İqtisadiyyat

  • 7 542

Qlobal su böhranına hazırlıq üçün son anda atılmış addım – ANALİZ

image

Su sahəsində vahid idarəetmə orqanının yaradılması bu sahədə inqilabi dəyişikliyin baş verməsinə gətirib çıxaracaq

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin imzaladığı "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanda Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib. Dövlət başçısının sərəncamı ilə, bunadək Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsində işləyən Zaur Rauf oğlu Mikayılov yeni yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Müəyyən edilib ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Bu fərman çox böyük strateji əhəmiyyətə malikdir. Uzun illərdir ki, su təsərrüfatı sistemində pərakəndəliyin aradan qaldırılması üçün bu sahədə mərkəzləşmiş vahid dövlət orqanının yaradılmasını təklif edirdik. Çünki, dünyada quraqlıq və istiləşmə prosesi davam edir və su böhranı güclənir. Bu səbəbdən də, su təsərrüfatının qaydaya salınması və gözlənilən böhrana hazır olmaq üçün bəzi tədbirlərin həyata keçirilməsi vacibdir.

Dövlət başçının su təsərrüfatının effektiv idarə edilməsi, su ehtiyatlarından sımərəli istifadə, yeni su mənbələrinin yaradılması ilə bağlı fərman və sərəncamları var. Bu istiqamətdə xeyli işlər də görülüb. Su anbarlarının tikintisi, çox sayda artezianların qazılması və s. Lakin bunlar problemin miqyasına adekvat deyil.

Dövlət büdcəsindən və kənar fondlardan ən çox vəsait alan təşkilat Azərsudur. Buna baxmayaraq, bu sahədə ciddi naliyyətlər əldə edə bilməyib. Əksinə, bu sahədə vəziyyət bir qədər də çətinləşib. Əgər burada vahid, düzgün və effektiv idarəetmə olsa, su problemini kökündən həll etmək olar.

Beynəlxalq ekoloji və iqtisadi araşdırma mərkəzlərinin proqnozuna görə qarşıdan qlobal quraqlıq və su çatışmazlığı gəlir. Bunun nəticəsində ciddi ərzaq qıtlığı yaranacaq. Belə bir vəziyyətdə isə su ehtiyatları çox olan ölkələr vəziyyətdən çıxa biləcək. Azərbaycan əhali sayına nisbətdə su ehtiyatlarının az olduğu ölkələrdəndir.

Azərbaycanda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir. Yerli su ehtiyatlarına gəlincə, ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr yerli su ehtiyatı var ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kvadrat kilometrinə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir.

Dünyanın 170 ölkəsi arasında daxili su ehtiyatlarının əhali və əraziyə adekvatlığına görə Azərbaycan 140-cı yerdədir ki, bu da çox təhlükəli vəziyyət deməkdir. Azərbaycanın su mənbələrinin təxminən 70 faizinin ölkə sərhədlərindən kənarda formalaşır. Qlobal su böhranı yarandıqda qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir.

Son vaxtlar yerüstü su mənbələrində ciddi azalma müşahidə olunur. Qabaqlayıcı tədbirlər görülməsə, həm içməli su, həm də suvarmada ciddi problemlər yarana bilər. Bu isə dolayı yolla ərzaq istehsalının kəskin aşağı düşməsinə, ərzaq qıtlığı və bahalaşma yaranmasına səbəb ola bilər.

Bununla bağlı ciddi strateji proqram hazırlanmalı və təcili icrasına başlanmalıdır. Su israfının qarşısı alınmalı, suyun bölüşdürülməsinin uçotuna şəffaf və mükəmməl nəzarət sistemi olmalıdır- həm dövlət, həm də qeyri-hökumət təşkilatları və media tərəfindən. Su anbarlarının və artezian qurğularının sayı sürətlə və kəskin artırılmalıdır.

Ərzaq sənayesinə aid olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Bu sahələrə texniki suyun verilməsi təmin olunmalıdır. Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə, iaşə müəssisələrinə və idarələrə yönəldilməlidir. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.

Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, sənaye müəssisələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun. Məlumata görə, artıq bu sahədə işlərə başlanılıb.

Kəndlilərə artezian quyusu qazdırmaq üçün imkan yaradılmalı, bunun üçün onlara faizsiz kredit verilməlidir. Bu halda əkinçilər yayda quraqlıq yarananda həmin artezianlar vasitəsilə təsərrüfatlarını məhv olmaqdan, özlərini isə müflis olmaqdan xilas edə bilərlər.

Vəziyyət hələlik, qənaətbəxş deyil. Amma avantajımız da var. Azərbaycanın su resurslarının çox əhəmiyyətli bir hissəsi (təxminən 30 faizi), həm təbii çaylar, göllər, həm də süni yaradılmış su anbarları işğaldan azad olunmuş Qarabağ bölgəsindədir. Bu regionda yağıntının miqdarı yüksək, çaylar bolsulu və güclü axınlıdır. Bulaqlar çoxdur. Üstəlik, kiçik təbii göllər və böyük süni su anbarları da var. Belə ki, Xudafərin, Qız Qalası, Sərsəng və Suqovuşan su anbarları çox nəhəng tutuma malikdirlər. Bu su ehtiyatı ilə 15-20 rayonda, çox böyük torpaq sahələrində aqrar sektorun suvarma məsələsi və əhalinin içməli su ilə təminatı həll oluna bilər. Lakin yeni su ehtiyatları əldə etməyimiz bizi heç bir halda arxayın salmamalıdır. Sudan qənaətlə istifadə prioritet olmalıdır. Bir sıra ölkələr gözlənilən su böhranı ilə bağlı strateji planlar hazırlayır və icra edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev keçirdiyi müşavirələrdə bu problemə toxunub, tapşırıqlarını verib. Lakin su təsərrüfatına cavabdeh dövlət orqanları bu tapşırıqları yerinə yetirə bilməyib. Ciddi dəyişiklik hələ ki, yoxdur. Ölkənin içməli su ehtiyatları yenə də istismar edilir, su itkisi 30-40 faizə çatıb. Yerüstü su ehtiyatlarını artırmaq mümkün deyil, təzədən çay yaradası deyilik, dəniz yaradası deyilik. Lakin yeraltı su hövzələrindən bəhrələnməklə və mövcud su ehtiyatlarından qənaətlə istifadə etməklə su böhranının qarşısını almaq olar.

Bundan başqa, hökumət sahibkarlara, fermerlərə kiçik kreditlər verə bilər- su çənlərinin qoyulması, kiçik su anbarlarının tikilməsi, artezian quyularının qazılması, damcılı suvarma sistemlərinin qurulması üçün. İçməli sudan texniki məqsədlərlə istifadə qadağan edilməlidir. Bunun üçün də gərək sahibkarlıq subyektləri, iaşə obyektlərinə texniki suyun verilməsi təmin edilsin.

Ümumiyyətlə, su sistemində çox ciddi və kompleks tədbirlərin görülməsi vacibdir. Ölkəmizin ərzaq təhlükəsizliyi də birbaşa bundan asılıdır. Ümid edirik ki, yeni yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu sahədə ciddi dönüş yaradacaq, ölkəmizin su və ərzaq təhlükəsizliyinin təmin edilməsinə, əhalinin təmiz içməli su ilə təmin olunmasına töhfə verəcək.

Elçin Bayramlı

Digər xəbərlər