PDF Oxu

İqtisadiyyat

  • 5 898

Neft sənayesinin canlı əfsanəsi

Neft sənayesinin canlı əfsanəsi

Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində böyük əməyi olan Xoşbəxt Yusifzadə mənalı ömrünü sevdiyi və bağlandığı sənətinə həsr edərək böyük həyat hekayəsini yaratmışdır. Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərmiş, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilib istismara verilmişdir. Tanınmış neftçi-alim və geoloq Xoşbəxt Yusifzadə neft və qaz sənayesinin aktual problemlərinin həllinə dair araşdırmaları ilə daim diqqətdə olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, Xoşbəxt Yusifzadə həm sovet dövründə, həm də müstəqillik dövründə Azərbaycan xalqı naminə, Azərbaycanın inkişafı yolunda böyük işlər görüb, böyük töhfələr verib. Neft-qaz yatağının kəşf edilməsində bilavasitə iştirak edən Xoşbəxt Yusifzadə bir çox kəşfiyyat işlərinə rəhbərlik edib və o yataqlar arasında "Azəri", "Çıraq" və "Günəşli" xüsusi yer tutur. "Azəri-Çıraq-Günəşli"nin müstəqillik dövründə işlənilməsi tarixi hadisədir", - deyən dövlət başçısı bildirib ki, bugünkü Azərbaycanın inkişafını "Azəri-Çıraq-Günəşli"siz təsəvvür etmək mümkün deyil: "Bu yatağın işlənilməsi və yataqdan hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yatağının kəşf edilməsi və işlənilməsi doğrudan da tarixi hadisədir". Bildiyimiz kimi, artıq yatağın işlənilməsi müddətinin uzadılması da təmin edilib və bu yataq 2050-ci ilə qədər istismarda olacaqdır.

Zəngin bir yol keçən Xoşbəxt Yusifzadə gənc yaşlarından bu sənətin yolçusu olub. 1947-ci ildə orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı "Dövlətxüsusineftlayihə" kontorunda başlamış, lakin az sonra o vaxt təzə təşkil olunmuş "Dənizneft" Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ilin mart ayında "Gürganneft" trestinin (indiki "Neft Daşları" NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmiş və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi tanınmışdır. X.Yusifzadə 1958–1959-cu illərdə "Neft Daşları" Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959–1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləmişdir.
1960-cı ildə o, Sov.İKP-nın XXII qurultayı adına neft mədənləri idarəsi rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışmışdır. 1963-cü ildən 1970-ci ilədək "Başdənizneft" İdarəsində baş geoloqun müavini - şöbə rəisi, "Dənizneft" İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi - baş geoloqun müavini olmuşdur. 1992–1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994–2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır.
DƏNİZ NEFT-QAZ YATAQLARININ İŞLƏNİLMƏSİNİN NƏZƏRİ ƏSASLARI HAZIRLANDI
1960-cı ildə "Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda "Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-ci ildə ona "Professor" elmi adı verilmişdir. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən "Azəri-Çıraq-Günəşli" (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, "Əşrəfi" (1998-ci il), "Qarabağ" (1998-ci il), nəhəng "Şahdəniz" (1999-cu il), iri "Abşeron" (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı "Ümid" yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuşdur.
X.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri bu məşhur alimin və görkəmli istehsalat təşkilatçısının nəşr olunmuş 188 elmi əsərində, o cümlədən 12 monoqrafiyasında və 8 ixtirasında öz əksini tapmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanmış və həyata keçirilmişdir. Elmi fəaliyyəti sahə elmi-tədqiqat və layihə təşkilatları ilə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) institutları ilə bağlı olmuş, birgə tədqiqatların nəticələri istehsalatda müvəffəqiyyətlə tətbiq edilmişdir. X.Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki kimi yüksək elmi naliyyətləri adına həkk edib.
GƏMİYƏ HƏYATDA OLAN ŞƏXSİN ADI VERİLDİ
Onu fəaliyyəti yüksək qiymətini almış və bir çox dövlət mükafatlarına layiq görülmüşdür. Belə ki, "Heydər Əliyev" ordeni, "İstiqlal" ordeni, "Şərəf" ordeni, "Şöhrət" ordeni, 1-ci dərəcəli "Əmək" ordeni, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı, Nizami Gəncəvi adına Qızıl medal və s. mükafatlarının daşıyıcısıdır. Bu günlərdə isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan "Akademik Xoşbəxt Yusifzadə" tankeri istismara verildi. Azərbaycanın dəniz nəqliyyatı tarixində 1957-ci ildən sonra ilk dəfədir hər hansı bir gəmiyə həyatda olan şəxsin adı verilir. Bu da ölkəmizin neft sənayesinin canlı əfsanəsi, görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə diqqət və qayğının, eləcə də böyük hörmətin göstəricisidir. Tankerə bu ad 2020-ci il yanvarın 15-də Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin əlavə tədbirlər haqqında imzaladığı Sərəncama əsasən verilib. Azərbaycan Prezidenti İlham Əliyev tankerin istismara verilməsi mərasimində iştirak etdi. Uzunluğu 141, eni 16,9 metr olan "Akademik Xoşbəxt Yusifzadə" tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur. Tankerin inşasına 2019-cu ilin avqustunda başlanılmış və tanınmış dünya istehsalçılarının avadanlıqları quraşdırılmııışdır. Xatırladaq ki, yeni tanker Bakı gəmiqayırma zavodunda inşa olunan 4 tankerdən üçüncüsüdür. Bundan əvvəl istismara verilən "Laçın" (2019-cu il, dekabr) və "Kəlbəcər" (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, "Akademik Xoşbəxt Yusifzadə" ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür. Gəminin suya oturumu ASCO-nun digər tankerləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Rusiyanın su kanalları ilə Xəzərdən kənara yük daşımağa imkan yaradır.
"BU, SİZİN TƏKCƏ MƏNƏ YOX, BÜTÜN NEFTÇİLƏRƏ OLAN HÖRMƏTİNİZDİR"
Xoşbəxt Yusifzadə bu tankerin istifadəyə verilməsini xüsusi olaraq qiymətləndirərək belə deyib: "Mən həyatımı neçə illərdir dənizdə qoymuşam. Mən Sizə çox təşəkkürümü bildirirəm. Hörmətli Prezident, doğrudan da mənə böyük qiymət verdiniz, doğrudan da mənə çox böyük bir hədiyyə etdiniz. Bu, Sizin təkcə mənə yox, bütün neftçilərə olan hörmətinizdir. Ümumiyyətlə, Siz o vaxtlar elə bizimlə on il bir yerdə işləmisiniz. Prezident olandan sonra da elə gözünüz bizim üstümüzdədir. Bizim bütün nailiyyətlərimiz Sizinlə bağlıdır. Siz hamısı ilə fərəhlənirsiniz, bizə də diqqət yetirirsiniz. Mən Sizə onu da deyim ki, cənab Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndən sonra bütün sahələrlə maraqlandı, hər yerlə, bizim neftçilərlə də maraqlandı. O vaxt dənizin dərinliyi 40 metr olan bütün sahələrində yataqlar kəşf olunmuşdu. Amma gəmiçilikdə gəmilər yox idi, az bir müddətdə 400-dən artıq gəmi aldı, kran gəmiləri, yükdaşıyan gəmilər. Bunların hamısı indi adları dünyada məşhur olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının kəşf olunmasına imkan verdi. Doğrudan da cənab Heydər Əliyev sanki, neçə il öncə gələcəyi görürdü. Doğrudan da böyük işlər gördü".
"ƏGƏR O KONTRAKT İMZALANMASAYDI BİZİM GƏLİRLƏRİMİZ OLMAYACAQDI"
Prezident İlham Əliyev 1970-ci illərdə Azərbaycan neft sənayesinin yeni dövrü başladığını qeyd edərək, Heydər Əliyevin təşəbbüsü nəticəsində Azərbaycanda Xəzər dənizində neft-qaz yataqlarının işlənməsinə yeni təkan verildiyini bildirib: "Məhz Heydər Əliyevin təşəbbüsü ilə və deyə bilərəm ki, təkidi ilə Dərin özüllər zavodu inşa edilmişdir. Hansı ki, o vaxt Həştərxanda planlaşdırılırdı. O, ondan xəbər tutdu, sovet hökumətinin yüksəkvəzifəli şəxslərinə müraciət etdi və sübut etdi ki, bu, Dərin özüllər zavodunun tikilməsi üçün ən məqbul yer Bakıdır, Azərbaycandır. Nə üçün? Çünki Xəzərin bütün neft-qaz sənayesinin mərkəzi bura idi və buna nail oldu. İndi siz də yaxşı xatırlayırsınız ki, biz "Əsrin kontraktı" üzərində işləməyə başlayanda bu Dərin özüllər zavodunun bizdə olmasının nə qədər böyük əhəmiyyəti var idi. Çünki əgər bu zavod olmasaydı, bizim bütün kontraktlarımızın icrası bəlkə də 5-10 il gecikə bilərdi. Yəni, o vaxt bunu etdi və müstəqillik dövründə Heydər Əliyev neft strategiyasının icraçıları kimi biz sizinlə "Əsrin kontraktı" üzərində digər yoldaşlarla bərabər işləmişik və o günləri də həmişə xatırlayırıq. Bu gün inkişaf edən, güclənən Azərbaycanın təməli məhz o vaxt qoyuldu. Əgər o kontrakt imzalanmasaydı bizim gəlirlərimiz olmayacaqdı. Gəlir olmayan yerdə hər hansı bir inkişafdan söhbət gedə bilməz".
Dünyada postpandemiya, geosiyasi təlatümlər, münaqişə ocaqları və iqtisadi-maliyyə böhranının yaratdığı problemlər fonunda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafı tam təmin olunur. Bu gün Azərbaycan strateji əhəmiyyətə malik məhsulları özü istehsal edir. Bakıdakı zavodlarda gəmilərin istehsalı, o cümlədən "Akademik Xoşbəxt Yusifzadə" tankerinin inşa olunaraq istismara verilməsi bunun təzahürüdür.
Bu cür mühüm əhəmiyyətə malik istehsalın ölkəmizdə təmin olunması iqtisadi qüdrətimizi və Azərbaycanda həyata keçirilən böyük sosial-iqtisadi infrastruktur layihələrinin ardıcıl şəkildə davam etdiyini göstərməklə yanaşı, gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsi ilə bağlı görülən işlərin həcmini aydın şəkildə nümayiş etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər