Köşə

  • 1 233

İt kimi darıxmaq

image

İfadə necə yaranıb, necə yayılıb, itin darıxmaqlığı necə olur, bilmirik. Bəlkə də bilirik, elə ona görə darıxanda “it kimi darıxdım” deyirik. Elliklə çox işlətdiyimiz bənzətmədir “it kimi darıxmaq”. Biri üçün darıxmaq, bir yer üçün darıxmaq, bir şey üçün darıxmaq – bütün hallarda hamısı eyni hissi ifadə edir – həsrəti. Darıxmaq mənəvi-ruhi hissiyyatdır, amma bundan bədən də zərər görür. Həsrət çəkmək iştahı kəsirsə, dərd çəkdirirsə, ümidsizlik verirsə buna görə tək ruhumuz yox, bədənimiz də xəstələnir. İtirdiyin şeylərə, ayrıldığın məkanlara, küsdüyün insanlara qarşı hiss etdiyin boşluq, ümidsizlik, kədər, yalnızlıq duyğusu əvvəl ruhu xəstələndirir, sonra bədəni.

Geri qayıtmayacağını bildiyin insanlardan ötrü darıxmaq isə bir başqa əzabdır. İtirdiklərimiz bir də geri qayıtmayacaq, ölənlərimiz dirilməyəcək, gedənlərimiz gəlməyəcək. Həyat qəfil hadisələrə hamilədir, hər an yeni nəsə baş verir. Bir gün var olan bir gün yoxdur, dünən deyə-gülə ayrıldığımız əzizimizi sabah görməyə bilirik. Həyatdan köçməsi ilə barışmadığımız, yoxluğuna alışmadığımız insanlara qarşı hiss etdiyimiz ən təbii duyğudur darıxmaq. Burnumuzun ucu göynəyir adı çəkiləndə, yadımızdan çıxanda. Onu xatırladan hər şey əziz olur bizə - bir kitabı, bir geyimi, bir mesajı. Hər xatırlatma darıxmaqdır, hər xatirə həsrətdir.

Xatırlayıram, oğlum körpə idi, hələ 1-1.5 yaşında olardı. Yay tətilində onu rayona aparmışdım, atası isə işlədiyi üçün paytaxtda qalmışdı. 1 ay atasını görmədi, o zamanlar internet imkanları, görüntülü danışıq vasitələri indiki kimi əlçatan deyildi, kəndlərdə internet təchizatı yox dərəcəsində idi. Təxminən 15 il əvvəldən danışıram. Sağlam uşaq gündən günə soldu, saraldı, iştahdan kəsildi, süst düşdü. Həkimə apardım, Bakıdakı həkimi ilə danışdım, heç bir diaqnoz qoyulmadı. Amma uşaq günü-gündən pisləşirdi. Onda nənəm sağ idi, hər gün uşağa baxır, sığallayır-tumarlayır, “könül xəstəliyinə tutulub” deyirdi. Nə olduğunu bilmirdim, tibbdə elə xəstəlik yoxdur, biz yeni nəsil də tibbin təsdiqləmədiyini ciddiyə almırıq axı.

Nənəm hər gün “atasına deyin gəlsin, uşaq ona görə belədir” deyirdi. Uşaq yaxşılaşmadı, atası gəldi. Günlərdir süst düşən, yeməyən, su belə içməyən, danışmayan, gülməyən uşaq gözümüzün önündə 5 dəqiqədə sağaldı. Gözlərimizə inanmadıq, hansı həkimə dedimsə o da inanmadı. Uşağın xəstəliyinin səbəbi darıxmaq imiş, atasını görəndə darıxmağı keçdiyi üçün səhhəti də düzəldi. Nənəmin dediyi “könül xəstəliyi” də eyni şey imiş. İnanmaq nə qədər çətin olsa da, bu, baş verdi.

Darıxmaq hissi çox formada təzahür edir bədənimizdə - ürəyimiz ağrıyır, iztirab çəkirik, canımız sıxılır, tənginəfəs oluruq, boğuluruq, havasız hiss edirik. Bu, ruhumuzun yaşadığı bir hissə bədənimizin reaksiyasıdır. Əzizimizdən uzaqda olanda onun üçün burnumuzun ucu göynəyir, sevgimizi itirəndə onun üçün iztirab çəkirik, vətəndən kənarda olanda vətən həsrəti çəkirik – hamısında da darıxırıq. O qədər şiddətli darıxırıq ki, elə özümüz itin darıxmağı kimi ifadə edirik bu hissin şiddətini. Yəqin ki, adam kimi darıxmaqla it kimi darıxmağın arasında bir fərq olmalıdır, yoxsa niyə bütün şairlər darıxmağın şiddətini onunla ifadə etsin ki?!

Necə deyir şair Şəhriyar?

“...sən axı bilmirsən

hardan biləsən?

üzünnən iraq –

it kimi darıxmaq nə təhər olur...”

Lalə Mehralı

Digər xəbərlər