PDF Oxu

Mədəniyyət

  • 45 338

Azərbaycan kino sənəti tarixində ən gözəl ana obrazının yaradıcısı

25 oktyabr Nəcibə Məlikovanının doğum günüdür

image

Azərbaycan teatr və kino sənəti tarixində rolları ilə müqayisə olunmayacaq aktrisa Nəcibə Məlikovanın bu gün 25 oktyabr tarixində doğum günüdür. İlk əvvəl kino aktrisası kimi şöhrətlənən aktrisa yaradıcılığının bir qolunu teatr sənəti ilə bağlamışdır. Nəcibə xanım 1921-ci ildə Bakının Buzovna kəndində ziyalı ailəsində doğulub. Onun atası dövrünün ziyalılarından olan Haşım bəy Sağib, dayısı isə Ruhulla Axundov olub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib. Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya gəlib və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.

Adı Azərbaycan sənət tarixində ən gözəl ana obrazının yaradıcısı olaraq əbədiləşib. Son dərəcə gözəl və cazibədar xanım olan Nəcibə xanım qaməti, təbəssümlü sifəti, işıqlı gözləri, qeyri-adi aktyorluq istedadı ilə özünün portretini yaddaşlara həkk edib. Nəcibə Məlikova yaratdığı obrazlara ürəyinin hərarətini verdi, onları sevə-sevə yaratdı. Məhz bu sevgidən yaranan obrazlar illərdir ki, sevilir, məhəbbətlə qarşılanır. Onun rollarını sadalamaqla qurtarmaz. Çünki 50-70-ci illərin teatr repertuarında elə əsər yox idi ki, Nəcibə xanım orada rol almasın. Nəcibə xanım Nərgiz xalanı sevərək yaradıb. O, kənddə yaşasa da, dünyanın gərdişindən baş çıxaran ağıllı qadındır. Nəcibə xanım onun xarakterini məharətlə açır, onu tamaşaçıya məxsusi dəyərləri ilə sevdirir. Demək olar ki, yaratdığı obrazların hər biri müsbət qadın rolları idi.

Kinoda bir mənfi rolu var idisə, o da "Qanun naminə" filmində oynadığı Zərintac obrazıdır. Filmdə, demək olar ki, Nəcibə xanım özünün yeni yaradıcılıq qabiliyyətini üzə çıxardı.

Nəcibə xanım kinoda uğurlu rollar yaradıb. Onların arasında "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.

Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayırdı. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi.

"Ögey ana" filmində yaratdığı Dilarə obrazı yüksək dəyərləri ilə çox sevildi. Mehriban, sədaqətli, mərd, qeyrətli Azərbaycan qadınının prototipi olaraq kino sənətində iz saldı. Mehriban və iradəli Dilarə xanım bütün qadınlar üçün örnək oldu. Deyim ki, Nəcibə xanım bu hissləri yaşayaraq obrazı yaradıb. Öz həyatının izləri filmdə özünü göstərir. Oğlu xatirələrində yazır ki, nənəsi də vaxtilə Nəcibə xanıma, filmdə olduğu kimi, bu sözləri xatırladardı: "Ögey anasan, ona görə ürəyin yanmır". Nəcibə xanımın yerinə kim olsaydı, doğmalıq nədi, tamamilə üz çevirib yalnız öz uşağıyla məşğul olardı - deyə oğlu bildirir: "O isə bütün bunlara dözüb, tab gətirib analığını göstərə bildi. Mən bunları danışdıqca, yəqin, tanış gəlir sizə. Tamamilə doğrudur, "Ögey ana" filmindəki vəziyyət. Burada heç bir təsadüfdən söhbət getmir. Hər şeyi necə varsa, eləcə köçürüblər filmə. Çox cüzi dəyişikliklərlə. Hadisə belə olmuşdu: görkəmli rejissorumuz Adil İsgəndərov ailəmizə yaxın olduğundan, Gəncədə olanda bizim evə gəlib-gedərdi. Hər dəfə də nənəmlə Nəcibənin bu dartışmasına tənə edib deyərdi: "Əşşi, bəsdirin, sizinki oldu kino, gərək deyim, bir film çəksinlər sizdən". Sən demə, bu sözü Adil müəllim elə-belə, söz xatirinə deməyib. Həqiqətən də, filmin ideyasını Həbib İsmayılova o danışıb. Az sonra bizim ailədəki münasibətlər haqda yazılan ssenari əsasında kinorejissor Həbib İsmayılov "Ögey ana" filmini çəkdi. Mən deyərdim, filmdə Nəcibə Məlikova baş rolu yox, özünü oynayıb. Bircə anlığa da olsa, bu rolda başqa aktrisanı təsəvvürə gətirmək istəsəniz, görəcəksiniz ki, mümkün deyil. Ona görə yox ki, başqa aktrisaların belə bir rolu oynamağa gücləri çatmazdı. Ona görə ki, bu rolda mənim ögey, əslindəsə, doğmadan-doğma analığım özünü yaratmışdı, hamımız onu necə tanıyırdıqsa, bu filmi də o cür gördük".

Bəli, keçdiyi ömür yolunu canlandıran aktrisa təbii tərzdə ana obrazını yaratdı. "Ögey ana" ekranlara çıxandan sonra SSRİ-nin bütün şəhərlərindən Nəcibə Məlikovanın adına yüzlərlə məktub ünvanlanıb. Nəcibə xanım gününün çox hissəsini teatrda, çəkiliş meydançalarında keçirdiyindən, məktubların əksəriyyətinə cavabı oğlu yazmalı olurdu: "Məktəbi rusca bitirdiyimdən, bu tapşırığı yerinə yetirmək mənim üçün çətin deyildi. Mənim üçün çətin olan bu ağırməzmunlu məktubları oxumaq idi. Onların əksəriyyətini qadınlar yazırdılar. Mən onları oxuya-oxuya özüm üçün daha bir həqiqəti kəşf elədim. Nə qədər eynitaleli qadınlar var imiş. Onların çoxu, az-az istisnalar olmaqla, bu taleyə davam gətirmirdi. Yüzlərlə məktubda yüzlərlə ailənin dağılmasından söhbət gedirdi. Hətta aralarında intihar həddinə gəlib çatanlar da az deyildi. Məktublar mənim gözümü açdı. Mən bir daha bu qadının, Azərbaycanın xalq artisti Nəcibə Məlikovanın daxilindəki qüvvənin, onun mənəvi qüdrətinin şahidi oldum. O, filmdə deyil, həyatda da bu vəziyyətdən qalib çıxdı. Film xoşbəxt sonluqla bitir. Elə həyat da. Amma filmdən fərqli olaraq, həyat analığım üçün daha ağır oldu. O, sevdiyi əri tərəfindən atıldı. Bütün çətinliklərdən tək çıxmalı oldu. Nə üzündəki nurlu ifadəyə kölgə, nə də əynindəki ağ paltarına ləkə salmadan".

Nəcibə xanım Azərbaycan teart səhnəsində də bir-birindən fərqli, yaddaqalan, alqışlanan rollar yaratdı. Hüseyn Cavidin "Şeyx Sənan"ında (Xumar), "Səyavuş"unda (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu"sunda (Şamama cadu), Cəfər Cabbarlının "Aydın"ında (Böyükxanım), "1905-ci ildə"sində (Sona), "Sevil"ində (Edilya), Mirzə İbrahimovun "Həyat"ında (Atlas), "Kəndçi qızı"nda (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda"ında (Qönçə), "Qəribə oğlan"ında (Məlahət), Nəbi Xəzrinin "Əks-səda"sında (Zərifə), "Mirzə Şəfi Vazeh"ində (Zübeydə), Səməd Vurğunun "Vaqif"ində (Xuraman), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" əsərində (Məlahət), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri"ndə (Şölə xanım və Ziba xanım), Aleksandr Ostrovskinin "Cehizsiz qız"ında (Oqudalova), Fridrix Şillerin "Orlean qızı"nda (Aqnessa), Lope de Veqanın "Sevilya ulduzu"nda (Estrelya) və digər pyeslərin tamaşalarında çıxış edib.

Nəcibə Məlikovanın yaradıcılıq fəaliyyəti dövlət tərəfindən yüksək qiymətdəndirilib. Belə ki, ona 1959-cu ildə əməkdar artist, 1974-cü ildə xalq artisti fəxri adları verilib.

Bakıda 6 iyul 1992-ci ildə vəfat edən Nəcibə Məlikova ikinci Fəxri Xiyabanda dəfn olunub.

ZÜMRÜD

Digər xəbərlər