Köşə

  • 5 672

Sonuncu zəngin itirdiyi 91-lər - ESSE

image

1991-ci il mayın 25-i. Sovet məktəblilərinin sonuncu buraxılışı. Dünyanı silkələyən qüdrətli dövlətin son orta məktəb məzunları, böyük bir tarixi epoxanın son vətəndaşları öz doğma məktəblərində özləri üçün çalınacaq son zəngi eşitmək üçün sıraya düzülüb.

Tovuz şəhəri 1 nömrəli orta məktəbinin həyətində bu qədim təhsil ocağının son sinfi olaraq biz də məktəbimizin həyətində yığılmışıq. Amma doğma ana məktəbimizlə vidalaşmağın ağırlığını daha bir kədər də müşayiət edir- məktəbimizin direktoru, sevimli müəllimimiz Abdulla müəllim bir neçə gün əvvəl haqqın dərgahına qovuşub və onu son mənzilə bütün məktəbimiz yola salıb. Bu səbəbdən də son zəng mərasimi yalnız formal olaraq keçirilir- şənliksiz, musiqisiz, təmtəraqsız zadsız.

İş yoldaşlarını itirmiş kədərli müəllimlərimiz, o cümlədən indi haqq dərgahında olan hərbi müəllimimiz atam Bayram müəllim də qırmızı süfrəli stol arxasında qısa çıxış edib, bizi məktəbin ən sevimli siniflərindən biri kimi xatırladıqlarını deyir, bizə həyat yollarında uğurlar arzulayır. Protokol qayda üzrə bizdən də bir iki nəfər təsirli çıxış edir, hamımızın gözlərində ayrılıq yaşları...

1-ci lər bizə yaxınlaşır, gül verir, biz də onlar üçün aldığımız hədiyyələri veririk, bir az məktəb həyətində uşaqlarla müəllimlərlə söhbətləşib yola düşürük sinfimizin son yığıncağına. Bunun həqiqətən də son yığıncağımız olacağını bilmədən. Bu son yığıncağımız 11 illik tədris illəri boyu itir-itirə gəldiyimiz sinifdən qalan 20 nəfərlə Amaliya adlı sinif yoldaşımızın evində təşkil olunub. Direktorumuza hörmət əlaməti olaraq musiqisiz, videoçəkilişsiz, sadəcə yığıncaq və yemək süfrəsi. Fotolar çəkdirib, maraqlı xatirələr danışıb, bir-birimizə uğurlar arzu edib ayrılırıq. Və həmin il sanki dünya dağılır. Möhtəşəm bir fövqəldövlət parçalanır, hər yeri xaos, anarxiya bürüyür, müharibə qızışır, iqtisadiyyat dağılır, sosial vəziyyət ağırlaşır. Bir sözlə keçid dövrü adlandırılan qaranlıq 90-lar başlanıb. Respublikamız artıq müstəqil dövlətdir. Müstəqillik ağır başa gəlir. Cəbhədə müharibə qızışır, hər gün şəhid gəlir. Bax biz belə bir ağır şəraitdə biz də müstəqil həyata atılırıq...

...

2021-ci il. 30 ildən sonra kiçik bir qismimiz bir yerə yığılıb. Bu müddətdə 2-3 nəfərdən başqa heç kimi görməmişdim. Sosial şəbəkədə qrup yaratmışıq. Sinfimizin 3-də 1-i ora qatılıb hələ ki. Onların səsini eşidəndə, yazdıqlarını oxuyanda elə bil ən doğma adamların səsini eşidirəm. Ona görə də, gərgin işimin arasında bəzən saatlarla bir-birinə göndərdikləri bütün səsləri dinləyirəm, mesajları oxuyuram.

Mən sklerozam yaddaşım itib, onların danışdığını xatirələrdən o illərdən nəsə yadıma sala bilirəm. Sinif yoldaşlarımın 23 fevralda bağışladığı kitabların, əşyaların çoxunu ən əziz əşya kimi saxlamışam.

Uzun illər fikirləşdim ki hamını necə bir yerə yığa bilərəm. Düşünürdüm ki, 1 sentyabrda ya da 25 mayda məktəbimizdə bir görüş təşkil edək, sonra birgə uşaqlıq xatirələrimizin olduğu yerləri bir az gəzək, sağ qalan müəllimlərimizi ziyarət edək, ölənlərin qəbri üstünə gül aparaq və s. Sonra Arzuyla Heydərlə danışdım, məlum oldu ki, hərə dünyanın bir tərəfindədir, hamını yığmaq çətin olacaq. 5-6 nəfəri toplamaq olar uzağı. Ona görə də təxirə saldım ki, nə vaxtsa uşaqların çoxunu bir yerə toplamaq olar. 2021-də istədim 30 illiyimizlə bağlı bir cəhd edim yığılaq, onda da pandemiya, karantin aləm qarışdı bir birinə.

Sağ olsun Kəmalə. O vaxt məni axtardı tapdı getdik Muzkamediyaya Elxan İsmayılovun tamaşasına baxdıq. Sonra Kəmalə bizə də qonaq gəldi. Bir dəfə də biz onlara getdik ailəvi. Elxan da yeni ildə bizə Şaxta baba kimi gəldi, uşaqları sevindirdi. Sonra isə Kəmaləgildə yığışdıq, cəmi 7 nəfər idik...

Bir neçə il qabaq məktəbimizi söküb, yerində müasir bir məktəb kompleksi tikdilər. Beləliklə, məktəb xatirələrimizin olduğu məkan tarixə qovuşdu. Yeni məktəblə bağlı bir planım var. Bizim 91-ci il buraxılışının adından məktəbin foyesində divarda şüşəli formada böyük bir stend təşkil edəcəm. Şəkillərimizi çıxardıb ora vuracam, qəzetdə gedən yazımızı da, məktəblə bağlı o dövrdən başqa şəkillər də var məndə. Digər siniflər, müəllimlərimiz olan şəkillər. Bir rəssam dostum var, ona da bir böyük rəsm çəkdirəcəm vuracam ora. Qoy bizdən əbədi xatirə kimi qalsın.

Məktəbdə yığıla bilsək, sağ qalan sonun müəllimlərimizdən olan Kamal müəllim bizə bir dərs də təşkil edər orada- uşaqlığımızı yada salarıq. Bir də bir balaca kitab yazmaq fikrim var, o illərimiz haqda.

Gec ya tez bütün “uşaqları”,- hansı ki hazırda nənə və babadırlar- toplayacam məktəbə. Bir günlük də olsa keçmişə qayıtmaq üçün.

Sizi heç unutmadım. Yaxşı ki varsınız...

Digər xəbərlər