Köşə

  • 2 919

“Halalın olsun” deyənlərin sayı azalır

image

O gün bir xəbərə rast gəldim: 2024-cü ilin yanvar-mart aylarında şadlıq saraylarında sifarişlərin sayı azalıb. Açığı təəccüblü görünmədi. Çünki, şadlıq saraylarında hökm sürən süni qiymət artımı, keyfiyyətsiz qida, hörmətsiz davranış, ənrabadi xidmət və digər bu kimi qüsurlar şadlıq saraylarını çökdürəcəyinə əminlik yaradırdı. Sevinməyə də çətinlik çəkirəm. Ən azı ona görə ki, şadlıq saraylarının sahibləri milyonlar qazansalar da orada çalışan kasıb təbəqə də evlərinə qəpik - quruş apara bilir. Bir nəfər görmədim ki, şadlıq evlərindən razılıq ifadə etsin, desin ki. "halalın olsun". Yeddidən yetmiş yeddiyə qədər hər kəs şadlıq evlərindən narazlıqlarını bildirirlər.

Deyirlər ki, çarəsizlikdən şadlıq evlərində toy, nişan edirlər. Həm də yaşlı nəsil keçmiş əyyamların xiffətini çəkirlər. Yanıqlı- yanıqlı ah çəkib, deyirlər ki, heyif deyildi o keçmiş günlər. Palatka toylarında qonaqlara bir kasa küftə bozbaş, pendir, pamidor-göy salatı və şüşə limonad təqdim olunurdu. Qonaqlar da toya 3 və ya 5 manat pul yazdırırdılar. Sonda toy sahibi çəkdiyi xərclərdən 2-3 dəfə artıq mənfəət əldə edirdi ki, həmin pula da yeni gənclərə evdən, eşikdən alır və ya torpaq sahəsində mülk salırdılar. İndiki toylar da isə borca düşmədən aradan çıxa bilsən nəzir-niyaz verib, qurban kəsirsən. Vay o günə ki, şadlıq evinə borclu qalasan, bu hal da toy sahibinin işi fəna olacaq. Yediyin içdiyin burnundan gətiriləcək, əl götürüb oynamağına peşman ediləcəksən. "Razborka"dan sonra, toy sahibinin özü və ya yaxın qohumu girov olaraq, şadlıq evinin zirzəmisində saxlanıla bilər. Ötən il Bakı da şadlıq evlərindən biridə belə bir hal yaşanmışdır. Borcunu ödəyə bilmədiyinə görə, toy sahibi girov olaraq saxlanılıb və nəhayət təzə qudası pul tapıb, gətirdikdən sonra şəxs azadlığa çıxa bilmişdir. Ümumiyyətlə, şadlıq evlərində tez-tez əndrabadi hadisələr baş verir. Heç kim də onlara “gözün üstə qaşın var”, deyə bilmir. Nədən ki, şadlıq evlərinin sahibləri yekə-yekə məmurlardır və ya arxaları kiməsə və harasa bağlı olan piylənmiş iş adamlarıdır.

Çaşıb onlara səsini qaldırsan, süni qiymət artımına etiraz etsən, xidmətdən narazılığını bildirsən sənə elə divan tutarlar ki, dünyaya gəlməyinə peşman olarsan. O gün rayonların birində şadlıq evinin sahibi o dərəcə yolunu azıb, harınlıq edib ki, eyni günə eyni zalda iki toyun keçirilməsini təşkil edib. Daha doğrusu bir toy sahibi, əvvəlcədən behləşdiyi və razılaşdığı şadlıq evinə gələndə məlum olub ki, artıq başqa toyun qonaqları çal çağırdadılar. Narazılıq edilsə də bir nəticəsi olmayıb, nəhayət ikinci toyun sahibi qonaqları ilə birinci ilə eyni məclisi bölüşüb, şənliklərini birgə başa vurmağa məcbur olublar. Bu kimi faktların sayı kifayət qədərdir. Bəzən toy sahibi bütün məsələlərə dair şadlıq evinin sahibi ilə razılaşır. Lakin toyun ən qaynar vaxtında məlum olur ki, menyu da nəzərdə tutulan təamlar və salatlar yoxdur. Digər tərəfdən qidalar keyfiyyətsizdir, ət məhsullarının mənşəyi məlum deyil. Bu səbəbdəndir ki, tez-tez toylarda qonaqların zəhərlənməsi halları olur. Hər kəs xatırlayır, özünü ən bərk gedən və bahalı şadlıq evi kimi təqdim etməyə çalışan “Yeganə” şadlıq evində aparılan yoxlamalar zamanı tonlarla qaralımış meyvələr, vaxtı keçmiş salatlar, mənşəyi məlum olmayan ət məhsulları aşkarlandı. Düşünmək olardı ki, artıq bu şadlıq evinin sahibinin evini başına uçuracaqlar. Lakin digər şadlıq evlərinə dərs ola biləcək ciddi hadisə baş vermədi, sadəcə “Yeganə Mamed” adlı sahibkar 500-600 manat cərimə olundu. Yenə də şadlıq evi əvvəlki əndrabadi fəaliyyətini davam etdirir.

Diqqətçəkən hallardan biri də ondan ibarətdir ki, şadlıq evinin sahibi sonda toy sahibindən musiqiçilərində pulunu ödəməyi tələb edir. Halbuki, behləşmə zamanı belə məqam nəzərdə tutulmur. Daha doğrusu administrator bu barə də toy sahibinə heç nə demir. Bu da administratorun toy sahibindən pul qopartmağının sınaqdan çıxartdığı metodlarındandır. Eyni zamanda toyun gedişində toy sahibi anlayır ki, foto və video çəkilişlərin pulunu o ödəməlidir. Hətta şadlıq evinin “ştatlı” müğənnisinə görüm baxım etməli, mətbəxtə yemək bişən povurlara xələt göndərməli, avto dayanacaq da “parkovşik”ə pul ödəməlidir. Bir sözlə, şadlıq evlərində qüsurlar, narazılıqlar yaradan hallar kifayət qədərdir. Təəssüf ki, aidiyyatı qurumlar, xüsusilə də Qida Təhlükəsilik Agentliyi şadlıq evlərində hökm sürən özbaşnalıqların aradan qaldırılması üçün təsirli tədbirlər görmürlər. Düzdür, müəyyən hallar da Qida Təhlükəsilik Agentliyi ictimai maraqlara cavab verən tədbirlər görürür, lakin bunlar yetərli deyil. Qanunlar sərtləşməli və tədbirlər gücləndirilməlidir. Əks halda toy kimi elmizin gözəl adətləri cılızlaşar və tədricən sıradan çıxa bilər.

İLHAM ƏLİYEV

Digər xəbərlər