Payızın güllü-çiçəkli yayı qovub sazağı ilə təbiətə hakim kəsildiyi, durnaların təzəcə qatarlanıb köç etdiyi bir vaxtda gəlmişdi şair bu gəlimli-gedimli, son ucu ölümlü dünyaya. Elə gedişi də həmin mövsümdə oldu... Ömür yolayrıcı iki payızı birləşdirdi şairin... Bəlkə elə buna görə şairlər şairi oldu. Axı payız şairlərin fəslidir...
Varlığı ilə yoxluğu arasındakı zaman kəsiyində bəli, şairlər şairi adlandırılan Məmməd Arazdan bəhs edirəm. 91 yaşına keçid edən Xalq şairindən söhbət açıram. Doğulduğu Şahbuz rayonunun Nursu kəndinə üz tutub:
Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq
Çaylı, baldırğanlı dağ dərəsində.
– deyərərk Nursunu bu çərçivədən çıxarıb nəinki Azərbaycana, özünün adı keçən bütün ölkələrə sığdıran şairdən... Çünki şairlik ruhunu bu kənd vermişdi ona. Çadırdaş, Toxluqaya, Motalqaya, Novlu, Götürgə, Hamar Güney, Haçabənd, Kolarxac, Şahbulaq, Təhnəli bulaq, Damla bulaq, Məzrə düzü – hər biri bir şeiriyyət ocağı olan bu yerləri qarış-qarış gəzib onlardan poetik duyğular almışdı. Bir də ki elə şairlik ruhunu aldığı, bədahətən şeir düzüb-qoşan anası Cahan xanım onun üçün bir poeziya qaynağı idi. Əməkdar jurnalist, publisist Flora Xəlilzadə Məmməd Arazla bağlı xatirələrində yazır: “Mənim ruhumda böyük Məmməd Araz var. Məmməd Arazın anası Cahan xanım mənim bibimdir. Təhsil ala bilməsə də, sinədəftər xanım idi. Bizim nəsildə hər kəsin bir şeir dəftəri var. Amma Məmməd Araz nəslimizin Xan Çinarıdır”.
Şairin ata ocağı olan köhnə daxmaları, kəndin kəhər atları, həmyaşıdları ilə birlikdə kotan nəğməsinə holavar qatmaları, çəpərdən üstünə qəfil su atan o güləyən qızın unudulmaz baxışları onu əlinə qələm alıb bu sevimli tabloları sözə çevirməyə vadar etmişdi. Və kəndi tərk edəndən sonra illərlə arzuladığı, lakin yuxusuna girməyən kənd yolları, onları gəzib dolaşmaq, bir-birinə düyüb yumaq sarımaq, çoban dostlarına çadır qayalardan papaq, hər bulağından bir gilə götürüb evində bir bulaq düzəltmək istəyi heç vaxt reallaşmayan şair üzünü küskünmüş kimi dağlara tutub:
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar?
Leysan, salamat qal, yağ, salamat qal!
– deyib kənddəki xatirələrini qələmi ilə paylaşıb, misralarla bölüşdü.
Böyük şairimiz Məmməd Arazdan söz düşəndə öncə insanın nəzərində əsl vətəndaş, sonra poeziya vurğunu bir şair canlanır. Ömrünü Vətəni, xalqı üçün yaşayan, onu şam kimi əridərək Vətənin daşı olmağı özünə fəxr saydı Məmməd Araz. Onun bənzərsiz Vətən sevgisi bir arzu, bir istəklə:
Vətən mənə oğul desə, nə dərdim?!
Mamır olub, qayasında bitərdim,
– misraları ilə başlayıb,
Azərbaycan – mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
və yaxud:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
– kimi misralarla milyonlarla insanı Azərbaycanın milli istiqlaliyyətinə, ərazi bütövlüyünə, ümumilikdə isə Vətən sevgisinə çağırışı ilə tamamlanır. Çünki Məmməd Araz istiqlaliyyətimiz uğrunda qılıncı qələmi ilə əvəz edən əbədiyaşar sənətkarlarımızdan biri idi. Bizlər üçün örnək, həm də qürurvericidir ki, böyük şairimizin Vətən sevgisi doğma kəndinə məhəbbətindən başlayaraq Naxçıvanla, sonra isə Azərbaycanla bir oldu:
Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.
Məmməd Araz harada yaşamasından, hansı ölkədə səfərdə, istirahətdə, müalicədə olmasından asılı olmayaraq, onun Naxçıvandan dünyaya açılan bir pəncərəsi var idi. Və hər zaman deyirdi:
Mən burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axar çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.
Araz şairin təxəllüsü, onun yaradıcılığının ilk “qədəmi”, eyni zamanda Vətən, millət sevgisinin başlanğıc nöqtəsidir. Gənc bir şairin bu təxəllüsü seçməsi onun Azərbaycan tarixinin bu həsrət motivlərinə dərin ürək yanğısı ilə yanaşmasından irəli gəlir. O, bəzən Araz kimi coşur – mübarizəyə qalxır, bəzən sakitləşir – millətinin ayrılıq, ürək nisgillərinə qulaq asır, bəzənsə bu sakitlikdə bu həsrətə son qoymaq üçün yollar axtarır. “Qələm gəldi əlimə – Araz gəlir dilimə”, – deyən şair bu həsrətini “Bu gecə yuxumda Arazı gördüm”, “Arazın nəğməsi”, “Araz üstə çinar gördüm”, “Arazın işıqları”, “Mən Araz şairiyəm” və sair kimi şeirləri və “Araz axır” poeması ilə bölüşür.
Məmməd Araz poeziyasında diqqəti çəkən məqamlardan biri də dağ mövzusudur. İndiyədək Azərbaycan ədəbi janrları əsasında yaranan nümunələrin heç birində arxa, kömək, ucalıq rəmzi olan dağa bu qədər müraciət olunmamışdı. Asan deyil, böyük şəhərlərdə yaşayıb onun ucqarlarındakı dağları bu qədər gözəl vəsf etmək. Bəlkə, bu, təbiətin baş tacı olan dağlara bir coğrafiyaçı yanaşmasından irəli gəlirdi? Axı Məmməd Araz coğrafiya müəllimi idi. Bəlkə də, ulu dədəmiz Qorqudun dağları bizlərə ata kimi təqdim etməsindən, Məmməd Arazın isə bu ata ocağına bağlılığından irəli gəlirdi:
Bu dağlar özəyi, özülü möhkəm,
Şair, qayalara, dağlara söykən!
Dağlar sevgisində bir ulu ata,
Dağlar ərköyünlər atası deyil.
Dağlar dağ oyadan qıyıltıları
Bütün dərələrə paylaya bilir.
Daşı qartal etmək dağlara xoşdur,
Qartalın daşlığı kiçildir dağı!
Ən ağır anında dağlara danış,
Ən ali loğmandır o müdrik qoca.
Şairin mənzili sözün ünvanı idi. Bu ünvanda açılan süfrələrə min bir nemət yox, söz qoyuldu. O süfrənin ətrafına yığılanlar da fərqli, Məmməd Araz ruhuna, sadəliyinə, dünyagörüşünə uyğun insanlar idi. Onları bir araya yalnız söz toplayırdı, bir-birinin ardınca düzülməklə bir millətin dünənindən, bu günündən, dərdi-sərindən, gələcək arzularından bəhs edən söz... Elə buna görə də şair:
Ötəri hay-küydən qulağım batar,
Yalançı köçəri Yalan köçəri.
Açdım ürəyimi, açdım taybatay,
Xoş gördük, doğru söz, Buyur içəri ...
– deyərək doğru, yerində deyilən, boş vədlərdən uzaq olan sözə dəyər verib, mənəviyyatca zəngin insanların cəmləşdiyi evinin qapısını onun üzünə açır. 1933-cü ilin 14 oktyabrından başlanan bir ömür yolunun 2004-cü ilin 1 dekabrında bitdiyi bir yerdə – yolayrıcında “həyatı ilə söhbətləşən” şair:
Mən özüm bilmirəm nəçiyəm, nəyəm.
Tikdiyim bu daxma, hördüyüm budur.
Odası təptəzə, odu köhnəyəm;
Əlimdən bu gəlir, gördüyüm budur…
– deyir. Bu, şairin illərlə yazıb-yaratdıqlarını, Azərbaycan ədəbi mühitində fəaliyyətini kiçiltməsi deyildi, insanlığın zirvəsində dayanan bir Vətən oğlunun təvazökarlığı idi. Onun özü-özünü tərifə ehtiyacı da yox idi. Çünki qiyməti verilmiş, dəyəri bilinmişdi.
Ədəbi-bədii irsimizin kamil bilicisi, milli poeziyamızın, xüsusilə də Məmməd Araz yaradıcılığının vurğunu olan Ulu Öndər Heydər Əliyev xalq şairinə “Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur” kimi yüksək qiymət vermişdir. Ümummilli Liderin qayğısı ilə Xalq şairi Məmməd Araz hələ sağlığında Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülmüş, dövlət mükafatı almış, “İstiqlal” ordeni ilə təltif edilmişdi. Bu görkəmli söz ustadının bu gün də xatirəsi əziz tutulur. Bu dəyərli fikirləri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında 2013-cü il 27 sentyabr tarixli Sərəncamından oxuyuruq:“Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü Vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizin və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır”.
Dövlət tərəfindən Şahbuz rayonunun Nursu kəndində Məmməd Arazın ev-muzeyinin yaradılması isə hər daşının altında Məmməd Araz yaşayan Naxçıvanda şairin ömür yoluna verilən yüksək qiymət oldu. 2014-cü ilin 1 dekabrında – şairin anım günündə açılan muzey bir zamanlar “Bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, dağ salamat qal”, – deyən Xalq şairini bütün ruhu ilə Nursuya – daim xəyallarında yaşatdığı doğma Naxçıvanına qaytardı. Bu muzey yüz illərin çinarına bərabərdir. Çünki onun bünövrəsinə tək nəslinin deyil, bütövlükdə, Azərbaycan poeziyasının Xan Çinarı köklənib. Bu muzeyə – uşaqlığının və gəncliyinin ən xoş anlarının, əlyazmalarının, kitablarının, onun haqqında xatirələrin, təltiflərin əbədiləşdiyi bu ünvana illərdir ki, yüzlərlə məmmədsevər üz tutur, böyük şairi anır. Həm də dövlətimizin insanlara verdiyi dəyərin şahidi olurlar.
***
Yolayrıcında 91 yaşlı Xalq şairi ilə, bax beləcə, söhbətləşib, yaddaşımın bir küncündə qalanları oxucularla paylaşdım... Paylaşdıqca da düşnürəm ki, bu yolayrıcı şairin ömrünü budünyalı-odünyalı edən şərti bir məkandır. Onun əbədi ünvanı isə bizim qəlbimizdir...
Mətanət Məmmədova