Bəli, əsil "toy tuturuq" ata-babalarımızın qoyub getdikləri milli dəyərlərə son illər. Şairlərin sözü olmasın, min illərdir zamanın bütün sərt keşməkeşlərindən, sınaqlarından keçib gələn adətlərimizi, indiki internet əsrində, əttökən küçə "verilişlərində" açıq-aşkar ayaqlar altına atıb, üstündən o yana da keçirik, bu yana da. Amma günahkar qətiyyən kompüter, internet-filan deyil əzizlərim. Axı internetin nə günahı var ki, bir para adamlar var gücləri ilə insanlara ata-baba adətlərini unutdurmaq üçün nə oyunlardan çıxırlar televiziya ekranlarında...
İnternet demir ki, xalqının adət-ənənəsini ayaqlar altına atıb məhv elə. Bu, mümkün deyil. İnternet, dünyanı və yaşadığın zəmanəni daha yaxından tanımaq üçündür, öz keçmişini "topa tutmaq" üçün deyil, ey əziz həmvətənlərim!
Axı bu internet deyilən "zaddan" bütün dünya da istifadə edir, bəs onlar niyə bizim kimi dərhal atalarının öyüd-nəsihətlərini, adət və ənənələrini unudub özlərini tarixin "buldozerinin" ağzına atmırlar? Təəssüf ki, başqa xalqların, hətta Afrika qitəsindəki ac-yalavacların belə elm və dünyagörüşlərini artırmaq üçün istifadə etdikləri internetdən, bizim cəmiyyətdə "vaxt öldürmək", səmərəsiz laqqırtılar, qızlarla tanış olmaq, xüsusilə pornoqrafik səhnələri "ləzzətlə" gecədən-səhərə qədər seyr etmək üçün istifadə edilir. Biz də başqaları kimi internetdən, savadımızı artırmaq, "papağımızı qabağımıza qoyub" gələcəyimiz üçün nə isə fikirləşmək barədə istifadə etmirik müasir inkişafdan. Nədənsə bizim bu dərdimiz üzü Məhəmməd Füzulidən, Mirzə Ələkbər Sabirdən bəri bu günlərimizə qədər davam edir hələ...
Amma hər kəs mənimlə 100 faiz deyil, hətta 1000 faiz belə razılaşar ki, neçə əsrlərdir ki, bizlərə gəlib çatan dəyərlərimizi, bələkdəki uşaqlardan tutmuş yeniyetmə gənclərimiz və üstəlik, yaşlı insanlarımıza qədər bütün dünənimizi bugünümüzü və gələcəyimizi məhv etməkdə "nömrə bir" olan televiziya proqramları, əsil "mənəviyyat terrorçusuna" çevriliblər.
Deyəsən, mən bir dəfə bu mövzuya qayıtmışdım. Bu gün Azərbaycan televiziya məkanı üçün üz qarasına çevrilmiş "Toy olsun"lar, "Onun yarısı" kimi əttökən "verilişlər", o vaxt hələ təzəcə meydana çıxmışdı və bir çoxları bu şit proqramlara "Quran ayəsi" kimi qulaq verirdilər. Sonradan bunların hansı məqsədlər üçün ortaya atıldıqları məlum oldu. Məlum oldu ki, əzilib-büzülməyindən, ara sözü olmasın, əsil "o məsələ" olduğu ortaya çıxan "kişi" aparıcıların, min bir hoqqadan çıxıb, ailə namusunu onun-bunun yatağı ilə "dəyişən" bir sıra aparıcı "xanımlar"ın əsas məqsədi min illərdir ki, rus çarından tutmuş sovet hakimiyyətinə qədər hər maniədən keçib gələn adət-ənənələri qısa bir vaxtdaca məhv etməkdir. Elə edirlər də. Təsəvvür edin ki, üz-gözündən, əttökən boyasından min bir "yolun yolçusu" olduğu hər kəsə aydın olan bir xanım, sən demə bu "səyyar sevgi romanı"ndan bezib indi də "ailə qurmaq" niyyətinə düşüb və hansısa rayonda yaşayan işsiz-gücsüz bir rayon uşağı ilə "taleyini birləşdirmək" istəyir.
Harda görülüb, haçan eşidilib ki, Azərbaycanda kişi heç vaxt görmədiyi, soyuna-kökünə belə bələd olmadığı, əslini-nəslini tanımadığı birisi ilə televiziya proqramında ailə qursun?
Bəlkə bu bir "yenilikdir"? Özü də biləndə ki, sadəlövh rayon uşağının qarşısındakı gələcək "gəlin", pis çıxmasın, onun kimi yüzlərini "suya sussuz yola salıb", onda gənclərimizin bilə-bilə belə dəhşətli oyunların alətinə çevrilməsi, olduqca ağır və əzablı haldır. Özü də ata-ana xeyir-duası da, lmadan elə verilişdəcə, bir molla, bir kəllə qənd, vəssəlam, şüttamam!
Bəs hanı bunun nişanı, xeyir-duası? Yoxsa daha xeyir-duaya ehtiyac qalmayıb? Deyəsən, elədir ki, var.
Oğlan da, maşallah, məşhur yazıçıların kənddən şəhərə gələn acı taleli qəhrəmanları kimi, köynəyinin yaxalığı az qala sinəsindən sallanır, kəmərinin mərkəzi hissəsi sovet gerbi kimi adamın üzünə gülür.
Bığ yeri təzəcə tərləyən bu gənc, hisli-paslı rayondan çıxıb Bakıya gün görmək, ev-eşik sahibi olmaq, kənddəki hər kəsə "zəmanə uşağı" olduğunu sübut eləmək üçün, sifətində iki metr qalınlığında pudra-ərşan olan, keçmişi "olduqca zəngin eşq romanları" ilə dolu olan 30-40 yaşlı bir xanımın toruna düşür...
Bu yazıq rayon uşağı, canını kənddə mal-heyvan saxlamaqdan, əkin-biçindən, əməkçilikdən xilas eləmək və Bakıda adam kimi yaşamaq istəyir. Qarşıdakı xanım da yalançı ərə sahib olub, keçmiş "sevgi romanı"nı indi daha azad şəkildə davam etdirmək istəyir. Hər ikisinin maraqları tutuşur. Arada məhv olan yenə dəyərlərimizdir!
Bir də kənd-kəsəkdə bir tikə soğan-çörəyini yeyib, oğul yolu gözləyən yazıq ata-ananın övlad arzusu məhv olub gedir. Gəlin ata-babalarımızın adət və ənənələrinə "TOY TUTMAYAQ"! Yoxsa gələcək bizə dəhşətli "toy tutacaq"!