PDF Oxu

Köşə

  • 3 283

İnformasiya təhlükəsizliyimiz təhlükədə - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

21-cin əsri boş yerə informasiya əsri adlandırmırlar. Bu əsrdə ən qiymətli şey informasiyadır. Əslində həmişə belə olub, sadəcə indi bunun əhəmiyyətini dünya daha yaxşı dərk edir, çünki informasiya bazası və yayım imkanları, müvafiq olaraq informasiyanın təsiri min dəfələrlə artıb. Beləliklə, informasiya müharibəsi getdikcə daha fərqli müstəvilərə keçir. Proseslər göstərir ki, nəinki peşəkar agent, adi bir şəxs belə saxta bir informasiya ilə savadsız kütlənin başına nə oyun desən aça bilər, onun fikrini, münasibətini hara istəsən yönəldə bilər. Küçə dezinformasiyalarına reaksiyalar göstərir ki, nəinki kütləni, özlərini ziyalı, jurnalist, ictimai xadim sayanların çoxunu da asanlıqla avam yerinə qoyub aldatmaq mümkündür- necə ki, çox uzun müddətdir belə də edirlər.

Demək, artıq cəmiyyət və informasiya məkanı olaraq onlayn bazar qeybətləri erasına keçmişik, “deyirlər filandır”, “eşitdiyimə görə filan şey olub”, "feysbukda yazmışdılar ki…”, “vatsapda yayılıb” söhbətləri ilə istənilən məlumatı sürətlə hamıya yaymaq və azı 80-90 faiz insanı buna inandırmaq mümkündür.

Bu dezinformasiya sisteminin çox fərqli istiqamətləri və fərqli üsulları var. Məsələn, neçə illərdir sosial şəbəkələrdə bir saxtakarlıq metodu tətbiq olunur- bir nüfuzlu liderin və ya ictimai şəxsin şəkli qoyulur, altında istənilən fikir yazılır, şərhlərdə yüzlərlə, minlərlə adam başlayır onu söyməyə. Heç kim tələb etmir ki, a bala, zəhmət olmasa bu adamın bu sözü dediyi video materialı bura qoy görək.

İstənilən nüfuzlu şəxsi, təşkilatı, şirkəti, hətta dövləti ləkələmək üçün onun rəqibləri və ya düşmənləri sosial şəbəkələrdə və ya hansısa saytda və ya sosial şəbəkədə bir saxta kompramat material yayımladır, sonradan bunun yalan olduğu ortaya çıxsa belə, artıq cəmiyyətdə lazımi rəy yaradılıb və yalanlama məlumatı onların çox azına çatır. Üstəlik, ilkin mənbəni də əksər hallarda bilmək, tapmaq olmur. Çünki ilk mənbələr saxta sosial şəbəkə hesabları və ya xaricdəki saytlar olur.

Daha bir metod da milli və dövlət mənafeləri əleyhinə yayılan dezinformalarla bağlıdır. Bu işlə əsasən xarici agentura şəbəkələrinin nüfuz agentləri peşəkar şəkildə məşğul olur. Hətta bu yollarla etnik, dini, sosial, siyasi motivli qarşıdurmalar da təşkil etmək mümkündür, necə ki bəzi ölkələrdə bunu dəfələrlə effektli şəkildə təcrübədən keçiriblər.

Bu sistemdən daha çox, qərb dövlətlərinin texnoloqları geniş istifadə edir və öz düşmənləri olan ölkələr və qüvvələr haqda mənfi rəy yaratmaq üçün uğurla tətbiq edirlər. Digər ölkələr də bu metodlardan bəhrələnir.

Bunların tələsinə milyonlarla savadsız adam düşür və beləliklə su qiymətinə ictimai rəy formalaşdıra bilirlər. Dezinformaya yaynlar 2 qrupa bölünür: Biri bu işlə bilərəkdən, məqsədli şəkildə məşöul olanlardır, digər qrup isə isə sadəcə savadsız şəxslərdir- hardasa bir saxta materiala rast gəlib və bu da paylaşıb yaymağa. İkinci qrupa daxil olanlar, heç xəbərləri belə olmadan 2-ci qrupa işlədiklərindən (həm də müftə) işlədiklərini və ondan alət kimi istifadə edildiyini belə anlamır.

İnformasiyanın ən qiymətli və ən vacib şey olduğunu informasiya əsrində daha aydın görmək olur. Xüsusən də gəncləri və savadsız şəxsləri aldatmaq daha asandır. Onlar bir neçə saxta informasiya ilə rahatca tələyə düşürlər və özləri də bilmədən müəyyən qüvvələrin informasiya ordusunda müftə xidmət edirlər.

Yalnız savadlı, təcrübəli, ağıllı, məntiqli adamları aldatmaq mümkün deyil. Onlar belə saxta “dezo”ları görəndə- “zəhmət olmasa, mənbə göstərin”, “rəsmi sənəd göstərin”, “yazdığınızı sübut edin” deyə tələb edir və yalanı ifşa edirlər. Təəssüf ki, belələri çox azdır. Hamı belə etmədikcə, savadsız kütlənin başına nə oyun desən açmaq olacaq.

Belələrini sıradan çıxarmaq üçün çox sadə yolu var- onları kütləvi şəkildə blok etmək. Lakin kütlə bunu edəcək deyil. Çünki hansı informasiyanın hansı qüvvələr tərəfindən nə məqsədlə ortaya atıldığını dərk edə bilmir. Dərk edənlər isə nəsə etmirlər. Bu isə ölkəmizin və cəmiyyətimizin informasiya təhlükəsizliyinin çox zəif səviyyədə olduğunun göstəricisidir.

Digər xəbərlər