Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
Elçin Bayramlı
Dünyamızda ən böyük təhlükələrdən biri də minalarla bağlıdır. Belə ki, dünyanın müharibələr olmuş ərazilərində milyonlarla mina basdırılıb və bunlar zaman-zaman partlayır və tələfata səbəb olur. Hətta bəzən 2-ci Dünya müharibəsindən vaxtı basdırılmış minaların da partlaması hallarına rast gəlinir. Minalanmış ərazilərin təmizlənməi çox böyük əziyyət, vaxt və xərc tələb edir ki, bu da ciddi çətinliklər yaradır. Minaların qurbanlarının 85 faizi mülki şəxslər, 50 faizi isə uşaqlar olur. Keçən il 5 minə yaxın insan mina qurbanı olub. BMT 70 ölkədə ümumilikdə 110 milyon mina basdırıldığını təxmin edir ki, bu da çox dəhşətli rəqəmdir. Hətta hər minanın yalnız 1 insanı öldürəcəyini təxmin etsək belə bu minalardan ölənlərin sayının iki dünya müharibəsində ölənlərin sayından çox olacağı aydındır. Mütəxəssislərin fikrincə, mövcud texnologiyalardan istifadə edərək, bütün planetin minalardan təmizlənməsi 1000 il çəkə bilər və bu təxminən 100 milyard dollara başa gələcək.
Son illərdə minaların qadağan edilməsi üçün beynəlxalq kampaniyalar aparılır. 1997-ci ildə imzalanan müqaviləyə tərəf olan 162 ölkədə mina istehsalı və istifadəsi qadağan edilib. Hindistan, Myanma, Pakistan kimi ölkələrdə isə istehsalı davam edir.
Bir çox ölkələr qonşu ölkələrlə sərhəddini minalayıb. Ən dəhşətlisi isə odur ki, bəzi yerlərdə müxtəlif səbəblərdən mina xəritələri itirilib və ya ərazi işarələnməyib. Beynəlxalq təşkilatlar indiyə qədər basdırılmış minalardan yaxın gələcəkdə milyonlarla insanın həlak olacağını ehtitam edirlər.
Qarabağ və ətraf ərazilər dünya üzrə ən çox minalanmaya məruz qalmış regionlardan biri hesab olunur. Minalar 1990-cı illərin əvvəllərindən bəri Birinci Qarabağ müharibəsi zamanı və ondan sonra həm Azərbaycan, həm də Ermənistan qüvvələri tərəfindən yerləşdirilmişdir. Bölgə minalar və partlamamış hərbi sursatlar səbəbindən dünyada adambaşına düşən ən yüksək qəza nisbətinə malikdir.
Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alır. İşğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırılıb. Ermənistanın təcavüzü başladığı vaxtdan indiyədək 3500-ə yaxın milki insan minaya düşmüş, onlardan 600 nəfərə yaxını həyatını itirmişdir.
Qarabağda və Ermənistan Azərbaycan arasındakı hazırkı sərhəd xətti boyunca basdırılan minaların sayı barədə dəqiq məlumat yoxdur, lakin məlumdur ki, 1-ci Qarabağ müharibəsi başa çatdıqdan sonra bir neçə il ərzində hər iki tərəf sərhəd boyu minalar düzürdü. Azərbaycan tərəfi öz təhlüksəziliyi üçün 1-ci müharibə dövründə basdırdığı minaları təmizləsə də, Ermənistan bunu etməyib. Ermənistan mina xəritələrini Azərbaycana verməkdən imtina edir, verdiyi bəzi ərazilər üzrə xəritələrdə isə dəqiqlik əmsalı 25%-dir.
2021-ci ilin mart ayında ANAMA və BMT İnkişaf Proqramı arasında Dağlıq Qarabağ münaqişəsi zonasının minalardan təmizlənməsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Bu əməkdaşlıq yeni deyil; son 20 il ərzində ANAMA və BMTİP birgə 800 000 mina və digər partlayıcı qurğunu məhv edib. 2-ci Qarabağ müharibəsindən bəri isə ANAMA tərəfindən 110 mindən artıq mina şakar olunub və zərərsizləşdirilib. Ümumilikdə 9 min kv km-ə yaxın ərazidə minaların olduğu ehtimal edilir.
Azərbaycan tərəfi ərazinin minalardan təmizlənməsini sürətləndirmək üçün müxtəlif ölkələrdən fərqli texnikalar alaraq əraziyə cəlb edib. Lakin ərazi o qədər böyük və minların sayı o qədər çoxdur ki, hələ də basdırılmış minaların böyük əksəriyyətini təmizləmək mümkün olmayıb.
Həmişə ədalətdən, sülhdən, əməkdaşlıqdan dəm vuran beynəlxalq təşkilatlar nədənsə Ermənistana mina xəritələrini Azərbaycana vermək üçün təzyiq etmir. Azərbaycan tərəfi isə çox böyük xərc və zəhmət hesabına əraziləri təmizləməkdə davam edir. Şübhə yoxdur ki, yaxın bir neçə il ərzində minalardan təmizləmə prosesi başa çatacaq və işağldan azad edilmiş ərazilərin hamısına insanların qayıdığı və normal həyatı bərpa olunacaq.