Köşə

  • 8 305

YOD “əməliyyatı”

image

Bu günlərdə bütün ölkədə apteklərdən “yoxa çıxan” YOD barədə danışırlar. Sanki qeybə çəkilib bu tibbi ləvazimat apteklərdən. Hansısa “cazibə qüvvəsi” YOD-u aparıb başqa planetə. Yenə “zirək” işbazlarımız Putinin masasındakı məxfi sənədi hamıdan qabaq necə “qoxulayıblarsa”, YOD-u didərgin salıblar ölkədən. Deyəcəksiniz YOD-un V.Putinlə nə əlaqəsi?,- səbr edin deyəcəm. Bizim işbazlarda milli təəsübkeşlik, milli vicdan hissləri olmasa da, çox zirəkdirlər.Hardansa eşidiblər ki, bəs V.Putin Ukraynanı “ölüm çəlləyi” kimi onun önünə itləyən qərb dövlətlərinə nüvə zərbəsi endirəcək, bunlar da o gün, bu gün apteklərdən yodları yoxa çıxarıblar. Guya V.Putin nüvə silahı ilə dünyanı cəhənnəmə çevirəcək, yer-göy qapqara qaralacaq, amma biz tərəflərdə kimin cibində YOD varsa, saq qalmaq şansı böyük olacaq.

Ağıla bax, düşüncəyə bax, içindəki pul hərisliyinin murdar “üzünə” bax. Əsl dedi-qodu səviyyəsində olan diletant işbaz sürüsü!. Bu tiplər elə öküz-fayton zamanında da, indiki internet əsrində də eynidirlər. Bunlar üçün xalq, milli təəsübkeşlik deyilən heç nə yoxdur. Bunlar üçün tək məqsəd var: təki qazanc olsun, gerisi hekayədir.
Yazıq Mirzə Cəlil, ehtiyac üzündən qışın soyuğunda balalarını qızdırmaq üçün yazdığın əsərləri odun peçində yandırsan da, “ÖLÜLƏR”, “DANABAŞ KƏNDİNİN ƏHVƏLATLARI” yenə içimizdə yaşayırlar. Onlar internet əsrində yenə iş başındadırlar. Qazanmaq üçün Nobel mükafatını belə şoka salan istənilən hoqqa çıxararlar. Təki o işin ucunda qazanc olsun, vəssalam. Bunlar 2020-ci ilin koronavirus vaxtında nə oyunlardan çıxmadılar ki...
Yadımdadır, pandemiyanın kəsəkəs vaxtları idi. Dünya koronavirus fəlakəti ilə ilk dəfə üzləşmişdi və bu işi quraşdıranların qaranlıq “təbliğat maşını” ucbatından hər kəs dünyanın sonunun gəldiyini düşünürdü. Təşviş, qorxu, ölüm təhlükəsi əcəl kimi çökmüşdü insanların üstünə. O dəhşətli günlərdə bütün bəşəriyyət, sanki son çarə olaraq ölümə meydan oxumaq üçün balkonlardan musiqilər səsləndirir, həkimlərə ruh verir, yaş süzülən gözlərdən sanki ƏCƏLƏ bir yalvarış da boylanırdı. İspaniya, Fransa, İran, İtaliya, başqa neçə-neçə ölkədə ölümcül koronavirus tamaşası dəhşətli səhnələr yaşadırdı insanlara. Heç yadımdan çıxmaz: Dünya gerçəkdən bu qanlı tamaşa qarşısında aciz idi və ağlayırdı...
Dünyanın bu vaxtında bizdə tam başqa “küləklər əsirdi”. Biz yenə də öz “havamızda” idik. Lap neçə əsrlər bundan əvvəl olduğu kimi. Bu qorxunc fəlakət insanlarımızı qorxutsa da, yerli işbazlar əsl qazanc ovunda idilər. Təsəvvür edin, adi 10 qəpiklik maska anidən yoxa çıxmışdı, apteklərdə maska soruşana qəzəblə baxırdılar. Sanki əczaçıdan var-dövlətini soruşurdun. Bu işbazların bu çətin günlərdə beş-üç manat qazanmaq üçün etdikləri ALÇAQLIQ pandemiya ilə bağlı qorxunu on qat artırırdı. Həttda heç yadımdan çıxmaz, Bayıldakı “20-ci sahə” deyilən ərazidə apteklər qarşısında ölməmək, yaşamaq ümidi ilə maska növbəsinə duran insan sayı görənləri gerçəkdən vahiməyə salırdı.O vaxt camaat arasında danışılırdı ki, yerli işbazlarımız maska və spirtləri pandemiyadan qırılan qonşu İrana on qatına satırmışlar. Təsəvvür edirsinimiz?. Burda sənin əzizlərin, doğma camaatın təşviş və qorxu altında maska, spirt harayında olsun, sən bunları İrana qat-qat baha qiymətə satıb milyonlar qazanasan.
Əslində heç təəcüblənməli vəziyyət də deyil. Azərbaycan ədibləri, sözü möhür qədər qiymətli olan şair və yazıçılarımız neçə əsrlərdir ki, qanımıza daraşan və bizimlə ta bu günə qədər “yol gələn” bu dəhşətli qüsurlarımız barədə yazdılar, pozdular, sonda yenə bu xəstəlik içimizdə “yol gedir”, yenə bizimlədir. O yazıq ədiblər də bu milli qüsurlardan dad-aman edərək bu dünyadan köçdülər.
Amma biz nə düzəldik, nə də xalq olaraq zaman-zaman başımızı aşağı edən bu qüsurlardan qurtula bildik. Elə o rəhmətliklər də bu cür qüsurların qurbanı oldular bir baxımdan. İndi də YOD-un qurbanı olacayıq. Cənab işbazlar, nə V.Putin nüvə müharibəsinə başlayacaq, nə YOD nüvə müharibəsindən qorumur heç kimi. Rica edirəm, icazə verin biz kasıblar YOD-lanaq, qazancı başqa yerdə axtarın və rədd olun...

Mətləb Salahov

Digər xəbərlər