Köşə

  • 2 897

Transgender qoç

image

Lalə Mehralı

Qurban bayramı gəldi yetdi, indi siz dəsgaha baxın. Sosial şəbəkələri, votsap statuslarını gəlin kimi bəzənmiş qoç şəkilləri, videoları, klipləri zəbt edəcək. Hər dəfə hansısa absurd vəziyyəti görəndə deyirəm ki, yox, bu axırıncıdır, bundan o yanası ola bilməz. Sonra daha absurd vəziyyətə rast gəlirəm. Qoçun bəzədilməsi də belə vəziyyətlərdəndir.

Adətdir, bayramda nişanlı qızın qapısına oğlan evi tərəfindən qurbanlıq qoç göndərilir. Bu adət keçmişdən var, mən uşaq olanda da belə idi, hələ də belədir. Məsələ adətin transformasiyasıdır. O zamanlar qocun bir buynuzuna qırmızı lent bağlayırdılar, gəlin qapısına getdiyi bəlli olsun deyə. Axı toy qapısına, gəlin maşınına, cehizlərə qırmızı lent bağlamaq adəti də var. Qırmızı lent şadyanalığın əlamətidir.

Amma qoçun qırmızı lentlə kifayətlənmədiyi illər elə mənim uşaqlıq dövrümdə qalıb. Gəlin qapısına gedən qoç dönüb olub transgender. Cinsi erkək, bəzəyi dişi olan bu heyvanın başına gətirilməyən oyun qalmayıb. Qoçu eynilə gəlin kimi bəzəyirlər. Əl-ayağına xına yaxırlar, əyninə gəlinlik geyindirirlər, başına fata, belinə qırmızı qurşaq bağlayırlar. Qoç qoçluqdan çıxır, dönüb olur cinsini bəyənməyib qadın paltarı geyinən transgender.

İfratı sevirik. Hər mənada, hər sahədə. Biz sadəliyi kasıblıq kimi qiymətləndiririk. 300 nəfər qonaqla keçirilən toyu toy hesab eləmirik, gəlinin qızıllarını müzakirəyə çıxarırıq, cehizindəki qabları bəyənmirik, mebelinin markasına ağız büzürük. Hərəmiz bir sima ilə edirik bunu – kimimiz qonşu, kimimiz qohum, kimimiz qayınana, kimimiz qayınata cildinə girərək. Biz hamı oluruq, hər kəs oluruq, bircə özümüz olmuruq, ola bilmirik. “El nə deyər?!”

Gəlin paltarında nişanlı qız qapısına aparılmış qoçu da başqaları görsün deyə hər yerdə paylaşırıq. Ağlımıza gələn hər yerdə. Nişanlı qız o bəzəkli qoçu prestij, oğlan evindən şəxsinə edilən hormət kimi qəbul edir, nişanlı tay-tuşuna, hələ elçisi gəlməyən qonşu qızına, bayramlıq gətirilməyən qohum qızlara acıq vermək üçün qoçla selfi çəkib paylaşır.

Hələ qoçun əynindəki gəlin paltarı toyagetməlidir. Qoçlara milli paltar geyindirirlər. Arxalıq, ətək, başına da pullu araqçın. Milli atributlarla bəzədilən qoç gəlin paltarı geyindirilən qoçdan hörmətli hesab edilir. Milli paltar bahadı axı. Qurban bayramı ərəfəsində qoç paltarlarının satışı artır. Bu paltarlar toy-nişan ləvazimatları satılan mağazalarda olur. Bayram ərəfəsində “qoç dizaynerləri” peşəsi də dəbə minir. Qoçun əl-ayağını xınalayırlar, tüldən-parçadan ayaqqabı geyindirirlər, tükünü darayırlar, tələbata görə çimdirirlər, gəlin köçən qız kimi başını bəzəyirlər və oğlan evinə belə təhvil verirlər.

Mən adətlərə qarşı deyiləm əsla, amma adətləri dəyişənlərin hoqqabazlığından narahatam. Hər sahədə var hoqqabazlardan. Toyu biznesə çevirənlər, tibbi əməliyyat olan sünnəti toy-bayram edənlər də onlardandır. Hər gün yeni adətlər icad edirlər. Əksəriyyəti pul tələsidir, göstərişdir, nümayişdir, şöhrətbazlıqdır, amma heç biri adət deyil.

Digər xəbərlər