Köşə

  • 7 493

Şişmiş Bakı – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Bakı şəhərində vəziyyət getdikcə kritikləşir. Belə ki, artıq nə yollarda tıxacların əlindən şəxsi maşınla harasa getmək olur, nə də ictimai nəqliyyatdan istifadə etmək. Hətta qeyri-pik saatlarda belə avtobusa, metroya minmək olmur. Məhz bu səbəbdən bir çox vətəndaşlar avtomobil almağa məcbur olub.

Bir də görürsən bir ağıllı çıxıb insanları şəxsi avtomobillərdən istifadə etməməyə çağırıb.Bəri başdan deyim ki, hazırkı vəziyyətdə bu çox gülünc çağırışdır. Necə yəni avtomobildən istifadə etməyin? At minsinlər? Bəlkə, on kilometrlərlə yolu piyada gedib-gələk? Paytaxtda sərnişindaşıma sistemi bərbad haldadır. Şəxsi maşından imtina ediləcək şəhərdə gərək çoxsaylı nəqliyyat sistemləri olsun. Bakıda tramvay və trolleybus, həmçinin, elektriçkalar vaxtilə ləğv edilib. Yerüstü sərnişindaşımanın son nümayəndəsi olan avtobuslar isə yox kimi şeydir. BNA sanki qəsdən bu sahəni daha da bərbad hala saldı. Belə şəhərdə hər kəs özünə maşın almağa məcburdur.

Son aylarda isə Bakının sərnişindaşıma sistemində problemlər daha da artıb. Avtobusların sayı azalıb, marşrutların intervalı çoxalıb. Metroda artıq acınacaqlı vəziyyət yaranır. İnsanlar saatlarla küçələrdə qalır. Həddən artıq sıx şəkildə vaqonlarda, avtobuslarda əziyyətlə gedirlər.

Nəqliyyatla bağlı problem yalnız bu da deyil, tıxaclar şəhəri iflic vəziyyətə salıb. Artıq şəhərkənarı ərazilərdə də tıxaclar yaranır. Özü də təkcə işə gedib-gəlmək saatlarında deyil, adi vaxtlarda da. Bəzi ekspertlər upotik layihələr təklif edirlər. Məsələn, Bayıldan Əhmədli istiqamətə buxta üzərindən körpü tikmək. Vaxtilə belə təşəbbüslər oldu, hətta bir xarici şirkətlə danışıq aparıldı, layihə smeta xərcləri hesablandı, məlum oldu ki, belə bir körpü sistemi 4-5 milyarda başa gələcək. Bu qədər vəsaitə bir şəhər salmaq olar.

Bakını normal vəziyyətə gətirmək üçün şəhərdə son onilliklərdə tikilən bir çox binalar, obyektlər sökülməlidir. Mərkəzi hissələrdə tikinti tam dayandırılmalıdır, mərkəzin yükü azaldılmalıdır.

Bakı dünyada yerüstü sərnişindaşımada yalnız avtobusların qaldığı yeganə paytaxt şəhəridir. Vaxtilə qəsdən məhv edilmiş nəqliyyat sistemləri- tramvay, trolleybus və elektrik qatarları- bərpa edilməlidir. Dənizdə kater taksilərin hərəkəti təşkil olunmalıdır. Metro stansiyalarının sayı sürətlə artırılmalıdır.

Bundan başq digər yardımçı tədbirlər də görülə bilər. Bakıda iş saatlarının dəyişdirilməsinə ehtiyac var. Bəzi dövlət idarələri və təhsil müəssisələri fərqli saatlarda işə başlasa və bitirsə, yük bərabər paylanar və eyni saatlarda bu qədər gərginlik olmaz.

Bu kimi tədbirlər vəziyyəti müvəqqəti və kiçik səviyyədə həll edə bilər. Çünki problem fundamentaldır. Müvəqqəti tədbirlər problemi aradan qaldırmır. Problemin həllinə fundamental yanaşılmalı, kompleks şəkildə həll edilməlidir.

Əhalinin Bakıya cəmləşməməsi, əksinə paytaxta toplaşmış region əhalinin bölgələrə qayıtması üçün sosial-iqtisadi tədbirlər görülməlidir. Digər şəhərlərdə fabrik və zavodlar tikilməli, bəır sıra iri müəssiələr, bəzi dövlət və bütün özəl ali məktəblər başqa şəhərlərə köçürülməlidir.

Hazırda Bakıda hərəkət kollaps vəziyyətindədir. Paytaxtımız artıq yaşanılmaz hala gəlib və normadan artıq şişirdilmiş şara bənzəyir. Şəhər artıq bu yükü götürə bilmir. Nəinki nəqliyyat sistemi, kommunal infrastruktur belə çatdırmır. Bu normal urbanizasiya deyil, ölkə əhalisinin biristiqamətli daxili miqrasiyasıdır. İlk növbədə bu axının dayandırılması üçün optimal tədbirlər görülməli, daha sonra əhalinin Bakıda regionlara qayıtması üçün proqramlar həyata keçirilməlidir. Xüsusən də Qarabağ zonasına yaxın bir neçə ildə yarım milyon əhalinin köçürülməsi imkanı var.

Bu məsələnin Milli Məclisdə geniş müzakirəsinə və müvafiq qərarların qəbuluna böyük ehtiyac var. Bu biabırçılığa son qoyulmalıdır.

Digər xəbərlər