Elçin Bayramlı
Bakı şəhərində əhalinin və avtomobillərin kəskin artması şəhərdə hərəkəti iflic edib. Lakin problem təkcə insan və maşın sayında deyil, qeyri-intellektual idarəetmədədir. Çünki, Bakıdan daha çox əhali və maşın sayına malik şəhərlər var ki, onlarda belə problemlər yaranmır. Son vaxtlar bu sahədə edilən dəyişikliklər isə vəziyyəti daha da ağırlaşdırıb.
Paytaxtın nəqliyyat sistemində həyata keçirilən islahatlar öz müsbət yönləri ilə yanaşı mənfi nəticələrini də verdi. Bütün duracaqların pullu edilməsi- həm də çox yüksək qiymətlərlə- küçələrdə hərəkəti daha da çətinləşdirdi. Çünki, əvvəllər küçənin bir tərəfində duracaq yeri olduğu halda, pullu olduqdan sonra hər iki tərəfində duracaq oldu və 3 zolaqlı yolun yalnız bir zolağı hərəkət üçün qaldı. Məsələn, Üzeyir Hacıbəyov küçəsini, xüsusən də onun Sahil bağının yanından keçən hissəsində əvvəl bir zolaq duracaq idi, pullu edildikdən sonra hər iki tərəfində duracaq peyda oldu. Demək, məqsəd küçələri hərəkət üçün boşaltmaq deyil, daha da çətinləşdirmək sayəsində gəlir əldə etməkdir.
Son vaxtlar bəzi şəhər küçələrində xüsusi avtobus zolaqlarının yaradılmasını alqışlamaq olar, bunun nəticəsində problemin kəskinliyi bir qədər azalıb. Həmin xüsusi zolaqlar yaradılan küçələrdə avtobuslar tıxac vaxtları belə normal hərəkət edə bilir. Təəssüf ki, heç də bütün küçələrdə belə zolaqlar yaratmaq mümkün deyil, lakin mümkün olan küçə və prospektlərdə bunun yaradılması vacibdir.
Bununla belə, burada da ciddi problem var. Belə ki, 2-3 zolağı olan küçənin 1 zolağını yalnız avtobus üçün ayrımaq digər zolaqlarda hərəkəti daha da ağırlaşdırır. Halbuki, bütün dünyada taksilər də ictimai nəqliyyat sayıldığından onların da həmin zolaqdan istifadəsinə icazə verilir. Məsələn, elə bu yaxınlarda baş çəkdiyimiz Moskva və Sankt-Peterburq şəhərlərində həmin zolaqdan avtobuslar, trolleybuslar və taksilər istifadə edir, heç bir problem də yaranmır.
Velosiped zolaqlarının yaradılması və 2-3 zolaqdan birinin ona ayrılması tıxacları daha da ağırlaşdırıb. Hələ ki, o zolaqlarda hərəkət edən velosipedçi görənə rast gəlinməyib, çünki bizdə bir neçə kuryer istisna olmaqla heç kim velosipeddən istifadə etmir. Nəticədə hərəkət sistemində biabırçılıq yaranıb. Elə küçə var ki, orada 3 zolaqdan biri avtomobil duracağı, biri velosiped üçün ayrılıb, qalan 1 zolaqda isə həm avtobuslar həm də digər avtomobillər hərəkət etməlidir- burada əlbəttə ciddi böhran yaranacaq.
Sürücülərin və sərnişinlərin əsəblərini korlayan tıxac problemi bitmək bilmir. Şəhərdə yaranan avtomobil tıxaclarına son qoymaq üçün istifadəyə verilən yol ötürücüləri və küçələrin hərəkət sxemində edilən dəyişikliklər gərginliyi bir qədər səngitsə də, problem hələ də həll edilməyib.
İctimai nəqliyyatın normal olmaması səbəbindən şəhər sakinlərinin çoxu borc-xərc avtomobil alıb ki, bu da son nəticədə paytaxt küçələrində yüklənməni artırıb və tıxacların artmasına gətirib çıxarıb. Pik saatlarda bir çox küçələr keçilməz hala gəlir. Bu vəziyyətdə təcili yardım və yanğınsöndürən maşınların hərəkəti mümkün olur ki, bu da ağır faciələrə səbəb ola bilər.
Müsbət işlərdən biri də bəzi mərkəzi küçələrdə svetoforların axına uyğun sinxron tənzimlənməsidir. Bunu daha geniş miqyasda tətbiq etmək olar. Bu sistemin sayəsində nəqliyyat axınlarını optimal idarə etmək olar və tıcaxların miqyası və sıxlığı xeyli azalar.
Problemi həll etmək üçün paytaxtın şəhərdaxili sərnişin nəqliyyatında və küçələrin hərəkət sistemində əsaslı islahatlar aparılmalıdır. Tramvay və trolleybuslar bərpa edilməlidir. Bu nəqliyyat sistemləri həm ekoloji təmiz olmaları, həm daşıma xərcinin avtobuslara nisbətən aşağı olması, həm daha çox sərnişin daşıma qabiliyyəti ilə seçilir.
Lakin bunlar problemin köklü həlli deyil. Problemin fundamental həll yolu regionların inkişafını sürətləndirməkdir, nəticədə əhalinin Bakı və Abşeron yarımadasına cəmləşməsi dayanar, Bakıdan regionlara doğru əksinə proses başlayar, paytaxtın yükü xeyli azalmış olar.