PDF Oxu

Mədəniyyət

  • 54 977

Ritorika haqqında yeni nəşr

image

Zəngin ədəbiyyat nümunələrindən istifadə edilərək və beynəlxalq təcrübəyə əsaslanaraq ərsəyə gətirilən yeni bir kitabla - "Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika" adlı dərs vəsaiti ilə oxucularının görüşünə gələn Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dosenti Fikrət Şiriyevin bu fundamental əsərinin elmi redaktorları akademik Vasim Məmmədəliyev, professor Sənubər Abdullayeva, rəyçiləri professor İkram Qasımov, dosent Yaşar Məmmədli, dosent Fikrət Əlizadədir.

Kitab, giriş, doqquz fəsil, əlavələr və nitq mədəniyyətinə aid nümunələr bölməsindən ibarətdir.

Antik dünyada, orta əsrlərdə, intibah və maarifçilik dövrlərində ritorikanın, natiqlik ustalığının tarixinin, antik ritorikanın əsas nəzəri nailiyyətlərinin, eləcə də Azərbaycanda ritorika haqqında bilgilər sisteminin öyrənilməsi tarixinin araşdırıldığı birinci fəsildə həm də natiqlik sənətinin sosial hadisə olması, bunun sosial əsası, natiqlik sənəti və siyasət, onun tarixi hadisə olması, natiqlik sənətinin növləri təhlil edilir.

"Nitq" termininin mənalarından bəhs edərkən müəllif bunun üç mənasını qeyd edir: 1) nitq fəaliyyəti proses kimi; 2) nitq məhsul, yaxud yazılı və ya şifahi mətn kimi; 3) natiqlik janrı. "İnsanın daxili aləmi tamamilə, yaxud qismən nitqdə əks olunur: bu - nitq, məntiqi düşüncə, emosiyalar, intuisiya və təxəyyül, dəyərlər və əxlaq dünyası, özünütəhlil və özünüqiymətləndirmə, nəhayət inam dünyasıdır və bütün bu zənginliklər və əlvanlıq daxili və xarici nitqlə onun mədəniyyəti ilə bağlıdır" - fikrinin yer aldığı ikinci fəsildə, həmçinin nitq fəaliyyəti mədəniyyətinin ünsürləri, təfəkkür mədəniyyəti, təfəkkürün formaları nitqin məntiqi, anlayış, hökm, əqli nəticə, nitq norması, nitq mədəniyyəti və onun meyarları, nitq üslubları və nitq mədəniyyətinin növləri, nitq etiketi, onun formaları, etiketin milli xüsusiyyətləri şərh olunur.

Üçüncü fəsildə ünsiyyət (kommunikasiya) ritorikasından danışılır. Burada ünsiyyət prosesi, ünsiyyət vasitələri, həmsöhbətlərin tipləri, əlaqələrin yaradılması metodikası və onun mərhələləri diqqətə çatdırılır.

Nitqin forma və janrlarından (IV fəsil) danışan müəllif şəxsiyyətlərarası ünsiyyətin formalarından bəhs edərək onların ən əsasının dialoq və monoloq olduğunu göstərir. Bu fəsildə klassiklərdən Aristotelin K.Menqin, N.Bezmenovanın, M.Baxtinin, Q.Qraysın, V.Boqdanovun, Siseronun, M.Lomonosovun və başqalarının fikirlərinə geniş yer ayrılmış, monoloq və monoloji nitqin əsas növləri: informasiya verən nitq, nəqletmə, məruzə, improvizə, inandırıcı nitq, məhkəmə nitqləri, fəaliyyətə səsləyən nitq, ruhlandırıcı nitq geniş təhlil edilmişdir.

Eləcə də bu fəsildə ünsiyyət prosesinin ritorik əsasları, natiq obrazı şəxsiyyətin keyfiyyətlər sistemi kimi bölmələrdə qeyd olunur ki, danışan şəxsin keyfiyyətləri, xeyirxahlıq və səmimiyyəti dinləyicilərdə müsbət qiymətləndirilir və bu, nitqin təsirliliyini artırır.

Yaranış mərhələsində ritorik fəaliyyət, çıxışın kompozisiyası, materialın yerləşdirilməsi mərhələsində ritorik fəaliyyət, giriş və çıxışın növləri, çıxışın nitq tərəfi, kütlə qarşısında çıxışın üslubunun seçilməsi, dinləyicilərə nitq təsirinin növləri, nitqin obrazlılığı və emosional ifadəliliyi, burada ritorik məcaz anlayışı, kitabın V fəslində araşdırılır və qeyd olunur ki, natiqin söylədiyi ifadənin dərk olunması fikir dilindən söz dilinə özünəməxsus tərcümə, onun qarşı tərəfdən başa düşülməsi isə, əksinə, söz dilindən fikir dilinə tərcümədir.

Kitabın VI fəslində kütlə qarşısında nitq, ümumi ritorik qanunlar, kütlə qarşısında çıxışın ümumi qaydaları, nitqin əsas və faktiki vasitələrindən danışılır. Müəllif bu fəsildə gəldiyi qənaəti belə ümumiləşdirir: natiqin çıxışa hazırlığı nə qədər sanballıdırsa, onun nitq yaratma aktı o qədər canlı və sərbəst olacaqdır.

VII fəsildə nitq texnikası və onun komponentləri, natiqin xarici görünüşü, davranış tərzləri tədqiq olunur, natiqin xarici görkəmindəki ən yaxşı xüsusiyyətin dürüstlük olduğu vurğulanır, qeyd olunur ki, natiqlik davranışlarının ayrılmaz hissəsini sərbəstlik, canlılıq, inamlılıq və dostyana intonasiya təşkil edir.

Şifahi nitq, polemika hazırlığı, çıxışa hazırlıq, çıxış zamanı davranış, nitqin kompozisiya quruluşu, çıxışdan əvvəl gərəkli qaydalar, diskussiya, diskussiyanın strotegiyası və ona verilən tələblər, əsaslandırma taktikası, onun fəndləri və üsulları, mübahisənin əxlaq kodeksi, əsaslandırmanın ritorik aspekti, şifahi nitq bacarıqlarının təkmilləşdirilməsi kimi məsələlər VIII fəsildə oxucuların diqqətinə çatdırılır və maraqlı tövsiyələr verilir.

İşgüzar ritorika, işgüzar ünsiyyət mədəniyyəti, işgüzar ünsiyyətin növləri, işgüzar ünsiyyətin idarə edilməsi, işgüzar söhbət və ona verilən əsas tələblər xidməti nitq etiketi kimi məsələlərin yer aldığı bu fəsildə müəllifin maraqlı qənaətləri diqqəti çəkir: "Ritorika auditoriyaya istənilən təsiri göstərməyi bacarmaq üçün kütlə qarşısında çıxışlara hazırlıq və bu çıxışların söylənilməsi qanunlarını şərh edən elm sahəsidir.

Bu kitabı ənənəvi dərslik və dərs vasitələrindən fərqləndirən bir cəhət də burada müəllif tərəfindən "Son söz əvəzi" başlığı altında verilən tövsiyələrdir. Həmçinin kitabda "Əlavələr" başlığı altında nitq mədəniyyətinə aid klassiklərdən olan maraqlı nümunələrin yer alması da diqqətçəkəndir.

Kitabı daha oxunaqlı və maraqlı edən bir nüansı da oxucuların diqqətinə çatdırmaq istərdik. Bu da kitabda ritorikaya dair terminlər lüğətinin verilməsidir. Məlumdur ki, belə lüğətlər fənnin mənimsənilməsind ən vacib elementlərdəndir.

Kitabdan ali məktəblərin tələbələri ilə yanaşı, gözəl danışmağın nəzəriyyə və ustalığına yiyələnmək istəyən geniş oxucu auditoriyası da yararlana bilər. Bu təyinatı müəllif, filologiya üzrə fəlsəfə doktoru, dosent Fikrət Şiriyev belə yekunlaşdırır: "...natiqlik təkcə xüsusi qabiliyyətlərdən - vergi və istedaddan yox, həm də insanın əməksevərliliyindən, məqsədyönlülüyündən asılıdır, deməli, öyrənmək istəyən hər kəs üçün tamamilə əlçatandır".

Şəhla Tahirqızı,

dosent, filologiya üzrə fəlsəfə doktoru

1

Digər xəbərlər