Elçin Bayramlı
İndi dəb düşüb, hamı deyir, qəzet oxuyan yoxdur, saytlarda da müxtəlif yazılar- məqalələr, müsahibələr, reportajlar oxunmur, televiziya verilişlərinə baxılmır. Son vaxtlar bu tendensiya var, bu faktdır, lakin əvvəla bunu mütləq fikir kimi demək olmaz, “çoxluq belə edir” demək olar. Bütün hallarda olduğu kimi, burada da əsas məsələ faktın özü deyil, səbəbidir. Bəs bunun səbəbləri nədir? Bu suala cavab axtarmağa çalışaq.
Getdikcə oxuma meyilinin xeyli azalması tendensiyası daha çox müşahidə olunur. Əsas səbəb sosial şəbəkələrin geniş yayılmasıdır. Bu şəbəkələrdə isə əsasən qısa xəbərlər və qısa videolar izlənilir. Məsələ təkcə uzun yazıların oxunmamasında deyil, uzun videolara, verilişlərə baxanların da çox az olması faktı var. Baxmayaraq ki, uzun yazılar və verilişlər daha dolğun, daha keyfiyyətli, daha səviyyəli materiallardır.
Beləliklə, sosial şəbəkələr klassik medianı zəiflədib və onun oxucu, tamaşaçı kütləsini əlindən alıb. İnsanlar informasiyanı belə sosial şəbəkələrdə müxtəlif şəxslərin paylaşmalarından izləyir, hansı ki, bunlar etibarlı mənbə deyil, ilk mənbə deyil. Lakin sosial şəbəkələrin universal olması, istifadəçilərinin bir yerə daxil olaraq ölkədə, dünyada baş vərənlər haqda materialları görməsi daha rahat və daha tez başa gəlir. Digər variantda isə, media saytlarının adını yazıb daxil olmaq və orada xəbərləri axtarmaq lazımdır. Eləcə də, telekanalları axtarmalı, xəbər vaxtını gözləməlisən ki, görəsən nə hadisələr baş verib. Bu isə indiki sürətlənmiş həyat rejimində və vaxt çatışmazlığı şəraitində diskomfort yaradır.
Klassik medainın sosial şəbəkələrə uduzmasının başqa səbəbləri də var. Sosial şəbəkələrdə xəbəri daha tez çatdırmaq olur, material birbaşa yerindən çox sayda foto, video və s elektron materialların müşayiəti ilə verilir, onları sosial şəbəkələrdə paylaşmaq olur, şərh yazmaq, müzakirə etmək, irad bildirmək, kiməsə dünyanın o başına göndərmək olur, istənilən vaxt əldə etmək olur və s. Klassik media isə gecikir. Jurnalist oraya getməli, material hazırlamalı və onu yayımlamalıdır, bunadək artıq hamı hadisə yerindəki şəxslərin çəkib şəbəkəyə qoyduğu videolar və ya yazdığı statuslardan məsələdən hali olur. Klassik medianın verdiyi material arxadan atılan daşa bənzəyir.
Bəli, klassik media sosial şəbəkəyə informasiya operativliyində xeyli uduzur, lakin sosial şəbəkə kanalları obyektivlikdə, peşəkarlıqda, informasiya zənginliyində klassik medianın yanından yel olub ötə də bilməz. Adi kütlə üçün sosial şəbəkə kifayət edir, lakin intellektual kateqoriya hadisəni, prosesi hərtərəfli, daha peşəkar formada görmək istəyir, hadisə və ya proseslə bağlı jurnalist rəsmi orqanların məsul şəxslərinin açıqlamalarını, ekspertlərin rəyini verir, lakin sosial şəbəkə istifadəçiləri üçün bunlar əlçatmazdır. Üstəlik, ənənəvi media bu hadisə və ya proses haqda analitik materiallar hazırlayır, bu sahədə vəziyyəti dünya təcrübəsi ilə müqayisə edir, hadisənin, prosesin, problemin səbəbini tapmağa çalışır, nəticələrini detallarına qədər verir, mütəxəsislərin köməyi ilə çıxış yollarını göstərir, sosial şəbəkə səhifələri üçün isə bunlar anlaşılmaz şeylərdir.
Bu səbəbdən artıq informasiya bazarında 2 kontingent formalaşır. İntellektual hissə xəbərləri, təhlilləri, reportajları ciddi, peşəkar mediadan izləməyə üstünlük verir, kütlə isə sosial şəbəkədən aldığı yarı-yarımçıq, çox vaxt doğru düzgün olmayan, çaşdırıcı xəbərlərlə kifayətlənir. Son nəticədə onlar aldandıqlarını görürlər, çünki sonradan üzə çıxır ki, məsələ elə deyilmiş, belə imiş. Lakin onların heç ağlına da gəlmir ki, alternativ mənbələr var- ciddi və peşəkar media resursları. Bir çoxları başa düşmür ki, informasiya toplamaq və yaymaq kriteriyalarını bilməyən qeyri-peşəkar, savadsız uşaqların açdığı kanal və səhifələr media deyil, sadəcə saxta həy-həşirlə, şişirdilmiş, təhrif olunmuş materiallarla oxucu, tamaşaçı kütləsi toplayıb pul qazanmaqdan ibarətdir.
Bu səbəbdən cəmiyyətə izah olunmalıdır ki, media tamam başqa institutdur, sosial şəbəkə tamam başqa sistemdir. Bunların bir-birinə heç bir aidiyyatı, oxşarlığı yoxdur. Bəziləri “sosial media” adlı bir gülünc termin uydurub bunları media kimi qələmə verməyə çalışır. Xeyr, media peşəkar və ciddi bir elmi-ictimai xarakterlidir və sosial institutdur.
Yəni, “sosial media” adlı bir şey yoxdur, var peşəkar media, var sosial şəbəkələr. Və bunlar tamam fərqli şeylərdir. Əgər siz həqiqi informasiya, analitik materiallar, araşdırmalar istəyirsinizsə bunu yalnız peşəkar mediadan ala bilərsiniz. Yoxsa, saxta şoular, uydurma xəbərlər, hər cür baibırçı materiallar izləmək istəyirsinizsə, onda sosial şəbəkələrə üz tuta bilərsiniz. Lakin oralara sosial media adı qoyub həqiqi medianı təhqir etməyə sizin ixtiyarınız yoxdur. Həm hüquqi, həm də mənəvi olaraq.