“Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” electron kitabının təqdimatı keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, mayın 1-də M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və Prezident Kitabxanasının birgə layihəsi ilə hazırlanan "Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)" elektron kitabın təqdimatı keçiriləcək.
Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin deputatları, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri iştirak edəcəklər.
Kitabın I cildində Prezident İlham Əliyevin Azərbaycan və dünya mədəniyyət xadimləri ilə görüşləri, müxtəlif mədəniyyət müəssisələrində olan zaman çıxış və tövsiyələri, müsahibələri öz əksini tapmışdır.
Kitabın II cildində Prezident İlham Əliyevin mədəniyyət xadimlərinə göndərdiyi təbriklər, mədəniyyət sahəsində imzaladığı fərman, sərəncam və qanunlar, habelə, mədəniyyət, ədəbiyyat, tarixi-mədəni irs və milli-mənəvi dəyərlər haqqında fikirləri verilmişdir. Kitabın hər iki cildində Prezident İlham Əliyevin mədəniyyət sahəsi ilə əlaqədar fotoşəkilləri verilir.
Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, buraxılışa məsul Teymur Mehdiyev, Sevda Məmmədəliyeva, Ədalət Vəliyevdir. Tərtibçilər Lətifə Məmmədova və Mayıl Əhmədovdur. Nəşrin elmi məsləhətçiləri prof Teymur Əhmədov və hüquq elmləri namizədi Əli Eyvazovdur.
Elektron kitabın hazırlanmasında AzərTacın materiallarından istifadə edilib.
"Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)" elektron kitabın bütün oxucuların istifadəsinə təqdim etmək məqsədilə müxtəlif nazirlik, idarə və təşkilatlara, habelə, respublikanın şəhər və rayon kitabxanalarına hədiyyə olaraq veriləcək.
Təqdimat mərasimində "Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)" ikicildlik kitabın hazırlanmasında xüsusi xidmətləri olan mütəxəssislərə, habelə, kitabxana-informasiya sahəsində fəallıq və təşəbbüskarlıqları ilə seçilən respublikanın şəhər (rayon) kitabxanalarının rəhbərlərinə nazirliyin Fəxri Fərmanı da təqdim olunacaq.