PDF Oxu

Mədəniyyət

  • 5 173

Bəşir Səfəroğlu – 90

image

Azərbaycan səhnəsinin böyük gülüş ustası

44 il ömür sürən Bəşir Səfəroğlunun sənət hekayəti maraqlı məqamlarla yadda qaldı və Azərbaycan teatr və kino salnaməsinin ən parlaq səhifələrindən birinə həkk olundu. Sənətinin fədaisi olan Bəşir Səfəroğlu ali təhsil ala bilməsə də teatra, kinoya olan sonsuz marağı, fitri istedadı əbədi sənət hekayəsinin açarına çevrildi. Bu gün onun sənəti yetişən nəsil üçün bir örnək və məktəbdir.

Həyatın bütün məşəqqətlərinə baxmayaraq, o, heç vaxt nikbinliyini itirmədi. Tərcümeyi-halından oxuyuruq. 1925-ci ildə Bakıda doğulan Bəşir Səfəroğlu yeddi illik təhsilini doğulduğu məkanda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşlarından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb. 1941-ci ilin axırlarında Böyük Vətən müharibəsi illərində cəbhəyə yollanan Bəşir Səfəroğlu 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Yaradıcılıq ehtirası ilə çırpınan Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

O, Üzeyir və Zülfüqar Hacıbəylinin klassik operettaları, çağdaş yerli və əcnəbi dramaturqların əsərlərində müxtəlif səpkili zəngin obrazlar qalereyası yaratdı. Ötən əsrin 60-cı illərin ortalarında Dövlət Filarmoniyasında "Gəlməli, görməli, gülməli" miniatür teatrının aparıcı üzvlərindən biri Bəşir Səfəroğlu idi. Dərin fəlsəfi yumoru, satirasının kəskinliyi və gözlənilməz aktyor fəndlərilə çox qısa zamanda fenomenal şöhrət, böyük tamaşaçı məhəbbətini qazandı. "Azərbaycanfilm"lə yanaşı, keçmiş SSRİ məkanında çəkilən bir sıra filmlərə dəvət aldı.

Bəşir Səfəroğlunun rolun səhnə həllinə, qəhrəmanların sözlərinə münasibətdə fərqli mövqeyi vardı. Məsələn, o, hər kəlməni müxtəlif intonasiyalarla məna dəyişiminə məruz qoyurdu. Bəşir qəhrəmanın vəziyyətinə psixoloji zəmindən yanaşırdı. O, qəhrəmanın xarakterini və vəziyyətinin komikliyini açırdı. Onun öz obrazlarına münasibəti ciddi və bütöv idi. Nadan professora da, bürokrat Murtuzova da, səfeh polis rəisinə də ciddi məntiqlə yanaşırdı. Aktyor öz qəhrəmanlarının psixologtyasını, düşüncə xəttini müəyyən edirdi.

Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları hər kəsin yadındadır. "Beş manatlıq gəlin"də Möhsün, "Məşədi İbad"da Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad, "Ulduz"da Qədir və Gülümsərov, "Gözün aydın"da Səlyanski və Qəhrəman, "Hacı Qara" və ya "Mərdi-xəssis"də "Xəsis"də Ohan yüzbaşı və Hacı Qara, "Hacı Kərimin Aya səyahəti"də Hacı Kərim və onlarla belə rollarında istedadının hərtərəfli imkanlarını büruzə verirdi.

Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd hardadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını ifa edib.

Qeyd edək ki, 1965-ci ilin yay aylarında "Mosfilm"in rejissoru Tacikistanda Xoca Nəsrəddin haqqında film çəkməyə hazırlaşır. Baş rola Bəşir Səfəroğlu dəvət edilir. Filmdə əsas aparıcı obraz Xoca Nəsrəddindir. Müəllif bir-biri ilə bir o qədər də bağlılığı olmayan epizodları, hadisələri, müəllifləri vahid xətdə - Xoca Nəsrəddinin vasitəsilə birləşdirməyə çalışmışdır. Tamaşaçılar filmi yaxşı qarşıladılar.

Xoca Nəsrəddin rolu ümumittifaq miqyasa çıxdığı bir vaxtda tale Bəşir Səfəroğlunun üzünə gülmədi. O, sağalmaz bir xəstəliyə xərçəngə düçar olunmuşdur.

Qeyd edək ki, sənət uğurlarına görə Bəşir Səfəroğlu 29 iyun 1964-cü ildə Azərbaycanın əməkdar artisti, 25 iyun 1968-ci ildə xalq artisti fəxri adları verilib. Bəşir Səfəroğlu xalq artisti adını alandan sonra cəmi 7 ay yaşadı. Ağrılar içində ömür sürən aktyor ömrə vida etmək istəməsə də… Bir aktyor ömrünün maraqlı görüşlərinə son qoyuldu.

Bəşir Səfəroğlu Bakıda, 44 yaşına dünyasını dəyişdi. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.

Bu gün böyük aktyorun obrazları yaşayır, xatırlanır. Qızı Afaq xanım yaşayır, atasından sonra yeri boş qalan səhnəni doldurmaq amalı ilə maraqlı obrazlar yaradır. Atasının adını və sənətini yaşadır. Hər dəfə Azərbaycan kino və teatr səhnəsindən söz düşərkən istər-istəməz komik obrazlar yaradıcısını mimika və jestləri göz önümüzdə canlanır.

ZÜMRÜD

Digər xəbərlər