Elçin Bayramlı
İnternet medianın inkişafı və tam nəzarətsiz fəaliyyəti ilə bağlı klassik media arxa planda qaldığından və mətbuat sahəsində xaos yarandığından burada həm ictimai nəzarət, həm də Media qanunu çərçivəsində dövlətin bəzi tənzimləyici tədbirlər tətbiq etməsi vacibdir.
Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına, müxtəlif şəxslərə qarşı haqsız qınaqlar formalaşır.
Sonradan bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə medianın necə vacib bir sistem olduğu aydın olur. Klassik media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların, izləyicilərin bir çoxu ciddi media ilə küçə saytlarını, sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Yəni, kimsə hansısa saytda və sosial şəbəkə səhifəsində ağzına gələni yazırsa, adamlar onu yayırlar və deyirlər ki, mediada belə yazılıb.
Bu bu vəziyyətin yaranmasının daha hansı səbəbləri var? İstənilən ictimai əhəmiyyətli hadisə vaxtı insanlar daha tez və çox informasiya tələb edir. Lakin bunu təmin etmək bəzi hallarda o qədər də asan olmur. Üstəlik, bizim bəzi dövlət orqanlarının mətbuat xidmətləri operativlik cəhətdən çox zəifdirlər. Onlar məlumat yayana kimi gec olur. Və şayiələr, dezinformasiyalar baş alıb gedir. Kritik situasiyalarda isə vəziyyət daha da pisləşir. Belə ki, mətbuata heç bir aidiyyatı olmayan saytlar, bloqlar və səhifələr ortalığı yalan məlumatla doldururlar.
Bu proses 2 kontekstdə nəzərdən keçirilməlidir. Bunların bir qrupu sadəcə özlərini, saytlarını tanıtdırmaq, İP qazanmaq və buna müvafiq olaraq reklamdan gəlir əldə etmək istəyirlər. Digər qrup isə bunu siyasi məqsədlərlə düşünülmüş və mütəşəkkil şəkildə edirlər- onlar müxalifət partiyalarının və xarici dövlətlərin təsirində olan saytlardır.
Bu hallarla mübarizə aparmaq çətindir, çünki internetə nəzarət imkanları praktiki olaraq yoxdur. Bundan da müəyyən qüvvələr necə lazımdır istifadə edirlər. Hər hansı bir qəza və ya digər problem zamanı ajiotaj yaratmağa, iğtişaş törətməyə çalışırlar. Buna qarşı həm dövlət orqanları, həm Mətbuat Şurası və jurnalistlər, həm də cəmiyyətin sağlam qüvvələri mübarizə aparmalıdır.
Yuxarıda qeyd etdiyimiz halları daha ciddi proseslər zamanı da müşahidə etmişik. 2-ci Qarabağ müharibəsi zamanı mediada baş verənlər hamının yadındadır. İnternetdə, sosial şəbəkələrdə hərbi sirlərdən, qoşunların dislokasiyasından, cəbhə xəttindəki vəziyyətdəki dəyişiklikdən tutmuş itkilərə qədər hər sahədə dezinformasiyalar baş alıb gedirdi.
Bir sözlə ümumilli və dövlət əhəmiyyətli proseslər zamanı sosial şəbəkələr problem yaradır. Bu problemin qarşısını tam almaq mümkün olmasa da, müəyyən tədbirlərlə onun təsirini minimuma endirmək olar. Sağlam mətbuat sağlam cəmiyyət uğrunda mübarizə aparır, sağlam cəmiyyət isə sağlam dövlətin əsasıdır. Bu həyati dərəcədə vacib işdir.
MEDİA bu istiqamətdə lazımi addımlar atır, bu sahədə köklü islahatların aparılmasına çalışır. Burada klassik medianın maddi-texniki bazasının, kadr bazasının möhkəmləndirilməsindən tutmuş, jurnlaistlərin peşəkarlığının artırılması, sosial vəziyyətinin yaxşılaşdırılmasınadək bir çox istiqamətlər var.
Lakin tək MEDİA bunu bacara bilməz. Bu işdə jurnalist təşkilatları, media subyektləri özləri də maraqlı olmalı və dəstək verməlidirlər. Ona görə də, bu sahədə həm dövlət orqanı (Medianın İnkişafı Agentliyi), həm də bütün jurnalistlərin və media subyektlərinin üzv olduğu ictimai təşkilatların (Mətbuat Şurası və sair) birgə fəaliyyəti arzuolunandır.
Mətbuat vasitələri özləri bunda maraqlı olmalıdırlar. Media prinsiplərini pozanlara, peşə etikasını arxa plana atanlara qarşı ilk növbədə jurnalistlər özləri mübarizə aparmalıdırlar. Əks halda, bəzilərinin “sosial media” adlandırdığı küçə “mediası” ciddi mətbuatı sıradan çıxaracaq.
Bir sözlə hazırda yaranmış vəziyyət klassik mətbuatın bir növ ölüm-qalım müharibəsidir. Həqiqi jurnalistlər ənənəvi medianın qorunması, xüsusən qəzetlərin yaşaması, mətbuatın cəmiyyətdə itirilmiş nüfuzunu qaytarmaq üçün müharibə aparır. Bu müharibədə qələbə qazanmağa məcburuq.