Köşə

  • 3 926

Media müharibəsi - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

İnternetin inkişafı və oradakı resursların tam nəzarətsiz fəaliyyəti ilə bağlı klassik media arxa planda qaldığından bu sahədə ciddi nəzarətə və tənzimləmələrə ehtiyac olduğu təkzibedilməz faktdır. Bu kontekstdə həm media ictimaiyyətinin, həm də dövlətin bəzi tənzimləyici tədbirlər tətbiq etməsi vacibdir.

Məlum olduğu kimi, internet məkanındakı ifrat azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli proses, yaxud hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr süni ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir.

Bundan başqa, sonradan bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, klassik media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə küçə saytlarını, sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə “media” deyəndə bunlar hamısı birlikdə götürülür. Yəni, kimsə hansısa saytda və sosial şəbəkə səhifəsində ağzına gələni yazırsa və ya danışırsa, adamlar onu yayırlar və deyirlər ki, mətbuatda belə deyilir. Nəticədə, qurunun oduna yaş da yanır.

Son vaxtlar ortaya atılan anormal bir termin (“sosial media”) bu çaşqınlığa rəvac verib. Əslində isə, “sosial media” adlı bir şey mövcud deyil. Çünki, əvvəla, media özü sosial institutdur, ikincisi media peşəkar jurnalistika sistemidir, üçüncüsü də medianın konkret tərifi və funksiyaları olduğu kimi, sosial və hüquqi məsuliyyəti də var. Lakin bunu “sosial media” adlandırılan şübhəli internet saytları və sosial şəbəkə səhifələri haqda demək olmaz. “Media” termininin onlara zərrə qədər də aidiyyatı yoxdur. Hərənin əlində kamerası və diktafonu olan internetə bağlı bir smartfon varsa, bu o demək deyil ki, o jurnalistdir, media mənsubudur. Jurnalistika konkret peşə sahəsidir və jurnalist bu sahədə çalışan peşəkar mütəxəssisdir. Digərlərinin bu sahəyə, bu işə heç bir aidiyyatı yoxdur. Cəmiyyətin savadlı hissəsi bunun fərqini aydın başa düşür və nəyin nə olduğunu bilir. Bu kontingent adi internet resurslarını media hesab etmir və onların yazdıqlarını da ciddi qəbul etmir. Lakin oxucu və tamaşaçı kütləsinin böyük hissəsi belə deyil.

Bu bu vəziyyətin yaranmasının hansı səbəbləri var? İnformasiya əsrində yaşayırıq. İstənilən ictimai əhəmiyyətli hadisə vaxtı insanlar daha tez və çox informasiya tələb edir. Lakin bunu təmin etmək bəzi hallarda o qədər də asan olmur. Qeyd etmək lazımdır ki, bu vəziyyətin yaranmasında informasiyanı gecikdirən orqanların da günahı böyükdür. Onlar baş verənlər barədə cəmiyyəti dərhal məlumatlandırmağa borcludurlar. Hadisə yerində (əgər bura xüsusi qorunan strateji əhəmiyyətli dövlət obyekti deyilsə) brifinq keçirilməli, məsul şəxslər tam məlumat verməli, jurnalistlərə hadisə yerində rahat işləməyə imkan yaratmalıdırlar. Bu halda ciddi media düzgün məlumatları yayacaq və xüsusi məqsədlə buraxılan şayiələr, dezinformasiyalar nəticə verməyəcək.

Lakin bizim bəzi dövlət orqanlarının mətbuat xidmətləri operativlik cəhətdən çox zəifdirlər. Onlar məlumat yayana kimi gec olur. Və sosial şəbəkələrdə şayiələr, dezinformasiyalar baş alıb gedir. Kritik situasiyalarda isə vəziyyət daha da pisləşir. Belə ki, mətbuata heç bir aidiyyatı olmayan saytlar və sosial şəbəkə səhifələri ortalığı yalan məlumatla doldururlar.

Bu proses 2 kontekstdə nəzərdən keçirilməlidir. Bunların bir qrupu sadəcə özlərini, saytlarını tanıtdırmaq, izləyici qazanmaq və buna müvafiq olaraq reklamdan gəlir əldə etmək istəyirlər. Digər qrup isə bunu siyasi məqsədlərlə düşünülmüş və mütəşəkkil şəkildə edirlər- onlar düşmən qüvvələrin və xarici dövlətlərin təsirində olan resurslardır.

Bu hallarla mübarizə aparmaq çətindir, çünki internetə nəzarət imkanları praktiki olaraq yoxdur. Bundan da müəyyən qüvvələr necə lazımdır istifadə edirlər. Buna qarşı həm dövlət orqanları, həm jurnalistlər, həm də cəmiyyətin sağlam qüvvələri mübarizə aparmalıdır.

Bu problemin qarşısını tam almaq mümkün olmasa da, müəyyən tədbirlərlə onun təsirini minimuma endirmək olar. MEDİA bu istiqamətdə lazımi addımlar atır, bu sahədə köklü islahatların aparılmasına çalışır. Burada klassik medianın maddi-texniki bazasının, kadr bazasının möhkəmləndirilməsindən tutmuş, jurnlaistlərin peşəkarlığının artırılması, sosial vəziyyətinin yaxşılaşdırılmasınadək bir çox istiqamətlər var.

Media orqanlarının və jurnalistlərin vahid reyestrinin yaradılması da bu istiqamətdə təqdirəlayiq işlərdəndir. Bu yanaşmalarla həqiqi medianı, həqiqi jurnalistləri bir platformada birləşdirmək və saxtakarları media məkanından kənarlaşdırmaq olar. Sağlam mətbuat sağlam cəmiyyət uğrunda mübarizə aparır, sağlam cəmiyyət isə sağlam dövlətin əsasıdır.

Bir sözlə hazırda yaranmış vəziyyət klassik medianın bir növ ölüm-qalım müharibəsidir. Həqiqi jurnalistlər ənənəvi medianın qorunması, onun cəmiyyətdə zəifləmiş mövqeyini qaytarmaq üçün müharibə aparır. Bu müharibədə qələbə qazanmağa məcburuq. Əks halda, saxta media həqiqi medianı sıradan çıxaracaq.

Digər xəbərlər