla davranış haqda təlimatlara riayət edilməlidir. Dördüncüsü, mənzildə qaz detektoru olmalıdır. Hazırda bu cihazlar ucuz qiymətə hər yerdə satılır. Beşincisi, suqızdırıcı qaz cihazları qapalı hamamda quraşdırılmamalıdır. Əgər başqa imkan yoxdursa, bu halda hamamın hava çıxışı təmiz olmalıdır, üstəlik qapıların aşağı hissəsində bir neçə yarıq qoyulmalıdır. Bu şərtlərə riayət edilsə, heç vaxt hər hansı bir qəza, o cümlədən dəm qazından zəhərlənmə olmaz.

Hər hansı təhlükə və ya şübhə zamanı dərhal müvafiq idarəyə məlumat verilməlidir. Azəriqaz son illərdə bütün şikayət və müraciətlərə, qəza siqnallarına çox operativ reaksiya verir və problem aradan qaldırılır. Baş vermiş qəzaların analizi göstərir ki, orada əvvəldən təhlükə olub, lakin bu haqda müvafiq idarəyə heç bir məlumat verilməyib. Belə bir məlumat olduqda, artıq məhsulliyət Azəriqazın üzərinə düşür və o da problemi aradan qaldırmağa çalışır. Əks halda, məsuliyyət vətəndaşların üzərində qalır və təhlükə də faciəyə çevrilir.

Bu ildən başlayaraq Azəriqaz tərəfindən bütün ölkə üzrə texniki müayinələrin keçirilməsinə başlanılıb. Qaz təhlükəsizliyini kobud pozan, qaz sistemində özbaşına dəyişikliklər edənlərin qaz təchizatı bu nöqsanlar aradan qaldırılanadək dayandırılır.

Ona görə də, abonentlər qaz sisteminin yoxlanmasını təmin etməli, qazdan istifadə zamanı müvafiq təlimata riayət etməlidirlər ki, faciələr baş verməsin. Unutmayaq, qaz görünməz düşməndir və onunla zarafat əksər hallarda faciələrlə nəticələnir.

Digər xəbərlər