“Yaponiya mədəniyyəti dünya sivilizasiyası kontekstində” mövzusunda respublika kulturoloji seminar
"İrşad" hotelində "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin və Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə "Yaponiya mədəniyyəti dünya sivilizasiyası kontekstində" mövzusunda respublika kulturoloji seminarı keçirilib.
Dövlət qurumlarının, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), ali məktəblərin təmsilçilərinin, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və fondların, xarici ölkələrin Bakıdakı səfirliklərinin, dini təşkilatların nümayəndələrinin dəvət olunduqları tədbiri açan seminarın elmi rəhbəri, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov bu gün iqtisadiyyatda "yapon möcüzəsi"nin bütün dünyanı heyrətləndirdiyi kimi, bu xalqın bəşər sivilizasiyasına əvəzsiz töhfələr verdiyini də diqqətə çatdırıb.
Son illər Azərbaycan-Yaponiya əlaqələrinin yüksələn xətlə inkişaf etməsi respublikamızda "Gündoğar ölkə"nin qədim tarixinə, mədəniyyətinə, incəsənətinə, adət-ənənələrinə marağı daha da artdığı diqqətə çatdırılıb. Bugünkü elmi seminarın da bu maraqdan irəli gəldiyini vurğulayan natiq, tədbirin Azərbaycanda bəşər sivilizasiyasının beşiklərindən sayılan Yaponiyanın qədim tarixini, mədəniyyətini, incəsənətini öyrənmək sahəsində mühüm addım olacağını söyləyib.
Seminarın təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Toşikaru Muto Azərbaycana ilk dəfə 10 il bundan əvvəl - Bakı Dövlət Universitetində (BDU) yapon dilinin tədrisinə yeni başlandığı zaman gəldiyini, elə vaxtdan xalqımızın zəngin tarixinə, mədəniyyətinə, incəsənətinə, adət-ənənələrinə vurulduğunu diqqətə çatdırıb. Diplomat son vaxtlar Azərbaycanda təkcə yapon dilinə deyil, təmsil etdiyi xalqın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, adət-ənənələrinə də böyük maraq göstərilməsindən məmnunluğunu bildirmiş, bunu ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın inkişafının məntiqi nəticəsi kimi qiymətləndirib.
Elmi seminarda AMEA-nın baş elmi işçisi, Azərbaycan Milli Konservatoriyasının müəllimi, filologiya elmləri namizədi, dosent Samirə Mirbağırzadənin "Yaponiya mədəniyyəti", BDU-nun dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədlinin "Yaponiya dövlətçiliyi və mənəvi tərbiyə", İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondu beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadənin "Yapon mədəniyyətinin formalaşmasında türk amili", AMEA-ın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadənin "Orta əsr yapon rəngkarlığı" mövzularında çıxışları maraqla qarşılanıb.
BDU-nun yapon dili müəllimi Minarə Şükürova slaydların müşayiəti ilə "Yapon yazısının xüsusiyyətləri" mövzusunda təqdimat edib. BDU-nun tələbələrinin ifasında master-klass səviyyəsində yapon xəttatlığının təsviri tədbir iştirakçılarının daha böyük marağına səbəb olub.
Elmi seminar çərçivəsində "Yaponiyanın sosial-mədəni inkişaf təcrübəsi və onun Azərbaycanın tərəqqisi üçün əhəmiyyəti" mövzusunda "dəyirmi masa" keçirilib. İşgüzar fikir mübadiləsi və canlı diskussiya şəraitində davam edən "dəyirmi masa"da Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Toşikaru Muto mövzu ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.