Köşə

  • 7 823

Qlobal ərzaq böhranı başlayır: Azərbaycanı nə gözləyir? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

.

Dünya yeni ərzaq böhranı dövrünə qədəm qoymaqdadır. Əksər ölkələrdə ərzaq məhsullarının qiyməti durmadan bahalaşır. Qlobal ərzaq qıtlığı problemi ən çox idxaldan asılılığı çox olan ölkələri təhdid edir. Azərbaycanda da zəruri tələbat məhsullarının təxminən yarısı idxal hesabına formalaşır. Nəticədə, dünyada həmin məhsulların bahalaşması ölkəmizdə də bahalaşmaya səbəb olur.

Son illərdə ərzaq məhsullarında qiymət artımları tendensiya halını alıb. İndi azad bazar dövrü olduğundan hökumət qiymətləri tənzimləyə bilməz və bu səbəbdən bunun qarşısını inzibati metodlarla almaq çətindir. Bu problemin həlli yolu ölkədə ərzaq istehsalının yüksəldilməsi və idxaldan asılılığın ləğv edilməsindən keçir.

Bazar iqtisadiyyatının və qiymət liberallaşmasının özünün qanunauyğunluqları var. Kimisə hər hansı məhsulu xaricdən gətirib öz qiymətinə satmağa məcbur etmək olmaz. Hökumət sosial və iqtisadi mexanizmlərlə bu prosesə təsir edə bilər, ancaq inzibati vasitələrlə heç nə etmək mümkün deyil.

Ona görə də, bahalaşma prosesi zamanı əhalinin rifahını qorumaq, alıcılıq qabiliyyətini təmin etmək, yəni, heç olmasa, sosial müdafiəyə ehtiyacı olan təbəqələrin vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün tədbirlər görülməsı vacibdir.

Qiymət artımında xarici amillərin təsir payı böyük olsa da, daxili amillərin də təsiri olmamış deyil. Bunlardan bəzi istehsal və idxal sahələrində inhisarçılığı və yerli məhsulda qiymət artımını şərtləndirən stimullaşdırıcı tədbirləri göstərmək olar.

Qiymət artımında əsas amillərdən biri olan inhisarçılıq nəticəsində bazara süni təzyiqlər artır və mümkün ucuzlaşmanın da qarşısı alınır. Bahalaşma zamanı əhalinin alıcılıq qabiliyyəti getdikcə aşağı düşdüyündən, maya dəyəri baha başa gələn keyfiyyətli məhsulun əvəzinə bazara ucuz və keyfiyyətsiz, hətta saxta məhsullar çıxarılır.

Dünya bazarında qiymətlərin artması o demək deyil ki, bu ölkədə ucdantutma bütün məhsulların bahalaşmasına səbəb olmalıdır. Ərzaq təhlükəsizliyi üzrə xüsusi proqram həyata keçirən ölkələrdə xarici amillərin mümkün təsirlərindən maksimal sığortalanma asan olur. Belə ölkələrdə əsas tələbat malları ölkənin özündə istehsal olunur və bu da xarici amillərin təsirlərini minimuma endirir.

Kəndlinin öz məhsulunu sərbəst və maneəsiz şəkildə bazara çıxarma imkanlarını, möhtəkirliyin aradan qaldırılmasını, və anti-inhisar tədbirlərini də əlavə etsək, belə ölkələrdə xarici amillərin təsiri ilə bahalaşmanın yaranması üçün heç bir səbəbin olmadığı aydın olar.

Nəzərə alsaq ki, Azərbaycan özünü kənd təsərrüfatı malları tam təmin etmək gücündədir və əksər ölkələrlə müqayisədə bizim ölkənin daha yaxşı iqlim, həmçinin münbit torpaq imkanları var, o zaman aydın olar ki, mövcud potensialdan düzgün və səmərəli istifadə etməklə buna nail olmaq olar.

Aqrar sektorun konseptual inkişafı üçün ciddi bir proqrama ehtiyac duyulur. Buraya ərzaq təhlükəsizliyi də daxildir. Ərzaq təhlükəsizliyi həm də kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Kənd təsərrüfatı isə yeyinti sənayesi və yüngül sənayenin inkişafı üçün birbaşa mənbədir.

Dünyanın inkişaf etmiş ölkələrində gəlirinin 30 faizindən çoxunu ərzağa xərcləyən insanlar yoxsul hesab olunur. Azərbaycanda əhalinin azı yarıdan çoxu öz gəlirlərinin təxminən 50 faizindən çoxunu ərzağa xərcləməyə məcburdur. Bu o deməkdir ki, bizdə ərzağın qiymətləri əhalinin gəlirlərinə nisbətdə yüksəkdir. Təsaüfi deyil ki, bütün qonşu ölkələrlə müqayisədə bizdə zəruri tələbat mallarının qiyməti daha bahadır.

Azərbaycanda aqrar sektorun inkişafına milyardlarla manat vəsait ayrılır. Dövlət dotasiyalar, subsidiyalar verir, müxtəlif güzəştlər, yardımlar tətbiq edir. Bu sahədə müəyyən nailiyyətlər əldə olunub, lakin hələ də potensialımızdan xeyli aşağı göstəricilərə sahibik. Demək, qəbul olunan dövlət proqramlarının icrası effektli aparılmayıb və bu məsələyə daha ciddi diqqət verilməlidir.

Qarşıdan qlobal ekoloji problemlər (quraqlıq, su çatışmazlığı və s.) və ərzaq qıtlığı gəlir. Belə bir şəraitdə aqrar sektorun inkişafı ən prioritet məsələyə çevrilməlidir. Bu sahədə xüsusi geniş dövlət proqramının qəbul olunması və kompleks tədbirlərin görülməsi vacibdir.

Digər xəbərlər