“Artıq üç ildir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri davam edir. Kənd Təsərrüfatı Nazirliyinin azad olunmuş ərazilərdə gördüyü işlər bir neçə istiqaməti əhatə edir. Bunun birincisi artıq başa çatmış bir istiqamətdir. Söhbət Zəngilan rayonunda inşa olunan “Ağıllı kənd”dən gedir ki, layihə tam şəkildə başa çatdırılıb və digər dövlət qurumları ilə birlikdə həmin ərazilərə vətəndaşların qayıdışı təmin edilib”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib.Onun sözlərinə görə, orada istər infrastrukturun qurulması, istərsə də məşğulluğun həlli məsələləri tam olaraq realizə olunub: “Kənd Təsərrüfatı Nazirliyinin azad olunmuş ərazilərdəki əsas istiqamətlərindən biri yaylaqlara, xüsusilə də Kəlbəcər və Laçın yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi ilə bağlıdır. 2021-ci ildə ilk dəfə olaraq qərar qəbul edildikdən pilot layihə çərçivəsində az miqdarda da olsa həm qoyunçuluq, həm də arıçılıq təsərrüfatlarının köçürülməsini təmin etdik”.Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, məqsəd həm iqtisadi səmərəliliyi ödəmək, həm də fermerlərimizin azad olunmuş ərazilərdə davranış qaydaları monitorinqinin aparılmasından ibarət idi: “Birinci il müsbət nəticələrlə yekunlaşdığına görə artıq ötən il genişmiqyaslı köç prosesinə start verildi. Kəlbəcər və Laçın yaylaqlarına, o cümlədən, Qubadlı, Xocavənd və Cəbrayıl rayonu ərazisinə təsərrüfatların köçürülməsi həyata keçirildi. Sentyabr ayının sonlarında proses tam başa çatdı. Bu il artıq üçüncü ildir ki, biz Kəlbəcər və Laçın yaylaqlarına təsərrüfatların köçünə başlamışıq. Əvvəlki illərdən fərqli olaraq bu il köçün yekun tarixini açıqlamamışıq. Fermerlərə müraciət etmişik ki, kim təsərrüfatlarını köçürmək istəyirsə, yerləşdikləri rayon üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edib qeydiyyatdan keçə bilərlər. Qeydiyyat bizim elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə aparılır”.
Müəllif: Ləman Əlizadə
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...