Dünyada sülhün iki simvolu var, biri ağ göyərçinlər, digəri gülümsəyən uşaqlar. Hər ikisi saflığın, təmizliyin, dincliyin nişanəsidir. Dünyada sabitliyi, sülhü ən çox arzulayan da övladı olan insanlardır. Dünyanın yaşanacaq yer olması üçün, uşaqlarımızın sülh içində böyüməsi üçün bu sabitliyi qorumaq məcburiyyətindəyik. Bəşəriyyətin xoşbəxtliyi uşaqların qorunmasından, onların yaxşı tərbiyə olunmasından asılıdır.
Uşaqlar hamımızın həssas nöqtəsi, qırmızı xətti, müqəddəsi, toxunulmazıdır. Hamımızın bir arzusu var, övladımız sülh, dinclik və əmin-amanlıq hökm sürən bir dünyada yaşasın. Sülhü təmin etmək üçün bütün dünya uşaqları arasında dostluq əlaqələrini qurmaq, bütün xalqlarının vəhdətini yaratmaq, uşaqlara sülhün nə demək olduğunu anlatmaq lazımdır.
Əslində, valideyniksə, bütün söhbətlərin sonu dönüb-dolaşıb uşaqlara gəlir. Ən vacib qərarlarımız onlar haqqındadır, ən ciddi planlarımız uşaqlarımızın barəsindədir, ən böyük arzularımız onların gələcəyi ilə bağlıdır. Əgər valideyiniksə bütün həyatımız özümüzdən nələri isə uşaqlarımıza ayırmaqla keçir- diqqətimizi, qayğımızı, sevgimizi, sağlamlığımızı onlara sərf edirik. Hər uşağın böyüyərkən ehtiyacı olan duyğuları ona ötürmədikdə, yalnız fiziki olaraq böyüyən, ruhən həmişə uşaq qalan insanlarla zəngin cəmiyyət formalaşır. Dolayısı ilə bizim ona verə bilmədiyimizi o da öz övladına verə bilməyəcək.
Bir neçə gündür ölkə mediası körpə bir qız uşağının öz anası tərəfindən işgəncələrə məruz qalması xəbərini tirajlayır. Dəhşətli vəziyyətdir - ən doğman ən çox zərər verənin olur. O xəbərləri görəndən, o körpənin dəhşətinə şahid olandan yerə-göyə sığmıram, nə yaza bilirəm, nə danışa. Elə indi də boğula-boğula, qəhərdən udquna-udquna yazıram.
Yaradılışın ən ali varlığı sayılır insan, incisi sayılır. O inci deyilən insan öz doğma balasına nələr edirmiş, bizim xəbərimiz yoxmuş. Bir bəni-adəm bilməyib, bir qonşu eşitməyib, bir qohum anlamayıb o körpənin başına gələnləri, ta ki öz anası əməlini çəkib paylaşanadək. Biz nə vaxt bu qədər etinasız insanlara çevrildik? Bizi mərhəmətimizi sümürə-sümürə, etibarımızdan istifadə edə-edə daşlaşdırdılar.
İnsan, ən çox da bir körpə özünü harada təhlükəsiz hiss edir? Anasının qoynunda, atasının qucağında. Nədən qorxur qorxsun, əgər girməyə bir ana qoynu, isinməyə bir ata qucağı varsa hər şeyi unudur. Mələyin girməyə nə ana qoynu olub, nə də ata qucağı. Döyüləndə, işgəncə görəndə hara girib o körpə? Mələklə təxmini yaşıd oğlum var, əli oyuncaqlarının arasında qalanda, harasa dəyəndə gəlib ağrıyan yerini öpdürür, sığal-tumar istəyir. Mələk yaralarını kimə öpdürüb, gözyaşını kim silib onun? Öz yarasını özü sığallayıb, qanını özü silib. Özü özünü böyüdə bilərmi uşaq?
Yanında cücəsi olan bir toyuğun balasına zərər vermək olarmı? Tüklərini qabardar, gözünü dimdikləyər o adamın. Balasını incidə bilərsinizmi bir itin, pişiyin? Dırnaqlarını çıxarar o saat. Doğduğuna zərər verirmi şüursuz dediyimiz heyvanlar? Amma insan verir. Adını Mələk qoyduğuna cəhənnəm əzabı yaşadır insan.
Ümid edirəm ki ilahi ədalət var.
Ümid edirəm ki Mələyin Əzrayılı cəzasını çəkəcək.