Mədəniyyət

  • 7 750

Rəngarəng sənət dünyası MÜSAHİBƏ

image

Müsahibimiz 68 illik ömrünün 45 ilini sənətə həsr etmiş rəssam, heykəltəraş, sənətşünas Rafiq Quliyevdir.

- Rafiq müəllim, mən sizin rəssamlığınızdan, heykəltəraşlığınızdan və ümumən, sənət dünyanızdan xəbərdaram. Bu yaxınlarda, bir daha əsərlərinizi izləyib, sizin kimi maraqlı bir rəssam haqqında yazmaq qərarına gəldim.

- Çox sağ olun.

- Rəssam, heykəltəraş və sənətşünas Rafiq Quliyev özü haqqında nə deyə bilər?

- Bilirsiniz ki, bu ilin sonlarına yaxın, 68 yaşım tamam olur. Mən 68 il bundan əvvəl Azərbaycanın gözəl məkanlarından biri olan Cəbrayıl rayonunun Quyçaq kəndində anadan olmuşam. Doğma diyarın rəngarəng təbiəti uşaq yaşlarımdan məndə rəssamlığa maraq yaradıb. Mən kiçik yaşlarımdam ətrafımda gördüyüm təbiət gözəlliklərini kağıza köçürürdüm. Orta təhsilimi başa vurduqdan sonra, Bakıya gəlib, sənədlərimi Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə təqdim etdim.

- Siz artıq rəssamlıq sənətini seçmişdiniz.

- Başqa cür ola da bilməzdi.

- Rafiq müəllim, sizin qardaşlarınız da talelərini sənətə bağladılar. Oxuculara bu haqda məlumat verərdiniz?

- Elədir ki var. Qardaşım Hafiz taleyini teatra (hazırda Akademik Opera və Balet Teatrının baş rejissorudur), Mais isə, musiqiyə bağladı. Kiçik qardaşım Fərhad isə, Cəbrayılın müdafiəsi zam8nı qəhrəmancasına şəhid oldu.

- Allah rəhmət eləsin.

- Allah bütün şəhidlərimizə rəhmət eləsin.

- Beləliklə, siz Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbəsi və nəinki Quyçaq kəndinin, hətta bütünlükdə Cəbrayılın ilk rəssamlarından biri oldunuz.

- Bəli, mən Cəbrayılın ilk peşəkar rəssamı oldum. 1970-1980-ci illərdə, əsgəri xidmət də daxil olmaqla Rəssamlıq məktəbində oxudum.

- Rafiq müəllim, rəssamlıq məktəbindəki müəllimləriniz haqqında nə deyə bilərsiniz?

- Rəssamlıq məktəbində məşhur fırça ustaları Kamil Xanlarov, Sabir Şıxlı və Əyyub Məmmədovdan sənətin sirlərini öyrəndim. Müəllimlərim sanki mənim içimdə olan gözəllik duyğularını oyatdılar.

- Təhsilinizi bitirdikdən sonrakı fəaliyyətiniz haqqında nə deyə bilərsiz?

- Rəssamlıq təhsilimi başa vurduqdan sonra, mən təyinatla Mədəniyyət nazirliyi yanında Elmi-Metodiki Mədəniyyət Mərkəzində işləməyə başladım. Bu idarə mənim ilk və son iş yerim oldu. Bu illər ərzində mən ölkəni qarış-qarış gəzib, xeyli sayda xalq istedadlarını üzə çıxararaq, dekorativ-tədbiqi sənətin inkişafına və tədbiğinə çalışdım.

- Rafiq müəllim, siz adı çəkilən idarədə 45 ilə yaxın bir müddətdə çalışdınız. Həm işlədiyiniz idarədə, həm də rəssam, heykəltəraş və sənətşünas olaraq, yaradıcılığınızla milli mədəniyyətin təbliği və inkişafına xidmət etmisiniz. Bəs niyə çoxdan layiq olduğunuz fəxri adı almadınız?

- Mənim fəxri ad almağımla bağlı təqdimatlar getsə də, təəssüf ki, heç bir fəxri ada layiq görülməmişəm. Bununla bağlı dəfələrlə Mədəniyyət Nazirliyinə müraciətlər etmişəm. Amma heç bir nəticə olmayıb.

- Təəssüf ki, Mədəniyyət Nazirliyinin keçmiş rəhbərləyi onlara ünvanlanan müraciətlərə biganə olub.

- Elədir... Mən isə, heç nəyə baxmadan sevdiyim işimlə məşğul olmuşam. Bir çox respublika və beynəlxalq sərgilərin, müxtəlif sənət yarışmalarının və müsabiqələrin qalibi olub, yüksək mükafatlara, fərqləndirici diplomlara layiq görülmüşəm.

- Sizin yaradıcılığınız çoxşaxəli və zəngindir. Sizin zəngin yaradıcılığınız rəngkarlıqla başlayaraq qrafika və bədii tərtibatı əhatə etməklə heykəltəraşlığa qədər gedib çıxır.

- Mən yaradıcılığımda hansısa janra üstünlük verməkdə çətinlik çəkirəm. Amma mənim rəngkarlıq və digər əsərlərimdə süjetli kompozisiyalar üstünlük təşkil edir. Siz bu əsərləri görmüsüz?

- Bəli, mən bu əsərləri gördüm və çox xoşuma gəldi. “Toy” və “Toya hazırlıq” əsərləri sizin doğma kəndinizdə gördüyünüz toy şənliklərinin həm konkret, həm də ümumiləşdirilmiş görüntüsü olaraq, zəngin rəng çalarlarında həll olunmuşdur. Bu əsərləriin hər ikisi tamaşaçıya nikbin ovqat bəxş edir. Digər əsərləriniz haqqında nə deyə bilərsiniz?

- Mən digər sujetli əsərlərimdə də həm konkretliyi və həm də ümumiləşdirməni əsas götürmüşəm. Məsələn, mənim “Çoban” əsərimdə el-obada tanınmış heyvandar kimi ad çıxarmış atam Məhərrəm kişinin obrazını yaratsam da, əslində bu konkretlikdə də müəyyən ümumiləşdirmə də var.

- Rafiq müəllim, belə görünür ki, sizin doğma kəndinizdən aldığınız təəssürat güclü və sonsuzdur. Bir çox əsərlərinizdə bunu asanlıqla duymaq olur.

- Düz deyirsiniz, bütün bunlar bir çox əsərlərimdə duyulur. “Kənd qızları”, ”Rəfiqələr”, ”Yaylaqda”, “Dəvələr”, ”Arx kənarında”, ”Söhbət” və digər əsərlərimdə doğma kəndimizin rəngarəng mənzərələri təqdim edilir. “Kənd qızları”əsərim sanki “Rəfiqələr”əsərimin davamı kimi qəbul edilir.

- Bu əsərlərdə insanı təəccübləndirən göz oxşayan rənglərin və süjet xəttində olan dramatizmin vəhdətidir. Bu əsərləri seyr edərkən, tamaşaçı heyrətlənməyə bilmir. Əsərlərinizdə adilikdə qeyri - adiliyi görmək bacarığı hiss olunur.

- Bu əsərlər, əslində elə mənim təbiət mənzərələrinə olan vurğunluğumun və heyrətimin nəticəsidir. “Bazarda” əsərimdə məişət mövzusunda daha çox rəng zənginliyi ilə dinamikanı əks etdirmişəm.

- Sizin digər əsərləriniz kimi, işlədiyiniz portretlər də maraq doğurur. Onlar ənənəvi ikonoqrafik dəqiqlikdə işlənsə də, dəqiq rəssam yaşantısından keçərək, düşündürücü təsir bağışlayır.

- Mən əmək qəhrəmanı Köçəri Babayevin, Qaçay Səfərov və Şahnaz xanımın, müharibə veteranı Cəmil Əhmədovun, tanınmış alim Abuzər Xəlilovun, milli məclisin deputatı Tahir Süleymanovun, el sənətkarı Aşıq Pərinin və diğərlərin portretlərini işləyərkən, xarici dəqiqliyə və obraz bütövlüyünə çaslışmışam. Bu əsərlər artıq muzey eksponatlarına çevrilmişdir.

- Sizin “Düşüncə”, ”Kənd ağsaqqalı” və sair əsərlər də maraqla qəbul edilən nümunələrdir.

- Mənzərə janrı mənim üçün həm təbiətin rəngarəngliyini, həm də içimdə yaşatdığım gözəllik duyğularımın ifadəsidir. Bu əsərlərdə doğma Quyçayın və ümumilikdə, Azərbaycanın əsrarəngiz gözəllikləri vəsf olunub. “Kəndimiz”, ”Xəzərin sahilində”, “Su kənarında”, ”Kənd mənzərəsi”, ”Dəniz”, “Axşam”, “Torpağın arzusu”, “Aranda”, “Külək”, Çaylaq”, “Qayalıq”, ”Sınıq körpü”, “Qış” və sair əsərlər mənim rəssam təxəyyülümdə təzadlı ovqatlar yaradıb. Bu əsərlərin tamaşaçılarda da eyni hissləri yaradacağına əminəm.

- Mən də əminəm. Rafiq müəllim, adətən rəssamların müxtəlif fəsillərə münasibətləri müxtəlif olur.

- Bu təbiidir. Mənim əsərlərimi davamlı şəkildə izləyənlər ilin dörd fəslinə dörd fərqli ovqatın şahidi ola bilərlər. İzləyicilər “Külək”əsərində payızın, “Bahar”əsərində baharın, “Çaylaq”əsərində yayın, “Qış” əsərində qışın ovqatını hiss edə bilərlər. Ümumən mənim əsərlərimdə fəsillər, həm də kəskin rəng çalarları ilə duyulur.

- Sizin heykəltəraşlıq nümunələriniz də maraqla qarşılanır.

- Heykəltəraşlıq nümunələrim mənim duyğularımın maddiləşdirmək və daha əhatəli göstərmək istəyindən irəli gəlir. Mən 21 yaşında şəhid olmuş qardaşım Fərhadın heykəlini yaratdım. Bu heykəl həm qardaşıma, həm də digər vətən şəhidlərinə həsr olunmuş əsərdir. Cəbrayıl rayonunda Böyük Vətən müharibəsi iştirakçılarına, üç Milli qəhrəmana və üç şəhidə, Zərdab rayonunda yeddi şəhidə, Şəmkir rayonunda şəhid Milli Qəhrəmana, Bakıda Texniki Universitetin həyətində şəhidlərin şərəfinə ucaldılmış heykəl kompozisiya və büstlər mənim rəssam duyğularımın təzahürüdür.

- Siz, Ulu Öndərin də neçə-neçə heykəl və büstlərini yaratmısınız.

- Ümummilli liderimiz Heydər Əliyevin obrazı mənim yaradıcılığımda önəmli yer tutur. Həmkarım Nariman Tağıyevlə birlikdə Ulu Öndərin bir neçə heykəl və büstlərini hazırlamışıq. Bu heykəl və büstlərdə hamıya yaxşı tanış olan rəhbərin ancaq ona xas olan xarakterik cizgilərini canlandırmağa çalışmışıq. Bakıda Azərbaycan Dəmir Yol İdarəsini, Məktəbəqədər texnikomu və Xətai rayon İcra Hakimiyyətinin foyesini, eləcə də Qaçqın və Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin muzeyini bəzəyən mərmər və qranitdən yonulmuş büstlər baxış nöqtəsinin yaxınlığı ilə heykəllərin yapma manevrası ilə diqqət çəkir. Bu mənada Tovuzdakı tunc abidə sənətlərin sintezi tələblərinə uğurlu cavabdır.

- Siz həm də inzibati binalarda sovet dönəmindən qalma dövlət atributlarının dəyişdirilməsinin təşəbbüskarı olmusunuz.

- Müstəqillik illərində yaradıcılığımda gözlənilmədən yeni bir janr peyda oldu. Bu nüfuzlu dövlət qurumları yerləşən inzibati binalarda tac rolunu oynayan milli dövlət atributları ilə bağlı idi. Bu atributların dəyişdirilməsini qarşıma məqsəd qoyub, həmin təşkilatların rəhbərlərinin yanına getdim. Onlar da bu çatışmamazlığı aradan qaldırmaq üçün əllərindən gələni etdilər. Beləliklə, bir-birinin ardınca Dəmir Yolu İdarəsinin və Texniki Universitetin əzəmətli binasının memarlığına uyğun dövlət atributları, daha kamil bədii həlli ilə seçilən yeni formada əvəzləndi. Bundan əlavə Texniki Universitetin həyətini bəzəyən görkəmsiz kiçik hovuza da müasir və milli görkəm vermək istəyi ilə ümumi kompleksə bədii- estetik görüntü verdik.

- Rafiq müəllim, bildiyimə görə, siz həmçinin xatirə medalları və döş nişanlarının hazırlanması ilə də məşğul olursunuz?

- Mən monumental abidə hazırlamaqla yanaşı, həmçinin xatirə medalları və döş nişanları hazırlayaraq, plastikanın zərifliyini göstərmək istədim. Beləliklə, Azərbaycan Dövlət İqtisad Universitetinin 75 illiyi münasibəti ilə xatirə medalı hazırladım.

- Bu nadir nümunənin ölkə Prezidentinə təqdim olunması və nedalın bədii həllinin yüksək dairələrdə təqdir edilməsi təbii ki, sizə şöhrət və baş ucalığı gətirdi.

- Çox sağ olun.

- Siz həmçinin onlarla məkanlara və tədbirlərə bədii tərtibat vermisiniz. Bu barədə nə deyə bilərsiniz?

- Mənə bir neçə rayonda Heydər Əliyevin xatirə muzeylərinin tərtibatı tapşırılanda, onları yüksək səviyyədə və qısa müddətdə başa çatdırırdım. Bundan başqa, Quba, Şəmkir, Ağdam, Şabran bölgələrində və Bakının Binəqədi və Nəsimi rayonlarında, daha sonra Şamaxı rayonundakı polis şöbəsindəki muzeylərin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində və Bakının Xatai rayon İcra hakimiyyətindəki xatirə guşələrinin yaradılması dediklərimin əyani təsdiqidir.

- Rafiq müəllim, siz təsviri sənətin digər bir qolu olan qrafikada da maraqlı nümunələr hazırlamısınız. Bu haqda nə deyə bilərsiniz?

- Rəssamlıq və heykəltəraşlıq yaradıcılığından başqa qrafika da mənim üçün önəmli sahələrdən biridir. Bu sahə mənim üçün heç də köməkçi missiyasında olmayıb. Mən bir çox motivləri əhatə etmək üçün qrafikaya müraciət edirəm. “Ay işığında”, “Kənd mənzərəsi”, ”Dəniz sahili”, ”Çay kənarında”, ”Meşə”, “Gecə”, ”Qız portreti”, “İçərişəhər”, “Natürmort”, “Kənd”, “Ağaclar” və digər əsərlərim cizgi plastikasına olan bələdçiliyimin ifadəsi hesab oluna bilər.

- Siz, bildiyimə görə, həmçinin neçə-neçə kitaba tərtibat da vermisiniz?

- Elədir ki var. Mən 20-yə yaxın şair və yazıçının kitablarına rəssam tərtibatı verib, bunların məzmunlu bəzədilməsinə nail olmuşam. Mən həmçinin tarixi abidələrin qorunması və təbliği məqsədi ilə divar təqvimlərinin hazırlanması ilə məşğul olmuşam.

- Siz eyni zamanda, rəssamlıqla bağlı 9 kitab - dərsliyin müəllifisiniz?

- Elədir ki var. Qeyd etdiyiniz kimi, mən 9 kitabın müəllifiyəm. Mən daim işləmək, yaratmaq istəyirəm. Mənim üçün ən yaxşı istirahət işləmək, yaratmaq, çəkmək və qurmaqdır.

- Rafiq müəllim, mən sizə zəngin yaradıcılığınızda yeni-yeni uğurlar arzulayır, gec də olsa, layiq olduğunuz “Əməkdar rəssam” fəxri adına layiq görülmənizi arzu edirəm.

- Çox sağ olun.

Müsahibəni apardı: Çingiz Ələsgərli

Digər xəbərlər